“Repetitorluğun kökü: sistem, müəllim, yoxsa imtahan?” Gündəm

“Repetitorluğun kökü: sistem, müəllim, yoxsa imtahan?”

Son illərdə ölkədə repetitorluğun kütləviləşməsi təhsil müzakirələrinin əsas mövzusuna çevrilib. Ekspertlər bildirirlər ki, problemin kökü təkcə regionlarda müəllim çatışmazlığı və maddi-texniki bazanın zəifliyində deyil, həm də məktəb sisteminin şagirdlərin analitik və praktiki bacarıqlarını işlək şəkildə mənimsədə bilməməsindədir. Repetitorluq artıq qısa yaddaş və imtahan nəticələrinə hesablanmış xidmət sahəsinə çevrilib, valideynlər və şagirdlər üçün məcburi ehtiyac rolunu oynayır. Eyni zamanda, təhsil ekspertləri məktəbin funksiyasının gücləndirilməsi, əlavə hazırlıq dərslərinin rəsmi mexanizmlərlə təşkili və beynəlxalq təcrübəyə uyğun həll yollarının tətbiqini təklif edirlər.

Güclü məktəb, azalan repetitorluq

Milli Məclisin deputatı Mehriban Vəliyeva “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, region məktəblərində müəllim çatışmazlığı və maddi-texniki imkanların məhdudluğu təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu hallar müəyyən hallarda repetitorluğa zəmin yaradan səbəblərdən biri ola bilər. Təsadüfi deyil ki, “təhsilin keyfiyyəti müəllimin keyfiyyətini aşa bilməz” fikri tez-tez səsləndirilir.

Deputat bildirib ki, son illər müəllim hazırlığı və inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilir:
“Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada təşkili, sertifikatlaşdırma prosesi, ixtisasartırma və təkmilləşmə kursları, eləcə də regionlara təyinat alan müəllimlər üçün stimullaşdırıcı mexanizmlər bu islahatların əsas istiqamətlərindəndir. Lakin görülən tədbirlərə baxmayaraq, regionlarda müəllim çatışmazlığı problemi hələ də qalmaqdadır.
Regionları seçən müəllimlər üçün tətbiq olunan güzəştlər müsbət addımdır, lakin mövcud mexanizmlər problemin tam həlli üçün yetərli deyil. Paralel olaraq region məktəblərinin təmiri, yenidən qurulması və maddi-texniki bazasının gücləndirilməsi dövlətin təhsil sahəsində əsas prioritetlərindəndir. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə minlərlə məktəb tikilib və ya əsaslı təmir olunub, müasir avadanlıqla təmin edilib. Bununla belə, hələ də bu ehtiyacı gözləyən məktəblər mövcuddur və tədbirlərin mərhələli şəkildə davam etdirilməsi vacibdir. Repetitorluq fəaliyyəti regionlardan daha çox böyük şəhərlərdə geniş yayılıb və bunun səbəbləri təkcə məktəblərlə bağlı deyil.Ali təhsilə olan güclü ictimai tələb, rəqabətin artması, valideyn gözləntiləri və sosial amillər repetitorluğun genişlənməsində mühüm rol oynayır.Elm və Təhsil Nazirliyi tərəfindən tam orta təhsilin təmayülləşməsi istiqamətində atılan addımlar artıq müəyyən müsbət nəticələr verməkdədir.Lakin prosesin daha effektiv olması üçün ali məktəblərə qəbul mexanizmlərinin optimallaşdırılması, şagirdlər üçün daha çevik və sərbəst təhsil imkanlarının yaradılması məqsədəuyğundur”.

Onun fikrincə, qeyri-neft sektorunun inkişafı və gələcək peşə sahələrinin formalaşması peşə təhsilinin gücləndirilməsini zəruri edir.
Müasir dövrdə analitik və tənqidi düşünmə, adaptasiya bacarığı, ünsiyyət və rəqəmsal səriştələr diplomdan daha çox ön plana çıxır”.

Deputat vurğulayıb ki, əsas məqsəd bu bacarıqların şagirdlərə repetitorluq vasitəsilə deyil, gücləndirilmiş və çevik məktəb sistemi üzərindən qazandırılmasıdır:“Əsas hədəf məktəbin bu funksiyanı tam və effektiv şəkildə yerinə yetirməsidir. Məktəbin və müəllimin nüfuzuna xələl gəlməməsi üçün təhsil sisteminin müasir tələblərə uyğun transformasiyası vacibdir”.

“Məktəb və repetitor asılılığı”

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri və təhsil eksperti Əmrah Həsənli deyib ki, məktəbin zəiflədiyi yerdə repetitorluq məcburi ehtiyaca çevrilir.

