“Repetitorluğun kökü: sistem, müəllim, yoxsa imtahan?”
26 Avqust 23:27

Gənclərin özlərini cəmiyyətdə təsdiq etmələrində könüllülük hərəkatının mühüm rolu var. Bu fəaliyyətdə iştirak onların cəmiyyətdə daha özgüvənli, eləcə də məsuliyyətli olmalarına kömək edir. Həmçinin gənclərin əlaqələri formalaşır, təcrübə toplayırlar. Bu təcrübə sonradan onlara bir çox sahələrdə, eyni zamanda, iş həyatlarında da yardımçı olur.
“Xalq Cəbhəsi” könüllülük hərəkatının əhəmiyyətini, bu fəaliyyətin gənclərin yetişməsindəki rolunu araşdırıb.
“Bu prosesə 45 mindən çox könüllü gənc qoşulub”
“ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva söyləyib ki, 19 dekabr 2013-cü ildə bir qrup ASAN könüllüsünün təşəbbüsü ilə yaradılan “ASAN Könüllüləri” Təşkilatının əsas məqsədinin könüllülər arasında əlaqələrin gücləndirilməsi, gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də cəmiyyətə faydalı vətəndaşların formalaşdırılmasına töhfə verməkdir: “Əsas vəzifələri isə gənclərin bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi, sosial məsuliyyətin gücləndirilməsi və müxtəlif yerli və beynəlxalq layihələrin həyata keçirilməsidir. Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 45.000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 6800-dən çox təlim, 950-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3450-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub”.
“Gənclərin könüllülük fəaliyyətinə marağı çox artıb”
A.Quliyeva qeyd edib ki, könüllülük cəmiyyətdə vətəndaşların sosial məsuliyyətinin formalaşmasına və ictimai faydalı təşəbbüslərin həyata keçirilməsinə töhfə verir: “Bununla yanaşı, könüllülük fəaliyyəti fərdlərin şəxsi və peşəkar inkişafına, eləcə də sosial bacarıqlarının inkişafına xidmət edir. Son illərdə gənclərin könüllülük fəaliyyətinə marağı çox artıb. Onlar həm öz potensiallarını inkişaf etdirmək, həm də cəmiyyətə fayda vermək məqsədilə müxtəlif könüllü proqramlarda fəal iştirak edirlər. Könüllülük gənclərə praktiki təcrübə qazandırır, liderlik, komanda işi və ünsiyyət bacarıqlarını inkişaf etdirir. Bu isə onların gələcək karyera imkanlarını genişləndirən mühüm üstünlüklərdən biridir”.
“Könüllülük hərəkatı cəmiyyət həyatının mühüm hissəsidir”
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir Azəri deyib ki, Azərbaycanda könüllülük hərəkatı son illərdə sürətli inkişaf yolu keçərək cəmiyyət həyatının mühüm tərkib hissəsinə çevrilib: “Xüsusilə gənclərin ictimai fəallığının artırılması, onların müxtəlif sosial və beynəlxalq layihələrə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər ölkədə könüllülük ənənələrinin daha da möhkəmlənməsinə səbəb olub. Bu gün könüllülük hərəkatı dünyada aparıcı mövqelərdən birini tutur və Azərbaycan da bu sahədə nümunəvi ölkələr sırasında yer alır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı Azərbaycan könüllülərinin nümayiş etdirdiyi peşəkarlıq və məsuliyyət bunu bir daha sübut edir. Xüsusilə COP29 və WUF13 çərçivəsində fəaliyyət göstərən gənc könüllülər yüksək təşkilatçılıq bacarıqları və fəallıqları ilə seçildilər. Onların fəaliyyəti tədbirlərdə iştirak edən xarici qonaqlar tərəfindən də yüksək qiymətləndirildi. Bu, Azərbaycanda könüllülük institutunun nə qədər inkişaf etdiyini açıq şəkildə göstərir”.
“Bu, gənclərin peşəkar fəaliyyətləri üçün hazırlıq mərhələsidir”
CASCFEN sədrinin sözlərinə görə, könüllülük yalnız ictimai fəaliyyət deyil, eyni zamanda, gənclərin şəxsi inkişafı, liderlik bacarıqlarının formalaşması və gələcək peşəkar fəaliyyətləri üçün mühüm hazırlıq mərhələsidir: “Könüllü fəaliyyətə qoşulan gənclər gələcək uğurlarının təməlini məhz bu prosesdə qoyurlar”.
