Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı: Bakı–Daşkənd əməkdaşlığının artan əhəmiyyəti Siyasət

Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı:  Bakı–Daşkənd əməkdaşlığının artan əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyevin 23–24 avqust 2026-cı il tarixlərində Özbəkistana həyata keçirdiyi dövlət səfəri, Bakı ilə Daşkənd arasındakı münasibətlərin çatdığı strateji səviyyə ilə yanaşı, türk dünyasında meydana çıxan yeni geosiyasi dinamikalar baxımından da əhəmiyyət daşıyır. Səfər iki ölkə arasında siyasi münasibətlərin inkişaf etdirilməsi ilə məhdudlaşmayaraq, Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasındakı iqtisadi, nəqliyyat və siyasi əlaqələrin dərinləşdirilməsinə dair ortaq iradəni də ortaya qoymuşdur. Səfər çərçivəsində Əbədi Dostluq Müqaviləsinin imzalanması və Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin səfərdən əvvəl Özbəkistan Milli Xəbər Agentliyi UzA-ya verdiyi müsahibədə Azərbaycan–Özbəkistan münasibətlərinə dair səsləndirdiyi fikirlər də bu prosesin miqyasını ortaya qoyub. Əliyev iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini siyasi etimadın çatdığı mərhələnin göstəricisi kimi qiymətləndirərkən, son illərdə imzalanan sənədlərin münasibətlərin hüquqi və siyasi əsaslarını möhkəmləndirdiyini vurğulayıb. O, həmçinin Ali Dövlətlərarası Şura mexanizminin uzunmüddətli prioritetlərin müəyyənləşdirilməsi və birgə təşəbbüslərin əlaqələndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bu qiymətləndirmələr səfərin yalnız diplomatik təmas xarakteri daşımadığını, iki ölkənin uzunmüddətli və çoxşaxəli əməkdaşlıq perspektivi formalaşdırdığını göstərir.

Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ

Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin son illərdə sürətlə inkişaf etməsi iki ölkənin siyasi iradəsi ilə yanaşı, dəyişən regional şərtlərlə də bağlıdır. 2024-cü ildə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi bu prosesin mühüm dönüş nöqtələrindən biri olub. 23 avqustda imzalanan Əbədi Dostluq Müqaviləsi isə siyasi yaxınlaşmanın daha dayanıqlı çərçivəyə keçirilməsi baxımından yeni mərhələyə keçidi ifadə edir. Müqavilə iki ölkə arasındakı dostluq və etimadı gələcəyə daşımaqla yanaşı, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ortaq mövqeni də möhkəmləndirir.
Səfər zamanı iki ölkənin 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq hədəfini müəyyənləşdirməsi münasibətlərin siyasi müstəvi ilə məhdudlaşmadığını göstərir. 2025-ci ildə 795 milyon dollara çatan ticarət dövriyyəsi və investisiya sahəsində həyata keçirilən birgə layihələr iqtisadi əlaqələrin getdikcə daha konkret məzmun qazandığına işarə edir. Enerji, mədənçilik, kənd təsərrüfatı, turizm, maliyyə, sənaye və tikinti kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi iki ölkə iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətlərindən daha səmərəli istifadə üçün yeni imkanlar yaradır. Bu sahələrdə yeni layihələrin reallaşdırılması siyasi yaxınlığın iqtisadi dayaqlarını daha da möhkəmləndirə bilər.
Prezident İlham Əliyevin Azərbaycan ilə Mərkəzi Asiya arasındakı münasibətlərin getdikcə daha inteqrasiya olunmuş regional struktur formalaşdırdığına dair qiymətləndirmələri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın Mərkəzi Asiya siyasətinin yalnız siyasi əlaqələrin inkişafı ilə məhdudlaşmadığını, ölkənin Xəzər vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji bağlantı mərkəzi olmaq imkanlarının da genişləndiyini göstərir.
Bu proseslər Azərbaycanın regional mövqeyində də əhəmiyyətli dəyişikliklərə yol açır. Azərbaycan Cənubi Qafqazın əsas geosiyasi aktorlarından biri olaraq mövqeyini qorumaqla yanaşı, Mərkəzi Asiya ilə inkişaf edən siyasi, iqtisadi və nəqliyyat əlaqələri sayəsində Xəzərin şərqindəki regional proseslərdə də daha fəal rol alır. Beləliklə, Bakının geosiyasi təsir dairəsi Cənubi Qafqaz hüdudlarından kənara çıxaraq Xəzər üzərindən Mərkəzi Asiyaya qədər uzanan daha geniş regional müstəvidə formalaşır. Bu dəyişiklik Azərbaycanın türk dünyasındakı strateji mövqeyinə də yeni məzmun qazandırır.

