bp: Yeni texnologiya “Şahdəniz”də əlavə qaz ehtiyatlarının hasilatına imkan verəcək İqtisadiyyat

bp: Yeni texnologiya “Şahdəniz”də əlavə qaz ehtiyatlarının hasilatına imkan verəcək

bp “Şahdəniz” yatağında mürəkkəb quyuların qazılması və ehtiyatların daha səmərəli mənimsənilməsi üçün yeni texnologiyaların tətbiqini genişləndirir.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

Onun sözlərinə görə, texnologiya yalnız düzgün yanaşma və ixtisaslı insan resursları ilə birləşdirildikdə real nəticə verir.

C.Kristofoli bildirib ki, “Şahdəniz”də qazılan yeni quyular sənayedə ən mürəkkəb quyular sırasındadır. Bu səbəbdən şirkət ilk dəfə olaraq yataqda “Controlled Mud Level” texnologiyasını tətbiq edib.

“Bu texnologiya quyu daxilində qazma məhlulunun təzyiqini çox dəqiq tənzimləməyə imkan verir. Təzyiq həddindən artıq yüksək olarsa, qazma məhlulu laya itirilə bilər. Əksinə, təzyiq çox aşağı olarsa, laydakı qaz və maye quyudan nəzarətsiz şəkildə çıxa bilər”, – deyə o qeyd edib.

bp rəsmisinin sözlərinə görə, “Şahdəniz” yatağında təzyiq intervalı çox məhdud olduğundan qazma əməliyyatları xüsusi dəqiqlik tələb edir.

C.Kristofoli vurğulayıb ki, yeni texnologiyanın tətbiqi yataqdakı ehtiyatların daha səmərəli mənimsənilməsinə və əlavə resursların hasilata cəlb olunmasına imkan yaradır.

“Böyük ehtiyatlar, davamlı investisiyalar, qabaqcıl texnologiyalar və yerli kadr potensialının inkişafı “Şahdəniz”in gələcək onilliklərdə də enerji təhlükəsizliyinin əsas dayağı olaraq qalmasını təmin edəcək”, – deyə o əlavə edib.