“Türkiyə tərəfinin bu addımı uğurla nəticələnə bilər” Dünya

“Türkiyə tərəfinin bu addımı uğurla nəticələnə bilər”

“Türkiyə uzun illərdir ki, terrordan əziyyət çəkən dövlətdir və terrorla mübarizə aparır. Ancaq bunun bu günə qədər bir nəticəsi olmayb. Çünki kənardan müdaxilələr var, terrorçu təşkilatları maliyyələşdirənlər var. Bu baxımdan Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın başlatdığı bu proses müəyyən mənada bir sıra istiqamətlərdə uğurlarla nəticələnib. PKK terrorçuları silahların təhvil edilməsi prosesini həyata keçiriblər“.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov söyləyib.

X.Bəşirov düşünür ki, Türkiyə tərəfinin bu addımı uğurla nəticələnə bilər: “Amma yəqin ki, kənar müdaxilələlər olmasa, yaxud da kənar müdaxilələrin prosesə təsir göstərmək imkanı olmasa, eyni zamanda, terrorçu təşkilatlar arasında söz verənlər öz vədlərinə sadiq qalacaqlarsa, Türkiyə tərəfi qarşıya qoyduğu bu məqsədə nail ola bilər. Hər bir halda biz bilirik ki, bu terrorçu təşkilatları kənardan maliyyələşdirən, həmçinin onlarla bağlı müəyyən hədəflərinə çatmaq istəyən qüvvələr də var və o qüvvələr yenə də fəaliyyət göstərəcəklər. Bu, proseslərin gedişatında özünü göstərəcək”.

Röya İsrafilova