İsrail Türkiyə ilə müharibəyə cürət edə bilməz Dünya

İsrail Türkiyə ilə müharibəyə cürət edə bilməz

Ehud Barak: “Netanyahu tamamilə yolunu azıb”

Tarık Sulo Cevizci: “İsrail Türkiyənin Suriyada güclü bir aktor kimi ortaya çıxmasını istəmir"

Yücel Karauz: “Türkiyə ilə İsrail arasında genişmiqyaslı müharibə ehtimalı aşağıdır”

Baruh Leviev: “Bizim aramızda münaqişə üçün heç bir əsas yoxdur”

İsrail - Türkiyə münasibətləri yenidən kəskinləşir. Bu dəfə də İsrailin baş naziri Netanyahu Türkiyənin bölgədə, xüsusən Suriyada artan nüfuzundan təşviş keçirdiyindən, narahat olduğundan qıcıqlandırıcı bəyanatlar verib. O, deyib ki, Türkiyənin Suriyada hərbi mövcudluğuna qarşıyıq.
Netanyahu qeyd edib ki, Suriyada İsrailə təhlükə yaradan Türkiyənin hərbi mövcudluğuna dözməyəcəklər: “Bu barədə Türkiyəyə açıq mesaj ötürülüb”.
Bunun ardınca İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətindəki "Əbu-əl-Duhur" hərbi aviabazasına zərbələr endirib.
Türkiyənin “Haber 7” nəşri məlumat yayıb ki, İsrail Hərbi Hava Qüvvələrinin zərbə endirdiyi Suriyanın İdlib əyalətindəki "Əbu-əl-Duhur" hərbi aviabazasına Türkiyə hərbçiləri yerləşdiriləcəkmiş.
Məlumata görə, 2024-cü il 8 dekabr çevrilişindən sonra "Əbu-əl-Duhur" bazasında yenilənmə işləri aparılıb. Bazadakı tikililər Suriya hökuməti, hava limanının uçuş-enmə zolağı isə Türkiyə tərəfindən təmir olunub. İki ölkə arasında əldə edilən razılaşmaya uyğun olaraq, bazaya hava hücumundan müdafiə avadanlıqlarının, əsasən kəşfiyyat və zərbə PUA-larının yerləşdirilməsinə başlanılıb.
Türkiyədə keçirilən bir sıra təlimlərdən sonra hərbi personalın, yerüstü və aviasiya texnikasının bazaya yerləşdirilməsi üçün bütün hazırlıqlar başa çatıb. Əgər İsrailin gecə yarısı hücumu olmasaydı, 13 saat ərzində bazaya 200-dən çox əsgər göndəriləcəkdi.
Bildirilib ki, Türkiyə hərbçilərinin yerləşdirilməsindən sonra bazadakı PUA-lardan istifadə etməklə, xüsusən də Palmira-Xüms bölgəsindəki İŞİD qruplaşmalarını hədəf alan əməliyyatlara başlanılacaqdı.
Nəşrin mənbələrə istinadla verdiyi məlumata görə, türkiyəli hərbçilər "Əbu-əl-Duhur" bazasında olsaydı, çoxlu sayda itki veriləcəkdi.
İsrail xarici işlər naziri Gideon Saar Suriyada yerləşən Əbu-Duhur aviabazasına İsrailin son zərbəsi fonunda yaranmış gərginliklə əlaqədar Türkiyə ilə münasibətlərin daha da kəskinləşməsində maraqlı olmadıqlarını bildirib.
Bu barədə nazir İsrailin Channel 12 telekanalının efirində bildirib.
“Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik”, - o deyib.
Bununla yanaşı, xarici işlər naziri İsrailin mövcud status-kvonu qorumaq niyyətində olduğunu və Suriyada Türkiyə hərbi bazalarının yaradılmasına razı olmayacağını vurğulayıb.
Saarın sözlərinə görə, İsrail İranın Livanda və Qəzza sektorunda təsirini gücləndirməsi təcrübəsini nəzərə alır və Türkiyə ilə Suriya münasibətlərində də oxşar ssenarinin təkrarlanmasını istəmir.
Nazir əlavə edib ki, İsrail hər zaman diplomatik həll yollarına üstünlük verir və Ankara ilə münasibətləri məqsədyönlü şəkildə gərginləşdirmək niyyətində deyil.