Ekspert bildirib ki, hazırda ölkədə təhsil sistemi illərdir ki, şagirdləri “qiymət alınan yer” və repetitorluğu isə “nəticə verən mərkəz” kimi qəbul edən bir sosioloji mühitlə qarşı-qarşıyadır:“Müəllim çatışmazlığı və maddi-texniki bazadakı boşluqlar bu prosesi sürətləndirir. Əgər bir kənd məktəbində laboratoriya yoxdursa və ya şagird fizika dərsinə girəcək müəllim tapa bilmirsə, valideyn alternativ olaraq kənarda repetitorluq xidmətinə üz tutur. Beləliklə, repetitorluq alternativ seçimdən çıxıb, bir növ ‘məcburi ehtiyac’ halına çevrilir. Məktəb sanki öz funksiyasının bir hissəsini fərdi hazırlıqlara ötürmüş olur. Dövlət və təhsil qurumları bu mənzərənin dəyişməsi üçün kifayət qədər sistemli və köklü islahatlar həyata keçirir.
Regionlardakı kadr ehtiyacını qarşılamaq üçün Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında ucqar kəndləri seçən gənc müəllimlər üçün xüsusi stimullaşdırıcı paketlər tətbiq olunur. Bunlar mənzil kirayəsi üçün verilən kompensasiyalar və əməkhaqqına edilən əlavələri əhatə edir ki, peşəkar kadrlar regionlara yönəlsin. Sertifikatlaşdırma vasitəsilə müəllimlərin əməkhaqqının artırılması onların repetitorluğa ayırdığı vaxtı məktəb divarları arasına qaytarmağı hədəfləyir. Maddi-texniki imkanların məhdudluğu problemi də artıq rəqəmsal həllərlə aradan qaldırılır.
Dövlətin Rəqəmsal bacarıqlar layihəsi və distant təhsil imkanları ilə ucqar rayonlardakı şagirdlər də müasir resurslara onlayn çıxış əldə edir. Həmçinin, regionlarda yenidən tikilən və ya əsaslı təmir olunan məktəb binaları texnoloji mərkəz kimi dizayn olunur. Bütün bu addımlar valideynin repetitor asılılığını azaltmağa və təhsildə fürsət bərabərliyini bərpa etməyə xidmət edir”.

“Repetitorluq regionla bağlı deyil”

Təhsil eksperti Elmin Nuri diqqətə çatdırıb ki, regionlarda repetitorluğun kütləviləşməsini oradakı müəllim kadrlarının və maddi-texniki infrastrukturun çatışmazlığı ilə qətiyyən əlaqələndirmək olmaz: “Repetitorluq artıq illərdir ki, təhsil prosesinin ümumi vizyonunu müəyyən edən, lakin tədrisi düşüncə və analitik bacarıqlar müstəvisinə yaxınlaşdırmayan, daha çox qısa yaddaşa və bir neçə saatlıq imtahan dövrünə hesablanmış xidmət sahəsinə çevrilib.
Təhsilin yenilənmiş məzmun standartları məktəb mühitində şagirdlərə tam şəkildə çatdırılmır.Qəbul imtahanları üçün hazırlanan suallar və test tapşırıqları birbaşa həmin məzmun standartlarına əsaslanır. Bu baxımdan Dövlət İmtahan Mərkəzini tənqid etmək doğru olmaz. DİM üzərinə düşən işi – imtahanların təşkili və sualların təsdiqlənmiş fənn məzmun standartlarına uyğun hazırlanmasını həyata keçirir.
Əsas problem məktəbin daxilində bu məzmun standartlarının şagird üçün işlək və mənimsənilən mexanizmə çevrilməməsidir.
Belə bir mərhələdə repetitorluq dövriyyəyə girir və abituriyenti sual tapşırıqlarının tələblərinə uyğun şəkildə müvəqqəti biliklərlə yükləyir. Bu proses həm Bakı, həm də region məktəbləri üçün eynidir. Odur ki, repetitorluğun kütləviləşməsini yalnız regionlarla əlaqələndirmək doğru yanaşma deyil. Mövcud vəziyyətdən çıxış yolu repetitorluqla mübarizənin sağlam və beynəlxalq təcrübədə özünü doğrultmuş mexanizmlərinin tətbiqindən keçir.
Repetitorluq bəzən haqlı olaraq “təhsilin kürəyində xəncər yarası” kimi xarakterizə olunur. Bunun qarşısını almaq üçün xarici təcrübədən uğurla keçmiş metodlardan istifadə etmək mümkündür”.

Elmin Nuri pilot olaraq nəzərdə tutulan hazırlıq sinifləri layihəsini buna nümunə göstərib:
“Dünya təcrübəsində məktəbin daxilində dərsdən sonrakı saatlarda əlavə hazırlıq dərsləri təşkil olunur. Bu dərslərə cəlb edilən müəllimlərin əlavə saatlara görə qonorarları dövlət tərəfindən ödənilir. Belə olan halda valideyn əlavə xərcə düşmür, müəllim isə iş yerindən ayrılmadan fəaliyyətini rəsmi müstəvidə davam etdirir. Bu kimi mexanizmlər yalnız kənd və region məktəblərində deyil, şəhər məktəblərində də paralel şəkildə tətbiq olunmalıdır.Repetitorluqdan asılılığın azalması üçün məktəb öz funksiyasını tam və effektiv şəkildə yerinə yetirməlidir”.

Günel Elxan