N.Azəri rəhbərlik etdiyi təşkilatda da könüllülük prinsipinə xüsusi önəm verildiyini bildirib: “Təşkilata üzv olmaq istəyən gənclər əvvəlcə könüllü fəaliyyətə cəlb olunur, müxtəlif proqram və layihələrdə iştirak edirlər. Bu mərhələdə onların ictimai fəallığı, məsuliyyət hissi, təşəbbüskarlığı və komanda şəraitində işləmək bacarığı qiymətləndirilir. Müsbət nəticə göstərənlər daha sonra təşkilatın tamhüquqlu üzvləri sırasına qəbul edilirlər. CASCFEN tərəfindən Bakı və regionlarda həyata keçirilən çoxsaylı tədbirlərdə gənc könüllülərin iştirakına geniş imkan yaradılır və onların potensialından səmərəli şəkildə istifadə olunur”.
“Könüllülük gənclərin yetişməsinə dəstək verir”
Araşdırmaçı ekspert Məhbubə Mehdiyeva könüllülük fəaliyyətinin gənclərin özünü inkişaf etdirməsinə, məsuliyyətli və fəal vətəndaş kimi formalaşmasına mühüm töhfə verdiyini bildirib: “Bu fəaliyyətlər gənclərdə liderlik, ünsiyyət və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirir, onların sosial məsuliyyət hissini gücləndirir. Eyni zamanda, gənclərin faydalı işlərə cəlb olunması onların boş vaxtlarını səmərəli keçirməsinə və zərərli vərdişlərdən uzaq durmasına kömək edir. Xüsusilə maarifləndirici tədbirlərdə və sosial layihələrdə iştirak edən gənclər sağlam həyat tərzini təbliğ edir, narkotik vasitələr, tütün və digər zərərli vərdişlərin fəsadları barədə yaşıdlarını məlumatlandırırlar. Bu baxımdan, könüllülük gənclərin həm cəmiyyətə faydalı olmasına, həm də sağlam düşüncəli, düzgün seçimlər edən fərdlər kimi yetişməsinə dəstək verir”.
“Özüm üçün verdiyim ən doğru qərarlardan biri idi”
Könüllülük proqramın iştirakçısı Aysel Həsrət bildirib ki, əvvəl onun həyatı sadəcə ev və məktəbdən ibarət olub. Sonra universitetə qəbul olub və elə qəbul olduğu ildən Tələbə Gənclər Təşkilatına üzv olub: “İlk başlarda tərəddüd etdim, düşündüm ki, dərslərə vaxtım olmaz. Amma hələ fərqində deyildim ki, özüm üçün verdiyim ən doğru qərarlardan biri olacaqdı. Könüllülük proqramları çərçivəsində müxtəlif konsertlər, tamaşalara getməklə yanaşı, ətraf mühiti qorumaqla əlaqəli olan tədbirlərə də qatılırdım. Sonra əlaqələrim genişlənməyə başladı, hələ bakalavr tələbəsi olmağıma baxmayaraq beynəlxalq tədbirlərdə ingiliscə tərcüməçilik etmək üçün təkliflər alırdım və gedirdim. Ən son Bakıda keçirilən COP29 BMT-nin İqlim Dəyişmələri Konfransında könüllük etdim. Prezidentdən təşəkkürnamə aldım, 1500 manat da pul mükafatı. Əslində, məsələnin içində pul və ya mükafat olmadan qeydiyyatdan keçmişdim, amma bu, mənim üçün gözəl süpriz oldu. Motivasiyamı daha da artırdı”.
“Sosiallaşdıqca özgüvəniniz artacaq”
A.Həsrət artıq 8 ilə yaxın bir müddətdir ki, müxtəlif könüllülük proqramlarında iştirak etdiyini vurğulayıb: “Bu illər ərzində özüm kimi çevik, hər yenilikləri öyrənməyə çalışan gənclərlə yanaşı, etdiyimiz könüllülüklərin boş iş olduğunu, heç nəyə yaramayacağını deyən özləri heç nə ilə məşğul olmayan insanlarla da qarşılaşdım. Əgər onları dinləsəydim, həyatı hələ də universitet və evdən ibarət olan sıxıcı, içinə qapanıq bir gənc olacaqdım. Amma indi heç nədən çəkinməyən, yaş fərqi olmadan hamı ilə ünsiyyət qura bilən, nitqi səlis, düşüncələrini düzgün ifadə edə bilən özgüvənli bir gənc oldum. Bu yolda özümə çoxlu eyni fikirdə olan dostlar da qazandım. İlk başlarda tək getdiyim proqramlara, tədbirlərə indi artıq daha böyük və güclü qruplar içərisində daxil oluram. Gənclərə tövsiyə edirəm ki, nə qədər beynəlxalq tədbirlər keçirilirsə orda iştirak etməyə çalışsınlar. Professorlar və nazirlərlə danışmaqdan çəkinməsinlər. Çox vaxt utanırıq, ancaq əmin olsunlar ki, onlar hər zaman gənc və enerji dolu yeni üzlər axtarırlar. Sosiallaşdıqca özgüvəniniz artacaq. Daha güclü, özündən əmin gənclər kimi formalaşacaqsınız”.