İsrailin keçmiş Baş naziri Ehud Barak deyib ki, Benyamin Netanyahunun Türkiyə ilə münasibətlərdə gərginliyi artırması ağılsız və məsuliyyətsiz addımdır.
Onun sözlərinə görə, Türkiyə İran və Əsədin Suriyası deyil, Türkiyə ilə ABŞ-ın koordinasiya etdiyi məxfi təmaslar vasitəsilə həll edilə bilməyəcək heç bir strateji problem yoxdur: “Netanyahu tamamilə yolunu azıb. İsrail hökumətinin Türkiyə ilə münasibətləri gərginləşdirməsi cəmiyyətdə təhlükəsizlik qorxusunu artırmağa yönəlmiş siyasi strategiyanın bir hissəsi ola bilər. Netanyahu hazırda İsrailin təhlükəsizliyindən daha çox siyasi hakimiyyətini qorumaq və seçki strategiyası ilə məşğuldur”.
Bu arada Türkiyə İsrail Baş naziri Benyamin Netanyahu haqqında qırmızı bülleten tələb edib. Türkiyənin ədliyyə naziri Akın Gürlek deyib: “Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasının fəallarına qarşı beynəlxalq sularda hücumla bağlı hüquqi proses qətiyyətlə davam edir. İstanbul 11-ci Ağır Cinayət Məhkəməsi 2026/108 nömrəli iş üzrə Benyamin Netanyahu və Afek Moskoviç də daxil olmaqla 35 təqsirləndirilən şəxsi mühakimə edir.
Bu sənəd çərçivəsində 14 iyul 2026-cı ildə Benyamin Netanyahu və Afek Moskoviçin "Soyqırım" cinayətinə görə həbs qərarlarına uyğun olaraq, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyindən onların beynəlxalq həbsi üçün qırmızı bülleten verilməsini tələb edib və müvafiq sənədlər Xarici İşlər Nazirliyimizə göndərilib”, - nazir bildirib.
Mövzu ilə bağlı qəzetimizə danışan Suriya parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci deyib: "Hesab edirəm ki, Suriyadakı vəziyyətlə bağlı Türkiyə və İsrail arasındakı gərginlik bir müddət davam edəcək. Bununla belə, mövcud şəraitdə iki ölkə arasında birbaşa toqquşmanın yaxın perspektivdə gözlənilən bir ssenari kimi qiymətləndirmirəm. Bununla yanaşı, aydındır ki, İsrail Türkiyənin Suriyada güclü və nüfuzlu bir aktor kimi ortaya çıxmasını istəmir".
O, qeyd edib ki, Türkiyənin Suriyada daha böyük hərbi, siyasi və iqtisadi güc qazanması ölkənin sabitləşməsinə və dövlət təsisatlarının yenidən canlanmasına əhəmiyyətli töhfə verərdi: "Lakin İsrailin nöqteyi-nəzərindən, Suriyanın Türkiyə ilə sıx əlaqələrə malik sabit və güclü bir dövlətə çevrilməsi arzuolunan ssenari deyil. Nəticə etibarilə, Türkiyənin Suriyadakı artan nüfuzu ilə İsrailin bölgədəki təhlükəsizlik və strateji prioritetləri arasında açıq bir rəqabət formalaşır. Güman edirəm ki, bu rəqabət qarşıdakı dövrdə, xüsusilə də Suriya ərazisindəki hərbi və siyasi təsir dairələri ilə bağlı davam edəcək; lakin onun Türkiyə ilə İsrail arasında birbaşa toqquşmaya çevrilməsindən daha çox, qarşılıqlı təzyiq, diplomatik təşəbbüslər və yerlərdə təsir uğrunda mübarizə vasitəsilə cərəyan edəcəyini gözləyirəm".
Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Türkiyə ilə İsrail arasında qısa və ya orta müddətdə birbaşa və genişmiqyaslı müharibənin başlayacağını gözləmədiyini deyib. Lakin Suriya ərazisində yanlış hesablama, təsadüfi insident və ya məhdud hücumun nəzarətdən çıxması ehtimalını da nəzərdən qaçırmaq olmaz.
