“Repetitorluğun kökü: sistem, müəllim, yoxsa imtahan?”
26 Avqust 23:27

Dünyada baş verən geosiyasi gərginliklər, müharibələr bir çox sahələrə təsirsiz ötüşmür. O cümlədən ABŞ-İran arasında davam edən gərginlik də dünya neft bazarında qiymətlərin dəyişməsində əsas amillərdən biridir. Xüsusilə də son zamanlar dünya bazarlarında neft bahalaşmaqda davam edir. Ekspertlər bunu bir çox səbəblərlə əlaqələndirir.
Bəs hazırkı mərhələdə neftin bahalaşmasının əsas səbəbləri hansılardır və bunun Azərbaycan üçün müsbət tərəfləri nələrdir?
“Xalq Cəbhəsi” mövzuu iqtisadçılarla müzakirə edib.
Geosiyasi risklər
İqtisadçı Eldəniz Əmirov deyib ki, sadəcə sonuncu neft qiymətinin artması deyil, ümumiyyətlə, son 5 ildə neftin qiymətinin bahalaşmasının əsas səbəbi iqtisadi amillərdən daha çox geosiyasi risklər və təkliflərlə bağlı olan narahatlıqlardır: “Çünki ABŞ-İran münasibətlərində, eləcə də Rusiya-Ukrayna münasibətlərində olan gərginlik bilavasitə təklifdə müəyyən problemləri yaradıb və təklifin azalması səbəbindən qiymətlər artıb. Hazırda isə ABŞ-İran münasibətlərində olan gərginlik, İrana qarşı yeni daha sərt sanksiyaların gündəmdə olması neft qiymətlərinin yüksəlməsinə təsir göstərən əsas amillərdəndir”.
İqtisadi aktivliyə təsiri
E.Əmirov söyləyib ki, təklifin azalması riski neft ehtiyatlarının, anbarların da boşalmasına, həmçinin ölkələrin, eyni zamanda, ayrı-ayrı investorların bu istiqamətdə daha çox tədarük etməsinə gətirib çıxarır: “Yəni risklər baxımından tələb artır, təklif isə azalır və nəticədə “Azəri Layt” markalı neftin də qiymətində artımlar baş verir. Bunun Azərbaycana təsirinə gəldikdə isə Azərbaycanda hər 10 dollar artan neft qiyməti nəticə etibarı ilə ölkəmiz üçün büdcə daxilolmalarına 400 milyon manat həcmində müsbət təsir göstərir. Bu, iqtisadi aktivliyə də təsir göstərir. Uzunmüddətli dönəmdə isə inflyasiyanın artmasına təsir göstərir ki, bu da ölkəmiz üçün arzuolunan deyil. Yəni bunun qısamüddətli və ortamüddətli dövrdə müsbət tərəfləri olsa da, uzunmüddətli dönəm ərzində yüksək neft qiymətləri o qədər də arzu olunan deyil”.
“Büdcə gəlirləri artır”
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib ki, hazırda neftin qiymətinin bahalaşması siyasi səbəblərlə bağlıdır: “Belə ki, həm dünyada davam edən münaqişələr, Rusiya neftinə tətbiq olunan sanksiyalar, digər tərəfdən ABŞ və İran arasında davam edən münaqişənin uzanması ciddi risklər yaradır, logistika-nəqliyyat zəncirlərini pozur və bu da öz növbəsində dünyada neft qiymətlərinin artımına səbəb olur. Bəzi hallarda, əlbəttə, bunun Azərbaycanın büdcəsinə müsbət təsirləri var. Belə ki, bizim ölkə daha çox neft ixracı ilə büdcə gəlirlərini artırır. Hesab edirəm ki, münaqişələr və qeyri-müəyyənlik davam etdikcə dünyada neft qiymətləri hələ ki, bu səviyyədə qalacaq. Digər tərəfdən bəzi OPEC ölkələrində hasilatın azalması da neft qiymətlərinin bahalaşmasına öz təsirlərini göstərir”.
“Gərginlik davam edərsə, qiymətlərin yüksək qalması ehtimalı çoxdur”
İqtisadçı ekspert Elçin Məmmədov söyləyib ki, ötən həftə ərzində ABŞ və İran arasında gərginləşmənin artması fonunda neft qiymətlərində müsbət dinamika qeydə alınıb: “WTI markalı neft üzrə fyuçers qiymətləri həftə ərzində 5,5% artaraq 87 ABŞ dollarına çatıb. Neft qiymətlərinin bu ilin fevral ayından başlayaraq yüksəlməsi və həmin vaxtdan bəri nisbətən yüksək səviyyədə qalması neft ixracatçıları, o cümlədən Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərməlidir. Lakin, fikrimcə, bu qiymət artımı struktur amillər nəticəsində deyil, ABŞ və İran arasında gedən müharibə ilə əlaqələdir. Gərginlik davam edərsə, neft qiymətlərinin yüksək səviyyədə qalması ehtimalı çoxdur, lakin bu iki ölkə arasında davamlı sülh anlaşması əldə olunarsa, neft qiymətlərinin əvvəlki vəziyyətə, yəni bir barrel üçün 60-70 ABŞ dolları səviyyəsinə qayıtması gözlənilir”.
“Neft qiymətləri pik həddə çata bilər”
İqtisadçı ekspert Günay Hüseynova qeyd edib ki, son vaxtlar neftin qiymətləri ilə bağlı dalğalanmalar mövcuddur: “Bu da təbii ki, İran və Hörmüz boğazı ilə əlaqədar siyasi gərginliklə bağlıdır. Digər bir səbəb isə Rusiya və Ukrayna arasındakı siyasi gərginlik, həmçinin ABŞ və Avropa ölkələrinin sanksiyaları ilə əlaqədardır. Dünya bazarındakı siyasi gərginlik Azərbaycan neft qiymətlərinə də təsirsiz ötüşmür. Hətta tələbin artıb təklifin az olması neft qiymətlərini pik həddə çatdıra bilər. Qiymətlərin artmasının ölkəmiz üçün müsbət tərəflərinə qaldıqda isə dövlət büdcəsinin gəlirlərinin artması, eləcə də sosial-iqtisadi xərclərə ayrılan vəsaitin artması, qeyri-neft sektorunun inkişafı, xarici ölkələrə investisiya həcminin artması baxımdan əhəmiyyətlidir”.
Röya İsrafilova