“Siqaretə yox! Məktəb ətrafında xəbərdarlıq” Gündəm

“Siqaretə yox! Məktəb ətrafında xəbərdarlıq”

Azərbaycanda siqaret, tütün məmulatları və onlara aid ləvazimatların, o cümlədən elektron siqaretlərin reklamı qanunla tam qadağan edilib. Qanunvericilik bu məhsulların istənilən formada reklamını, sponsorluğunu və satışın stimullaşdırılmasını yolverilməz hesab edir və pozuntular inzibati məsuliyyətlə cəzalandırılır. Lakin təəssüf ki, reallıqda yeniyetmələrin tütün məhsullarına təsadüfi və ya şüuraltı məruz qalması hələ də ciddi problem olaraq qalır. Xüsusilə məktəb ətrafında yerləşən dükanların vitrinlərində tütün məmulatlarının açıq görünməsi, gündəlik marketinq siqnalları şagirdlərin şüuraltına təsir edir və onların yanlış mesajlar almasına səbəb olur.

Problem illərdir ki, sosial şəbəkələrdə və onlayn media resurslarında gündəmə gətirilir, xəbərdarlıqlar edilir, lakin bu siqnallar çox vaxt ötəri qalır. Məktəblər və təhsil subyektləri bu məsələdə xüsusi rol oynayır – onlar siqaretin və tütün məhsullarının insan sağlamlığına zərərlərini sistemli şəkildə şagirdlərə təlqin etməli, davamlı maarifləndirmə aparmalıdırlar. Eyni zamanda, valideynlərin və cəmiyyətin fəal iştirakı vacibdir; uşaqların təhlükəli məhsullarla təmasının qarşısını almaq, onları maarifləndirmək və anti-təbliğat işlərini davamlı aparmaq gələcək nəsillərin sağlamlığının qorunması baxımından həyati əhəmiyyət daşıyır.

“Tütünə qarşı maarifləndirmə vacibdir”

Millət vəkili Pərvanə Vəliyeva “Xalq Cəbhəsi”nə açıqlamasında deyi ki, Azərbaycanda siqaretin, tütün məmulatlarının və onlara aid ləvazimatların, o cümlədən elektron siqaretlərin reklamı tam qadağan olunub.

Onun fikirlərinə görə, qanunvericiliyə əsasən, bu məhsulların istənilən formada reklamı, sponsorluğu və satışın stimullaşdırılması yolverilməzdir və pozuntular inzibati məsuliyyətə səbəb olur: “Tütün məmulatlarının satışında həvəsləndirmə üsulları – pulsuz paylanması, lotereya və oyunlarda mükafat kimi verilməsi – həmçinin qadağan olunub. Qutuların üzərində sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq olmalı, yetkinlik yaşına çatmayanlara satış qəti qadağandır. Məktəblərə yaxın ərazilərdə köşklərin vitrinində tütün məmulatlarının açıq satışı yeniyetmələr üçün yanlış mesaj verə bilər. Burada ictimai nəzarət və maarifləndirmə olduqca vacibdir. Valideynlər və cəmiyyət fəal olmalı, tütündən istifadənin mənfi nəticələrini daim yeniyetmələrə çatdırmalı, anti-təbliğat aparmalıdırlar”.

“Məktəb ətrafında tütün təhlükəsi”

Təhsil eksperti Elmin Nuri bildirib ki, uşaqların siqaret, tütün və alkoqol məhsullarına qarşı maarifləndirilməsi uzun müddətdir ki, aktuallığını qoruyur:

“Qeyd olunan məsələ ilə bağlı problem illərdir ki, vurğulanır; sosial şəbəkələrdə və onlayn media resurslarında bu barədə xəbərdarlıq siqnalları verilir. Lakin təəssüf ki, bunlar çox vaxt ötəri qalır və diqqətdən kənarda qalır. Doğrudur, 18 yaşdan aşağı uşaqlara siqaret, tütün və alkoqol məhsullarının satışı qadağandır və bir çox kiçik sahibkarlar buna əməl edirlər. Amma marketinqin neyro-psixoloji təsiri şagirdlərin şüuraltına nüfuz edir. Məktəb ətrafında yerləşən dükanların vitrinlərində bu məhsulların gündəlik olaraq görünməsi yeniyetmələr üçün fərqli siqnallar yaradır. Əgər şagird əvvəllər tütün məmulatı istifadə edibsə, vəziyyət daha da mürəkkəbləşir.Burada əsas məsələ məktəblərin üzərinə düşən vəzifələrdir. Məktəblər siqaretə qarşı maarifləndirməni davamlı aparmalı, onun insan orqanizmi üçün zərərliliyini şagirdlərə sistemli şəkildə təlqin etməlidir. Belə yanaşma ilə təhlükə minimuma endirilə bilər və yeniyetmələrin sağlam həyat tərzinə yönləndirilməsi mümkün olar.”

“Siqaret satışına ciddi nəzarət olmalıdır”

Sosioloq Üzeyir Şəfiyev diqqətə çatdırıb ki,reklam haqqında qanunun pozulması, xüsusilə siqaretlərin satışı və təşviqatı sahəsində ciddi problem olaraq qalır.

Onun fikrincə, məktəblərin yaxınlığında, habelə supermarkətlərin kasalarına yaxın ərazilərdə satış işçiləri müştərilərə “hansı siqareti çəkirsiniz, bunu məsləhət görürük” kimi mesajlarla açıq təşviqat aparırlar: “Bu hallar market və marketing maraqlarının cəmiyyətin sağlamlığına qarşı birbaşa təhdid yaratdığını göstərir. Xüsusilə uşaqlar və yeniyetmələr üçün aludəçilik riskini artırır.

Bu məsələdə hüquq-mühafizə orqanlarının və müvafiq dövlət qurumlarının ciddi monitoring aparması və qanun pozan şəxslərin dərhal cəzalandırılması vacibdir. Cəmiyyətin sağlamlığının qorunması üçün məktəblərdə şagirdlərə siqaretin və digər zərərli vərdişlərin fəsadları ilə bağlı maarifləndirmə tədbirləri keçirilməli, valideynlər isə uşaqlarını belə satış məkanlarına göndərməməlidir.

Marketlər və satış mərkəzləri 18 yaşadək şəxslərə siqaret satmamalı, həm valideynlər, həm də müəssisələr məsuliyyətini başa düşməlidirlər. Siqaret və digər tütün məmulatlarına qarşı korporativ sosial məsuliyyət çərçivəsində birgə mübarizə aparılmalı, hüquq-mühafizə orqanları isə ardıcıl və kampaniya xarakterli tədbirlər həyata keçirməlidir.

Günel Elxan