O, qeyd edib ki, ilk növbədə bir məqama aydınlıq gətirilməlidir: İsrailin avqustun 18-də Suriyadakı Əbu əz-Zuhur aviabazasına endirdiyi zərbə nəticəsində uçuş-enmə zolağı zədələnsə də, Türkiyə hərbçilərinin həlak olması və ya yaralanması barədə təsdiqlənmiş məlumat yoxdur. Türkiyə Milli Müdafiə Nazirliyi də hücum zamanı bazada Türkiyə hərbi heyətinin olmadığını açıqlayıb. Buna görə də hadisəni hələlik “Türkiyə hərbi birliyinə qarşı birbaşa hücum” deyil, Türkiyənin Suriyada ehtimal olunan hərbi mövcudluğuna ünvanlanmış silahlı-siyasi mesaj kimi qiymətləndirmək daha doğrudur.
Netanyahunun “Türkiyənin cənuba doğru hərbi yerləşməsinə imkan verməyəcəyik” bəyanatı və İsrailin müdafiə naziri İsrael Katsın Prezident Rəcəb Tayyib Ərdoğanı “İsrailin qətiyyətini sınamamağa” çağırması diplomatik sərhədləri aşan, qəbuledilməz ifadələrdir. Lakin bu ritorika İsrailin Türkiyə ilə genişmiqyaslı müharibəyə hazırlaşması mənasına gəlmir. Bu, daha çox Suriyanın gələcək quruluşunun formalaşdırılması prosesində Türkiyəyə sərhəd çəkmək və çəkindiricilik yaratmaq cəhdidir.
Türkiyə ilə Suriya və ya Qəzzadakı silahlı qüvvələr eyni hərbi miqyasda müqayisə edilə bilməz. Türkiyə geniş quru qoşunlarına, güclü hərbi hava qüvvələrinə, pilotsuz sistemlərə, raket və radioelektron mübarizə imkanlarına, inkişaf etmiş müdafiə sənayesinə, strateji dərinliyə və NATO üzvlüyünə malik böyük regional gücdür.
İsrail isə son dərəcə inkişaf etmiş hərbi hava qüvvələrinə, güclü kəşfiyyat imkanlarına, yüksək dəqiqlikli zərbə vasitələrinə, çoxpilləli hava və raketdən müdafiə sistemlərinə, eləcə də ABŞ-nin ciddi dəstəyinə malikdir. Buna görə də iki ölkə arasında mümkün müharibənin “asan” və ya “məhdud” qalacağını düşünmək hər iki tərəf üçün ağır strateji səhv olardı.
İsrailin Türkiyəyə qarşı birbaşa və simmetrik müharibəyə başlaması real görünmür. Buna cəsarət etməsi də İsrail üçün son dərəcə ağır və idarəolunmaz nəticələr doğura bilər. Bunun əvəzinə aşağıdakı asimmetrik üsulların tətbiqi mümkündür:
* Suriyada Türkiyənin istifadə edə biləcəyi hərbi bazaların və infrastrukturun vurulması;
* Türkiyənin dəstəklədiyi Suriya hökumətinə hərbi təzyiq göstərilməsi;
* kəşfiyyat və kiberəməliyyatların həyata keçirilməsi;
* Şərqi Aralıq dənizində Türkiyə əleyhinə hərbi və diplomatik tərəfdaşlıqların gücləndirilməsi;
* Türkiyənin ABŞ və NATO ilə münasibətlərini çətinləşdirməyə yönəlmiş lobbiçilik fəaliyyətləri.
Netanyahu baxımından məsələnin daxili siyasi tərəfi də mühüm əhəmiyyət daşıyır. İsraildə yaxınlaşan seçkilər və ictimai rəy sorğularının nəticələri təhlükəsizlik ritorikasının seçki kampaniyasında ön plana çıxarılmasına şərait yaradır. Prezident Ərdoğanın Netanyahunun seçki plakatlarında “İsrail əleyhinə cəbhənin” tərkibində göstərilməsi Türkiyə ilə gərginliyin İsrailin daxili siyasətində alətə çevrildiyini göstərir.
Bununla belə, bütün hadisələri yalnız seçki hesabları ilə izah etmək düzgün olmazdı. İsrail Türkiyənin yeni Suriya ordusunu hazırlamasını, ona silah və texniki dəstək verməsini, eləcə də Suriyanın hərbi infrastrukturunda möhkəmlənməsini uzunmüddətli strateji təhlükə kimi qəbul edir.