Xəzər keçidi, dəhlizlər və Türk dünyasının əlaqəsi

Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini müəyyən edən əsas sahələrdən biri nəqliyyat və əlaqəsidir Özbəkistanın Mərkəzi Asiyanın mərkəzində yerləşməsi ilə Azərbaycanın Xəzər dənizi və Cənubi Qafqazdakı mövqeyi bir-birini tamamlayır. Bu səbəbdən Xəzər keçidinin inkişaf etdirilməsi iki ölkə arasındakı ticarətin artırılmasından daha geniş məna kəsb edir. Xəzər bu prosesdə iki regionu ayıran coğrafi maneə olmaqdan çıxaraq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və strateji əlaqə yaradan keçid məkanına çevrilir.
Bu baxımdan Orta Dəhliz Azərbaycan–Özbəkistan münasibətlərinin iqtisadi çərçivəsini aşan strateji məzmun daşıyır. Özbəkistanın Orta Dəhlizə daha fəal inteqrasiyası Azərbaycanın Xəzər keçidindəki mövqeyini möhkəmləndirməklə yanaşı, Bakının regional ticarət şəbəkələrindəki rolunu genişləndirə bilər. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu ilə Trans-Xəzər bağlantısının inkişafı bu prosesin şərq istiqamətindəki tamamlayıcı elementlərini təşkil edir. Beləliklə, Mərkəzi Asiyadan Xəzərə, Azərbaycandan Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan daha inteqrasiya olunmuş nəqliyyat sisteminin formalaşması üçün əlverişli zəmin yaranır.
Zəngəzur dəhlizinin inkişafı isə bu şərq-qərb nəqliyyat şəbəkəsinin qərb istiqamətindəki tamamlayıcı elementlərindən biri ola bilər. Azərbaycan ilə Naxçıvan arasındakı nəqliyyat bağlantısının gücləndirilməsi və Naxçıvan üzərindən Türkiyəyə uzanan nəqliyyat xətlərinin inkişaf etdirilməsi Mərkəzi Asiyadan Xəzər vasitəsilə Azərbaycana daxil olan yüklərin Türkiyə və Avropaya daha səmərəli şəkildə daşınmasına imkan verə bilər. Bu baxımdan Zəngəzur dəhlizi Orta Dəhlizin Xəzər keçidindən sonrakı qərb bağlantısını gücləndirə biləcək strateji elementlərdən biri kimi nəzərdən keçirilə bilər. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu, Trans-Xəzər bağlantısı və Zəngəzur dəhlizinin bir-birini tamamlaması Mərkəzi Asiya ilə Avropa arasında daha inteqrasiya olunmuş nəqliyyat şəbəkəsinin formalaşması üçün yeni perspektivlər açır.
Bu şəbəkələrin inkişafı türk dünyası baxımından yalnız ticarət yollarının şaxələndirilməsi ilə məhdudlaşmır. Eyni zamanda türk dövlətləri arasında iqtisadi qarşılıqlı əlaqələrin, logistika imkanlarının və qarşılıqlı asılılığın artmasına şərait yaradır. Nəqliyyat bağlantılarının inkişafı enerji, investisiya, turizm və istehsal zəncirlərinin də bir-biri ilə əlaqələndirilməsini asanlaşdıra bilər. Bu səbəbdən dəhlizlərin inkişafı türk dünyasının iqtisadi inteqrasiyası baxımından uzunmüddətli strateji əhəmiyyətə malikdir.
Azərbaycan baxımından isə bu proseslər ölkənin geosiyasi mövqeyinə yeni ölçü qazandırır. Bakı artıq yalnız Cənubi Qafqazın enerji və nəqliyyat mərkəzlərindən biri deyil, Xəzər vasitəsilə Mərkəzi Asiya ilə Avropa arasında bağlantı yaradan daha geniş geoiqtisadi məkanın əsas aktorlarından biri kimi ön plana çıxır. Bu səbəbdən Azərbaycan–Özbəkistan tərəfdaşlığı türk dünyasının şərq-qərb bağlantısallığının inkişafında mühüm funksional rol daşıyır.

Nəticə və qiymətləndirmə

Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərin çatdığı siyasi səviyyəni təsdiqləməklə yanaşı, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində yeni strateji mərhələnin formalaşdığını da nümayiş etdirir. Əbədi Dostluq Müqaviləsi, Ali Dövlətlərarası Şuranın iclası, iqtisadi hədəflər və nəqliyyat sahəsində irəli sürülən yeni təşəbbüslər birlikdə nəzərdən keçirildikdə, Bakı–Daşkənd münasibətlərinin çoxşaxəli və uzunmüddətli əməkdaşlıq müstəvisinə keçdiyi qənaəti yaranır.
Bu prosesin mühüm nəticələrindən biri Azərbaycanın regional geosiyasi və geoiqtisadi rolunun genişlənməsidir. Xəzər keçidinin inkişafı ilə Azərbaycan Cənubi Qafqazdakı mövqeyini qorumaqla yanaşı, Mərkəzi Asiya ilə Avropa arasındakı əlaqələrdə daha fəal mövqe qazanır. Beləliklə, Bakının regional çəkisi Xəzərin iki sahilini birləşdirən daha geniş geosiyasi kontekstdə yeni məzmun əldə edir.
Türk dünyası baxımından Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı siyasi yaxınlığın iqtisadi və fiziki bağlantısallıqla tamamlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Xəzər keçidi, Orta Dəhliz, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və Azərbaycanın qərbə açılan nəqliyyat marşrutlarından daha səmərəli istifadə edilməsi iki ölkə arasındakı əlaqələrlə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı regional əlaqələrin də genişlənməsinə xidmət edə bilər.
Bu baxımdan 23–24 avqust 2026-cı il səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Bakı–Daşkənd əlaqələrinin inkişafı Azərbaycanın həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya kontekstində regional rolunun genişləndiyini göstərən mühüm amillərdən biridir. Qarşıdakı mərhələdə bu tərəfdaşlığın Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, nəqliyyat və siyasi əməkdaşlıq üçün daha geniş imkanlar yaratması gözlənilir. Azərbaycan–Özbəkistan yaxınlaşmasının davamlı xarakter alması isə regional bağlantısallığın inkişafı və türk dünyasının strateji imkanlarının genişlənməsi baxımından uzunmüddətli perspektiv formalaşdıra bilər.

Mehmet Gökhan Özçubukçu – Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri –
Beynəlxalq Münasibətlər üzrə mütəxəssis
Xüsusi olaraq “Xalq Cəbhəsi” üçün