“Könüllülük özünü formalaşdırmaq prosesidir”
Gənc ictimai-siyasi fəal, könüllülük proqramın iştirakçısı Emin Əsədlinin fikirlərinə görə, könüllülük yalnız başqalarına kömək etmək deyil, həm də cəmiyyətin ritmini tutmaq, onun ehtiyaclarını anlamaq və bu ehtiyaclara uyğun özünü formalaşdırmaq prosesidir: “Beş illik fəaliyyətim müddətində buna əmin olmuşam. İnsan yalnız müşahidə etdikdə deyil, proseslərin içərisində olduqda inkişaf edir. Könüllülük isə məhz bu imkanları yaradan ən güclü platformalardan biridir. Könüllülük gənclərə liderlik xüsusiyyətləri də qazandırır. Çünki liderlik yalnız vəzifə sahibi olmaq deyil, məsuliyyət götürmək, təşəbbüs göstərmək və insanları ortaq məqsəd ətrafında birləşdirmək bacarığıdır. Bir tədbirin təşkilində iştirak etmək, layihənin müəyyən hissəsinə cavabdeh olmaq və ya komandanı koordinasiya etmək gənclərdə özünəinam hissini artırır. Bu təcrübə gələcəkdə həm iş həyatında, həm də ictimai fəaliyyətlərdə böyük üstünlük yaradır”.
“Könüllülük gənclərə sosial məsuliyyət hissi aşılayır”
O vurğulayıb ki, könüllülük şəbəkələşmənin ən effektiv və davamlı forması hesab oluna bilər: “İnsanlar bir məqsəd uğrunda birlikdə çalışarkən bir-birlərini diplomlar və ya vəzifələr vasitəsilə deyil, davranışları, iş intizamı və məsuliyyət hissi ilə tanıyırlar. Birgə həyata keçirilən layihələr, əldə olunan nəticələr və göstərilən sədaqət insanın nüfuzunu formalaşdırır. Bu isə gələcək karyera imkanlarının yaranmasında mühüm rol oynayır. Bir çox hallarda yeni iş imkanları və əməkdaşlıqlar məhz könüllülük zamanı qurulan münasibətlər nəticəsində ortaya çıxır. Könüllülük fəaliyyəti gənclərə sosial məsuliyyət hissi də aşılayır. Cəmiyyətin problemlərini yaxından görmək, insanların ehtiyaclarını anlamaq və onların həllinə töhfə vermək fərdin dünyagörüşünü dəyişir”.
“Bu fəaliyyət real iş mühitinə uyğunlaşma qabiliyyətini nümayiş etdirir”
E.Əsədli eləcə də bildirib ki, könüllülük həm də şəxsi brendin formalaşmasına xidmət edir: “Şəxsi brend yalnız sosial şəbəkələrdə görünmək və ya tanınmaq deyil, insanların zehnində müəyyən keyfiyyətlərlə assosiasiya olunmaqdır. İcra etdiyimiz işlərin keyfiyyəti, məsuliyyətə münasibətimiz və davamlı fəaliyyətimiz bizim haqqımızda təsəvvür yaradır. Könüllülük fəaliyyəti isə bu imici formalaşdırmaq üçün geniş imkanlar təqdim edir. Bir layihənin təşəbbüskarı olmaq, komandanın uğuruna töhfə vermək və ya çətin vəziyyətlərdə həll yolu tapmaq insanın adını etibarlılıq və peşəkarlıqla əlaqələndirir. Bugünkü əmək bazarında işəgötürənlər yalnız diplom və qiymətlərə deyil, namizədin praktiki təcrübəsinə də böyük əhəmiyyət verirlər. Könüllülük fəaliyyəti CV-ni zənginləşdirməklə yanaşı, insanın real iş mühitinə uyğunlaşma qabiliyyətini nümayiş etdirir. Bu səbəbdən bir çox beynəlxalq şirkətlər və təşkilatlar könüllülük təcrübəsini üstünlük hesab edirlər”.
Röya İsrafilova