Əsas təhlükə əvvəlcədən planlaşdırılmış genişmiqyaslı müharibədən daha çox, mərhələli eskalasiyadır. Məsələn, İsrailin həyata keçirdiyi hücum nəticəsində Türkiyə hərbçilərinin həlak olması, Türkiyənin cavab zərbəsi endirməsi və İsrailin buna qarşılıq verməsi təhlükəli “fəaliyyət–reaksiya zənciri” yarada bilər.
Türkiyənin Suriya ərazisindəki hərbi qüvvələrinə ediləcək hücum NATO-nun 5-ci maddəsini avtomatik şəkildə işə salmaya bilər. Bu məsələ hücumun baş verdiyi əraziyə, xarakterinə və NATO müttəfiqlərinin verəcəyi siyasi qərara bağlı olacaq.
ABŞ belə bir qarşıdurmanın yaranmasını istəməz. Çünki Türkiyə–İsrail müharibəsi NATO-nun cənub cinahını, Suriyanın sabitliyini, Şərqi Aralıq dənizini, enerji marşrutlarını və bütövlükdə Yaxın Şərqin təhlükəsizlik arxitekturasını sarsıda bilər. Vaşinqtonun Türkiyə, İsrail və Suriya arasında münaqişəsizləşdirmə mexanizmi yaratmağa çalışması təhlükənin ciddi qəbul edildiyini, eyni zamanda tərəflərin müharibədən uzaq tutulmaq istəndiyini göstərir.
Nəticə etibarilə, hazırda Türkiyə ilə İsrail arasında genişmiqyaslı müharibə ehtimalı aşağıdır. Lakin Suriya mərkəzli hərbi qarşıdurma və nəzarətdən çıxa biləcək insidentlərin baş vermə riski orta səviyyədədir.
Türkiyənin izləməli olduğu yol təhdidlər qarşısında güclü çəkindiricilik yaratmaq, Suriyadakı hərbi qüvvələrini etibarlı hava və raketdən müdafiə sistemləri ilə qorumaq, İsraillə birbaşa hərbi rabitə kanalı yaratmaq və hücumların davam etdirilməsinin doğuracağı nəticələri Vaşinqtona açıq şəkildə çatdırmaqdır.
Ankara soyuqqanlı və təmkinli davranmalıdır. Lakin eyni zamanda İsrailə Türkiyə hərbçilərinin təhlükəsizliyinin və Türkiyənin Suriyadakı strateji maraqlarının qırmızı xətt olduğu heç bir tərəddüdə yer qoymadan göstərilməlidir.
İsrailli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbist Baruh Leviev isə bu məsələni bir az fərqli şəkildə ifadə edərdi. O, qeyd edib ki, İsrailin Türkiyə ilə münaqişəyə girməkdə marağı yoxdur və o, mahiyyət etibarilə güclü Türkiyəyə qarşı deyil. Türkiyə və İsrail onilliklər ərzində diplomatik, iqtisadi və hətta sıx strateji əlaqələr saxlayıblar. Bizim aramızda münaqişə üçün heç bir əsas yoxdur və düzünü desək, İsrailin regionda onsuz da Türkiyə amili olmadan da kifayət qədər problemi var: "Bununla belə, İsrailin psixologiyasını və müdafiə doktrinasını anlamaq vacibdir. İsrail çox kiçik bir ölkədir; potensial təhlükə ilə şəhərlərimiz arasındakı məsafə minlərlə kilometrlə ölçülmür. Nəticədə, biz potensial təhlükələrə daha böyük dövlətlərin imkan verdiyi vaxtdan daha tez reaksiya verməyə məcburuq.
7 oktyabr İsrail üçün son dərəcə ağrılı bir dərs oldu. Biz sərhədlərimizdəki təhlükəni lazımınca qiymətləndirməməyin və onun nəzarət altında olduğunu düşünməyin nəticələrini gördük. İsrailin belə bir səhvi ikinci dəfə təkrarlamağa sadəcə imkanı yoxdur.
