İran “Məkkə razılaşması”na qoşulur? Gündəm

İran “Məkkə razılaşması”na qoşulur?

İran parlamentinin rəsmi xəbər agentliyi "Xanə Mellat"ın rəhbəri Mehdi Rəhimi "Əl-Məyadin"ə açıqlamasında bildirib ki, İran Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinə qoşulmağa dəvət edilib.
Onun sözlərinə görə, İran dəvət alıb və hazırda məsələyə baxılır.
Lakin hələlik dəvət nə İranın Xarici İşlər Nazirliyi, nə də yüksək səviyyəli rəhbərliyi tərəfindən təsdiqlənməyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə deyib ki, Tehran Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinə qoşulmaq üçün rəsmi dəvət almayıb.
O, İranın sözügedən sazişə dəvət edilməsi barədə xəbərləri təkzib edib.
Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi qəzetimizə burda bir diqqətçəkən məqam olduğunu deyib. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfi, hələ ki bu məlumatı rəsmi şəkildə təsdiqləməyiblər. Əgər məlumat təsdiqlənərsə, bu son iki həftədə Yaxın Şərqdə baş verən ən maraqlı geosiyasi dönüş olaraq qeyd etmək olar. Çünki, avqustun 7-də imzalanan sazişin əsas funksiyası, üç ölkədən birinə silahlı hücum, digər ikisinə də hücum hesab edilməsi ilə bağlıdır. Əgər İran tərəfinin məlumatı təsdiqlənərsə, saziş ətrafında baş verən fikirlərin mahiyyəti kökündən dəyişəcək və hesab edirəm ki, İranın da regional təhlükəsizlik sisteminə daxil edilməsi, Məkkə Sazişinin İrana qarşı olmadığını təsdiqləyəcək, necə ki, Türkiyə dərhal bildirmişdir ki, saziş İrana qarşı yönəlməyib: "Belə olan halda İranın da sistemə daxil edilməsi" İrana qarşı ittifaq" iddialarını dağıtmış olacaq. Digər tərəfdən Səudiyyə Ərəbistanı son illərdə İranla münasibətlərin normallaşmasına çalışır və Ər Riyadın Türkiyə və Pakistanla hərbi təhlükəsizlik mexanizmi qurması və eyni zamanda İranın da bu mexanizmə daxil olması barədə məlumatın ortaya çıxması, tamamilə yeni regional təhlükəsizlik modelinin konturlarını göstərir və bu potensial olaraq daha sonra başqa regional dövlətlərin də üzvlüyü məsələsi ilə davam edə bilər".
O, qeyd edib ki, artıq prosesə, "Yaxın Şərq İttifaqı" kimi baxanlar da var. Doğrudur, Məkkə Sazişinin NATO qədər analoqu olmasa da, əsas məqsəd kəşfiyyat mübadiləsi, müdafiə sənayesi, strateji çəkindirmə və regional əməkdaşlıqdır: "Çünki söhbət təkcə hərbi blokdan getmir, ABŞ-ın Yaxın Şərqdə qurduğu təhlükəsizlik arxitekturasından daha müstəqil və daha təhlükəsiz arxitekturadan gedir və bunun üzərində "Yaxın Şərq İttifaqı" qurulur, desək yanılmarıq. Maraqlıdır, Trampın sazişi dəstəklədiyi vurğulanır və İranın bu sazişə qoşulması təqdirdə ABŞ-ın sazişə münasibəti də dəyişəcəkmi?
Əslində prezident Trampın Məkkə Sazişi ilə bağlı verdiyi dəstəyi səmimi qəbul etmək mümkün deyil. Çünki, ABŞ-nin təhlükəsizlik çətiri altından çıxaraq müəyyən qədər müstəqil regional hərbi mexanizmin yaranmasını ABŞ niyə dəstəkləsin ki? Digər tərəfdən isə ABŞ artıq məsuliyyəti region ölkələrinin uzərinə qoyur və bununla da dünyanın təhlükəsizlik sisteminə dəyişiklik İranın sazişə qoşulması təqdirdə Məkkə Sazişi ətrafında həmçinin sünni hərbi təşkilatı kimi qiymətləndirmələrə aydınlıq gələcək və hesab edirəm ki, bu həmçinin İranın diplomatik uğurudur.
