ABŞ-İran gərginliyi: Azərbaycan üçün gözləntilər Gündəm

ABŞ-İran gərginliyi: Azərbaycan üçün gözləntilər

ABŞ-nin İrana qarşı yeni sərt iqtisadi sanksiyaları gündəmdədir. Reuter-in xəbərinə görə, Vaşinqton İranın gəlir mənbələrini məhdudlaşdırmağa çalışır. Bunun isə İranın əsas ticarət tərəfdaşlarına, o cümlədən Türkiyə və region ölkələrinə təsiri ola bilər.
Belə olanb halda bəs ABŞ–İran qarşıdurması Azərbaycanın təhlükəsizliyinə və iqtisadiyyatına necə təsir edə bilər?
“Xalq Cəbhəsi” sual ətrafında iqtisadçıların və politoloqların fikirlərini öyrənib.

Təhlükəsizlik məsələsi
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, ABŞ ilə İran arasında qarşıdurmanın dərinləşməsi Azərbaycan üçün həm təhlükəsizlik, həm də iqtisadi baxımdan ciddi risklər yarada bilər: “Hazırda Vaşinqtonun sanksiyaları yalnız İranın özünə deyil, onunla iqtisadi əlaqədə olan ölkələrə və şirkətlərə də təzyiq imkanlarını genişləndirməyə yönəlib. Reuters-in məlumatına görə, ABŞ artıq İranla işləyən tərəflərin dollar əsaslı maliyyə sistemindən kənarlaşdırılması imkanlarını genişləndirməyə çalışır. Azərbaycan baxımından ən həssas məsələ təhlükəsizlikdir. İranla ABŞ arasında qarşıdurmanın hərbi mərhələyə keçməsi Cənubi Qafqazda gərginliyi artıra bilər. Azərbaycan İranla uzun sərhədə malikdir və regionda baş verən hərbi proseslər sərhəd təhlükəsizliyi, nəqliyyat marşrutları və ümumi geosiyasi sabitlik baxımından əlavə risklər yarada bilər. Xüsusilə İran ərazisində və ya İranın qonşu ölkələrlə sərhədləri yaxınlığında hərbi eskalasiyanın baş verməsi Azərbaycanın təhlükəsizlik mühitinə birbaşa təsir göstərə bilər. Bu baxımdan Azərbaycanın əsas marağı qarşıdurmanın öz sərhədlərinə və Cənubi Qafqaza yayılmasının qarşısını almaqdır”.
Azərbaycan üçün iqtisadi üstünlüklər
O, iqtisadi baxımdan təsirlərin isə ikitərəfli ola biləcəyini deyib: “Bir tərəfdən, İranın daha sərt sanksiyalara məruz qalması Azərbaycanla İran arasındakı ticarət və tranzit əlaqələrinə müəyyən çətinliklər yarada bilər. İran üzərindən həyata keçirilən daşımaların, bank əməliyyatlarının və şirkətlərarası ödənişlərin daha ciddi nəzarətə düşməsi mümkündür. ABŞ-nin ikinci dərəcəli sanksiyaları genişləndirmək niyyəti xüsusilə İranla işləyən regional şirkətləri daha ehtiyatlı davranmağa məcbur edə bilər. Digər tərəfdən, böhranın enerji bazarlarına təsiri Azərbaycan üçün müəyyən iqtisadi üstünlüklər də yarada bilər. İranın neft ixracının məhdudlaşması və Hörmüz boğazında risklərin artması dünya enerji bazarında neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Bu isə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi gəlirlərin artmasına imkan yarada bilər. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynaya bilər, çünki alternativ enerji təchizatına maraq belə böhranlar zamanı artır. Lakin burada mühüm bir risk də var. Neftin qiymətinin yüksəlməsi Azərbaycan üçün ixrac gəlirlərini artıra bilsə də, uzunmüddətli regional böhran dünya iqtisadiyyatında inflyasiyanı, nəqliyyat xərclərini və ticarət risklərini yüksəldə bilər. Yəni Azərbaycan neft qiymətinin artımından müəyyən gəlir əldə etsə də, idxal olunan məhsulların və logistika xidmətlərinin bahalaşması bunun bir hissəsini kompensasiya edə bilər”.
Tranzit imkanları məsələsi
İqtisadçı qeyd edib ki, Azərbaycan üçün digər mühüm məsələ tranzit imkanlarıdır: “İran üzərindən keçən bəzi marşrutların riskə düşməsi Orta Dəhliz və Şimal-Cənub kimi alternativ istiqamətlərə marağı artıra bilər. Bu isə Azərbaycanın nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini yüksəldə bilər. Ancaq bunun üçün regionda təhlükəsizliyin qorunması və Azərbaycanın öz ərazisinin regional qarşıdurmanın bir hissəsinə çevrilməməsi vacibdir. Ümumilikdə, Azərbaycan üçün ən arzuolunan ssenari ABŞ-İran qarşıdurmasının diplomatik yolla tənzimlənməsidir. Çünki qısa müddətdə yüksək neft qiymətləri müəyyən gəlir üstünlüyü yaratsa da, uzunmüddətli müharibə və regional qeyri-sabitlik Azərbaycanın təhlükəsizlik və iqtisadi maraqları üçün daha böyük risklər yaradır. Azərbaycan bu şəraitdə həm İranla sərhəd qonşuluğundan irəli gələn təhlükəsizlik məsələlərini, həm də Qərblə strateji və enerji əlaqələrini balanslaşdırmağa çalışmalı olacaq”.