Məhz buna görə də Türkiyənin Suriyadakı hərbi mövcudluğunun gücləndirilməsi İsraildə ehtiyatla qarşılanır; xüsusilə də Suriyaya hazırda kimin rəhbərlik etdiyi və mövcud Suriya rəhbərliyinin hansı qüvvələrdən formalaşdığı nəzərə alındıqda. İsrail sadəcə olaraq "ümid edək ki, hər şey yaxşı olacaq" deyə bilməz".
O, qeyd edib ki, bunun üzərinə Prezident Ərdoğanın İsrail əleyhinə son dərəcə sərt ritorikasını, "HƏMAS" təşkilatının nümayəndələri ilə uzunmüddətli sıx əlaqələrini və Suriyada siyasi və hərbi təsirini genişləndirmək cəhdlərini əlavə etdikdə, İsrailin narahatlıqları tamamilə başadüşülən olur: "Mənə elə gəlir ki, Ankara İsrailin təhlükəsizlik doktrinasını və onun sərhədləri yaxınlığında potensial düşmən hərbi infrastrukturunun yaranmasına qarşı nə dərəcədə həssas olduğunu tam başa düşür. Nəticədə, Türkiyənin həyata keçirdiyi bəzi addımlar İsraildə qaçılmaz olaraq təxribat xarakterli kimi qəbul edilir. Türkiyə Yaxın Şərqdə daha böyük rol oynamağa və müsəlman dünyasında liderlik etməyə çalışır. Digər tərəfdən, İsrailin yeni bir imperiya qurmaq niyyəti və ya yeni müharibələrdə marağı yoxdur. Biz yaşamaq, inkişaf etmək və vətəndaşlarımız üçün dinc səma təmin etmək istəyirik.
Buna görə də, İsrail üçün problem Türkiyənin özündə və ya türk xalqında deyil. Məsələ o zaman yaranır ki, Ankaranın siyasi ambisiyaları İsrailin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bölgədə – birbaşa Suriya münaqişə meydanında hərbi mövcudluğa çevrilməyə başlayır".
İsrail-Türkiyə müharibəsi baş verə bilərmi sualına, o, "hə" və ya "yox" ilə cavab vermək istəməzdi deyib.
Qeyd edib ki, İsrailin Türkiyə ilə müharibəyə qətiyyən ehtiyacı yoxdur: "Əslində, bizim heç bir əlavə müharibəyə ehtiyacımız yoxdur. İsraillilər müharibənin nə olduğunu, onun insanlara hansı bədələ başa gəldiyini və özündən sonra hansı nəticələri qoyduğunu çox yaxşı bilirlər. Buna görə də ümid edirəm ki, hər iki tərəfdə sağlam düşüncə üstünlük təşkil edəcək.
Bununla belə, 7 oktyabrdan sonra İsrail daha bir dərs aldı: milli təhlükəsizlik yalnız rəqibin – və ya potensial rəqibin – mütləq şəkildə rasional davranacağı fərziyyəsi üzərində qurula bilməz. Buna görə də, İsrail bütün mümkün ssenariləri nəzərə almalı və onlara hazır olmalıdır.
İsrail ilə Türkiyə arasında Suriyada təsadüfi hərbi toqquşmanın qarşısını almaq istəyənlər arasında Azərbaycan da var ki, hesab edirəm ki, bu, çox vacibdir. Heç kim regiondakı iki güclü dövlət arasında münaqişə yaranmasını istəməz.
Bununla belə, heç kim İsrailin müharibəyə başlamaq istəməməsini zəiflik kimi qəbul etməməlidir. İsrail özünü necə müdafiə edəcəyini bilir, sərhədləri yaxınlığındakı prosesləri diqqətlə izləyir və keçmiş təcrübələrinə əsaslanaraq, təhdidləri onlar real və təxirəsalınmaz təhlükəyə çevrilməzdən əvvəl müəyyən etməyə çalışacaq.
Buna görə də məsələni belə ifadə edərdim: gələcək, ilk növbədə, siyasi rəhbərliyin məsuliyyətindən asılıdır. İsrail Türkiyə ilə müharibəyə can atmır və türk xalqını düşmən hesab etmir. Lakin İsrail sərhədlərində sonradan düzəldilməsi mümkün olmayacaq bir vəziyyətin yaranmasına da yol verməyəcək".

Cavid