Əslində İran rəsmisinin ritorikasında yer alan "ABŞ region ölkələrinin təhlükəsizliyini təmin etmək əvəzinə, onları təhdid edir" cumləsi təsadüfü deyil. Bu fraza müəyyən qədər Məkkə Sazişinin məntiqi ilə üst-üstə düşür və belə olan halda tamamilə fərqli motivlərdən çıxış edən aktyorlar eyni regional təhlükəsizlik modelinin ətrafında yaxınlaşmağa başlayırlar.
Bu baxımdan məlumat öz təsdiqini taparsa, bunu Yaxın Şərqdə ən böyük hadisə olaraq qiymətləndirmək olar və bu bir dönüş nöqtəsi ola bilər".
Politoloq Elşən Manafovun fikrincə, bu il avqustun 6-da Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında əldə edilmiş razılıqlar Yaxın Şərqdə regional təhlükəsizliyin artdığı, İran və ABŞ arasında Hörmuz boğazı ətrafında hərbi qarşıdurmanın gücləndiyi bir dövrdə əldə edilib. Razılaşmalar birgə müdafiə barədə öhdəlikləri nəzərdə tutur və regionda təhlükəsizliyin qorunması ilə bağlı kollektiv təhlükəsizlik qurumunun yaradılması zərurətindən doğub. Bu razılıqlara əsasən tərəflərdən biri kənar bir qüvvə tərəfindən təcavüzə qalacağı təqdirdə digər tərəflər birgə müdafiə aktının prinsiplərindən irəli gələrək təcavüzün dəf edilməsi üçün birgə tədbirlər həyata keçirməyə məsuldurlar.
"Məkkə razılaşması" İsrail və Türkiyə, habelə İran və ABŞ arasında münasibətlərdə gərginliyin artdığı bir şəraitdə əldə olunub və buna görə də bu koalisiyanın meydana gəlməsini məlum qarşıdurmaların doğurduğu reallıqlarla baglayanlar da var: "Hərçənd ABŞ-nin Turkiyədəki səfiri bu razılıqların sünnilərə dəstək və ya ABŞ və İsrailə qarşı olmadıqları barədə diqqətçəkən açıqlamalarla da çıxış edib. Ancaq danılmaz faktdır ki, İranın ərəb ölkələrində ABŞ-a məxsus hərbi bazaları vurması fonunda bu ölkələrin infrastrukturu, enerji obyektlərinə dəyən zərbələri ərəb siyasi istibleşmintində ABŞ-a olan etimadın azalmasına gətirib çıxartdı.
İranın Səudiyyədəki ABŞ hərbi bazalarına hədəfləndiyi şəraitdə Səudiyyənin neft emalı zavodlarının dron və raket zərbələrinə tuş gəlməsi Ər Riyadı daha təminatlı təhlükəsizlik tədbirlərinin axtarışına çıxmağa sövq etdi, zira ABŞ-nin əsas qayğısı İsrailin təhlükəsizliyinin təmin edilməsi idi.
Mövcud koalisiyanın maliyyə xərclərinin əsas yükünü öz üzərinə çəkəcəyini bəyan edən Səuduyyə Turkiyə hərbi sənaye kompleksinin bu qurmun silahlarla təchizatı ilə bağlı razılığı müqabilində danışıqların əsas təşəbbuskarı oldu. Pakistan isə nüvə silahına malik dövlət kimi bu hərbi koalisiyanın geosiyasi çəkisinin artmasına xidmət edən tərəf kimi bu qurumda təmsil olunur".