“Azərbaycanın üstünlüyü balanslı və praqmatik xarici siyasət aparmasıdır”
İqtisadçı Asif İbrahimov deyib ki, ABŞ-nin İrana qarşı iqtisadi təzyiqləri artıq adi sanksiya siyasəti çərçivəsindən çıxaraq daha geniş regional və qlobal iqtisadi təsir mexanizminə çevrilir: “Vaşinqton İranla iqtisadi əlaqələr saxlayan ölkə və şirkətləri də ikinci dərəcəli sanksiyalarla hədələyir. Yeni tədbirlər rəqəmsal aktivlər, qızıl, texnologiya, aviasiya və gəmiçilik kimi sahələri də əhatə edir. Fikrimcə, Azərbaycan bu məsələyə yalnız İranın problemi kimi baxmamalıdır. Azərbaycan İranla sərhəddə yerləşən, Türkiyə ilə strateji tərəfdaş olan, Avropa enerji bazarına çıxışı olan və regionun əsas nəqliyyat dəhlizlərindən birinin üzərində yerləşən ölkədir. Ona görə də ABŞ–İran qarşıdurmasının hər bir yeni mərhələsi Azərbaycanın təhlükəsizliyinə, logistikasına, enerji gəlirlərinə, bank sisteminə və investisiya mühitinə təsir göstərə bilər. Ən böyük risk təhlükəsizlikdir. Qarşıdurma iqtisadi müstəvidən hərbi müstəviyə daha da genişlənərsə, Cənubi Qafqazın geosiyasi əhəmiyyəti kəskin şəkildə artacaq. Azərbaycan belə bir vəziyyətdə nə ABŞ-İran qarşıdurmasının tərəfinə çevrilməli, nə də öz ərazisinin regional qarşıdurmalarda istifadə olunmasına imkan verməlidir. Azərbaycanın əsas üstünlüyü məhz balanslı və praqmatik xarici siyasət aparmaq imkanındadır”.
Nəqliyyat və logistika
O söyləyib ki, ikinci ciddi risk nəqliyyat və logistika ilə bağlıdır: “İran üzərindən keçən marşrutların təhlükəsizliyi zəiflədikcə Azərbaycan alternativ nəqliyyat dəhlizlərinə daha çox ehtiyac duyacaq. Bu baxımdan Zəngəzur istiqaməti, Azərbaycan–Gürcüstan–Türkiyə marşrutu və Orta Dəhlizin əhəmiyyəti daha da artır. Əslində, İran ətrafında yaranan geosiyasi gərginlik Azərbaycanın alternativ tranzit mərkəzi kimi əhəmiyyətini də yüksəldə bilər. Üçüncü məsələ neftdir. İranın enerji ixracının məhdudlaşdırılması və Hörmüz boğazında risklərin artması dünya neft bazarında qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Bu, ilk baxışdan Azərbaycan üçün müsbət görünür. Neftin qiyməti yüksəldikcə Azərbaycanın ixrac gəlirləri və büdcə daxilolmaları arta bilər. Lakin buna sevinmək üçün tələsmək olmaz. Çünki yüksək enerji qiymətləri eyni zamanda dünya üzrə inflyasiyanı, logistika və sığorta xərclərini artırır. Yəni neftdən əlavə gəlir əldə edərkən idxalın da bahalaşması mümkündür. Dördüncü risk bank sektorundadır. ABŞ-nin ikinci dərəcəli sanksiyaları genişləndikcə İranla işləyən şirkətlərin maliyyə əməliyyatları daha ciddi yoxlanılacaq. Bu proses Azərbaycan banklarını da daha sərt compliance, KYC və sanksiya nəzarəti tətbiq etməyə məcbur edə bilər. Burada əsas təhlükə yalnız sanksiyaya məruz qalmaq deyil. Əsas təhlükə qanuni ticarət aparan şirkətlərin belə bank əməliyyatlarında əlavə maneələrlə üzləşməsidir. Türkiyə məsələsi isə ayrıca diqqət tələb edir. Çünki Türkiyənin İranla iqtisadi əlaqələri Azərbaycanın da dolayı risklərini artırır”.
