bp: Cənub Qaz Dəhlizinin tam yüklənməsi üçün hər il 1-2 kəşfiyyat quyusu qazılmalıdır İqtisadiyyat

bp: Cənub Qaz Dəhlizinin tam yüklənməsi üçün hər il 1-2 kəşfiyyat quyusu qazılmalıdır

Azərbaycanın mövcud qaz ixrac infrastrukturunun tam yüklənməsi üçün Xəzərdə kəşfiyyat işlərinin sürətləndirilməsinə ehtiyac var.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə yeraltı ehtiyatlar (Subsurface) üzrə vitse-prezidenti Dan Sparkes deyib.

Onun sözlərinə görə, Xəzərdən İtaliyaya uzanan qaz kəmərləri və Aralıq dənizinə çıxışı təmin edən neft kəmərləri son illərdə daha da strateji əhəmiyyət qazanıb.

Dan Sparkes bildirib ki, bp mövcud qaz və neft ixrac marşrutları üzrə əlavə həcmlərin təmin olunması üçün imkanlar müəyyən edib.

“Bu gün həmin kəmərlərin dəyəri əvvəlkindən daha yüksəkdir. Dünyada baş verən hadisələr fonunda onların strateji əhəmiyyəti artmaqda davam edir”, – deyə o qeyd edib.

bp rəsmisinin sözlərinə görə, mövcud qaz infrastrukturunun tam yüklənməsi və hətta nəql həcmlərinin artırılması üçün yeni layihələrə ehtiyac var.

“Bunun üçün demək olar ki, hər il ‘Qarabağ’ və ya ‘Abşeron’ miqyasında bir layihənin təsdiqlənməsi lazımdır. Həmin layihələri ehtiyatlarla təmin etmək üçün isə Xəzərdə hər il bir və ya iki kəşfiyyat quyusu qazılmalıdır”, – deyə Dan Sparkes vurğulayıb.

Onun sözlərinə görə, Xəzərdə kifayət qədər resurs potensialı mövcuddur, lakin bu potensialın reallaşdırılması üçün kəşfiyyat işlərinin və investisiya qərarlarının sürətləndirilməsi vacibdir.

“Resurslar mövcuddur. Sadəcə daha çox kəşfiyyat aparmalı və layihələri daha sürətlə investisiya mərhələsinə çatdırmalıyıq”, – deyə bp rəsmisi əlavə edib.