Politoloq deyib ki, İranın bu koalisiya dəvət olunma ehtimalı azdır, zira, istisna deyil ki, məlum koalisiya ABŞ və İsrailin tərəflərlə apardıqları məxfi danışıqlardan sonra meydana gəlib və İranın məhz musəlman dövlətlərinin vasitəçiliyi ilə cilovlanması planlarından irəli gəlir: "Qeyd etmək yerinə duşər ki, zamanında NATO da müdafiə alyansı kimi meydana gəlmişdi və onun heç bir vəchlə SSRİ-yə qarşı yönəldilmədiyi bildirilirdi. Lakin sovet lideri N.Xruşovun SSRİ-ni də NATO ya qəbul etmək müraciətinə rədd cavabı verildi, bu isə o zaman NATO-ya qarşı dayanan digər bir hərbi alyansın - Varşava Muqaviləsi Təşkilatının ərsəyə gəlməsinə əsas oldu.
Hazırkı şərairdə qlobalist dairələrin və beynəlxalq sionizmin də müsəlman dövlətlərini qarşı - qarşıya qoymaq istəklərinin olması danılmaz faktdır, bu sivilizasiyalar arası qarşıdurmadan qaçmagın məqbul yollarından biridir".
İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani isə deyib ki, hələ zamanı deyil. Çünki gərək sakitlik olmalıdır, indiki bölgə müharibə vəziyyətindədir: "Regionda bəzi məsələlər var ki, həll olunmayıb. Ola bilər danışıqlar aparılsın. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın xarici siyasətində baxışları, mövqeləri üst - üstə düşür. Amma İrandan fərqlidirlər, rəsmi Tehranın xarici siyasətindəki baxışları başqadır. Bir ittifaqa daxil olmaq üçün tərəflərdən müştərək fikir, baxış tələb olunur. Ən azından regionda, amma bunlarda çox fərqlidir. Türkiyə məsələn, bir az şərqtərəfli, qərbtərəfli siyasət yürüdür. Səudiyyə Ərəbistanı və Pakistanın da öz xarici siyasi baxışları var. Bunların heç biri ABŞ və İsraillə problemləri yoxdur. Bunların heç biri İran siyasətində yoxdur. Əgər İran bu ittifaqa qoşulmaq istəsə, gərək xarici siyasətində dəyişiklik etsin. Bu üç dövlət İsrail məsələsində bir-birinə daha yaxındırlar. Düzdür, Türkiyənin İsraillə münaqişəsi olsa da onu tanıyıb, amma Səudiyyə Ərəbistanı və Pakistan tanımayıb. Orada "İbrahim müqaviləsi" nə daxil olmaq məsələsi var. Fələstin məsələsində İranın baxışları fərqlidir. Fələstin dövlətinin yaradılması məsələsində bu müsəlman ölkələrin mövqeləri üst-üstə düşərsə, sözsüz ki, düşür, o zaman İran xarici siyasətində dəyişiklik edə bilər, İsraili tanımasa belə. Bilirsiz, regionda həll olunmamış məsələlər qalır, region dövlətlərin xarici siyasi baxışlar çox vaxt üst-üstə düşmür. Mənim həmişə fikrim bu olub ki, müsəlman ölkələri sıx birləşsinlər. Müxtəlif sahələrdə əməkdaşlıq etsinlər, müəyyən məsələlərdə ixtilafları saxlasınlar, regional siyasətdə bir olsunlar. Bunun üçün müsəlman ölkələrinin potensialı da var. Şəxsən mən İranın bu ittifaqda olmasını istərdim. ABŞ özü də başa düşməlidir, dərk etməlidir ki, regional məsələləri, problemləri orada olan ölkələrin özləri həll etməlidir. ABŞ-nin burada nə işi var, niyə müsəlman ölkələrinin ərazilərində hərbi qüvvələrini yerləşdirib. Bunlar olmasaydı, region rahat nəfəs ala bilərdi".

Cavid