“Əsas məsələ riskləri qabaqcadan idarə etməkdir”
A.İbrahimovun fikirlərinə görə, ABŞ-nin siyasəti İranla ticarət edən üçüncü ölkələrə təzyiqi artırarsa, Ankara üçün də seçimlər çətinləşə bilər: “Bu isə Azərbaycan–Türkiyə ticarətinə, tranzitinə və enerji əməkdaşlığına birbaşa olmasa da, dolayı təsir göstərə bilər. Azərbaycan üçün burada əsas məsələ panikaya düşmək deyil, riskləri qabaqcadan idarə etməkdir. Biz illərdir iqtisadiyyatın şaxələndirilməsindən danışırıq. İndi isə bu strategiyanın praktik əhəmiyyəti ortaya çıxır. Alternativ logistika marşrutları, qeyri-neft ixracı, Türkiyə və Mərkəzi Asiya ilə ticarətin genişləndirilməsi, Avropa bazarlarına çıxışın artırılması və maliyyə sisteminin sanksiya risklərinə hazırlanması artıq seçim deyil, zərurətdir. Mən xüsusilə bir məsələyə diqqət çəkərdim ki, neftin bahalaşmasından əldə olunan əlavə gəlirlər cari xərclərin artırılmasına deyil, risklərə qarşı maliyyə yastığının gücləndirilməsinə yönəldilməlidir. Çünki geosiyasi böhranların nə qədər davam edəcəyini heç kim proqnozlaşdıra bilməz. Bu gün 100 dollar olan neft sabah 80 dollara da düşə bilər. Dövlət iqtisadi siyasətini bir neçə aylıq yüksək neft qiymətinə deyil, uzunmüddətli qeyri-müəyyənliyə uyğun qurmalıdır. ABŞ–İran qarşıdurması Azərbaycan üçün həm risk, həm də imkan yaradır. Risk ondan ibarətdir ki, Azərbaycan regionda yaranan təhlükəsizlik, logistika və maliyyə təzyiqlərindən kənarda qala bilməyəcək. İmkan isə ondan ibarətdir ki, Azərbaycan öz coğrafi mövqeyindən istifadə edərək Şərq–Qərb və Şimal–Cənub ticarət əlaqələrində daha mühüm tranzit və enerji mərkəzinə çevrilə bilər. Amma bunun üçün yalnız biz tranzit ölkəyik demək kifayət deyil. Biz alternativ marşrutları, limanları, dəmir yollarını, gömrük infrastrukturunu, sığorta və maliyyə mexanizmlərini real şəkildə gücləndirməliyik. Bu gün İran ətrafında baş verənlər Azərbaycanın gələcəyinə bir daha göstərir ki, iqtisadi təhlükəsizlik artıq yalnız neft hasilatı və valyuta ehtiyatı məsələsi deyil. İqtisadi təhlükəsizlik həm də alternativ bazar, alternativ marşrut, alternativ enerji infrastrukturu və alternativ maliyyə kanallarına malik olmaqdır. Azərbaycan indidən bunları qurmalıdır”.
Sanksiyaların miqyası daha da çoxalarsa…
Politoloq Turan Rzayev söyləyib ki, ABŞ illərdir ki, İrana qarşı sanksiyalar tətbiq edir və bu sanksiyaların da ardı-arası kəsilmir: “Lakin indiki məqamda sanksiyaların miqyası deyildiyi kimi daha da çoxalacaqsa, bunun İran üçün fəsadları hər zamankından ağır olacaq. Ümumiyyətlə, İranda sosial-iqtisadi vəziyyət yaxşı deyil. Bu iqtisadi vəziyyət daha da pisləşərsə, buna yerli əhali də səssiz qalmayacaq. Aydın məsələdir ki, ABŞ daxildən sifarişlə xarici qüvvələri cəlb etmək istəyir. Əgər düşündüyüm kimi olsa, gəldiyim nəticə budur ki, Vaşinqton İranı iqtisadi sanksiyalarla sıxıb yerli əhalini rejimə qarşı ayaqlandırmaq, daha sonra isə müdaxiləni leqallaşdırmaq istəyir. Hətta müdaxilə edəcəyi ölkələrin belə ABŞ və müttəfiqləri deyil, daha çox regional koalisiya olacağını düşünürəm. “Məkkə sazişi” ölkələri buna məcbur olacaq. Çünki paraleldə həm də son zamanlar, məsələn, İraq Kürdüstanına, eləcə də Körfəz ölkələrinə qarşı zərbələrlə faktiki olaraq “Məkkə sazişi” ölkələrini sıxışdıracaqlar. Hətta yaxın müddətdə Səudiyyə Ərəbistanına da zərbələr endirilməsi gözlənilir. Belə olan təqdirdə bu, “Məkkə sazişi” ölkələrini aktivləşdirəcək və İrana müdaxilə məsələsi reallaşacaq. ABŞ isə yəqin ki, birbaşa iştirakdan daha çox, kənar müdaxilə ilə özünü göstərməyə çalışacaq”.

Röya İsrafilova