
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də qardaş Özbəkistana baş tutan dövlət səfəri həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük diqqət doğurub. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Səfərin əsas məqamlarından biri Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi və bir sıra mühüm sənədlərin imzalanması olub. Həmçinin Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı və “Azərbaycan” parkının təməlinin qoyulması da iki ölkə arasında humanitar və mədəni əlaqələrin dərinləşməsinin göstəricisi kimi qiymətləndirilə bilər.
“Xalq Cəbhəsi” bu mühüm səfərlə bağlı millət vəkilləri və politoloqların fikirlərini öyrənib.
Milli Məclisin deputatı Elnarə Akimova deyib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi təsadüfi hadisələrin məcmusu deyil: “Bu, illər ərzində formalaşmış siyasi xəttin, qarşılıqlı etimadın və strateji baxışın məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində İlham Əliyevin həyata keçirdiyi fəal xarici siyasət nəticəsində Azərbaycan–Özbəkistan əlaqələri dostluqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan isə müttəfiqliyə yüksəlib. İndi qarşıda duran əsas məsələ əldə edilmiş siyasi kapitalı daha böyük iqtisadi, nəqliyyat, texnoloji və humanitar layihələrə çevirməkdir. Çünki müttəfiqlik yalnız bir-birinə siyasi dəstək vermək deyil; həm də ortaq maraqları institusional mexanizmlərlə qorumaq, iqtisadi imkanları birləşdirmək, regional təhlükəsizliyə töhfə vermək və gələcək nəsillər üçün daha sıx əməkdaşlıq məkanı yaratmaqdır. Bakı ilə Daşkəndin münasibətlərinin gücü də məhz buradadır: bu əlaqələr keçmişin ortaq yaddaşından qidalanır, bu günün qarşılıqlı maraqları ilə möhkəmlənir və gələcəyin strateji hədəflərinə doğru istiqamətlənir”.
“Bu səfər müttəfiqliyin yeni mərhələyə keçirilməsidir”
E.Akimova vurğulayıb ki, Azərbaycan və Özbəkistanın yaxınlaşması iki qardaş dövlətin münasibətlərinin uğurundan daha böyük məna daşıyır: “Bu, türk dünyasının siyasi və iqtisadi çəkisinin artması, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq körpülərinin qurulması və dəyişən dünya nizamında milli maraqlara söykənən regional həmrəyliyin güclənməsi baxımından strateji hadisədir. Bu mənada Azərbaycan Prezidentinin Özbəkistana səfəri sadəcə növbəti yüksək səviyyəli görüş deyil. Bu səfər artıq möhkəm təməllər üzərində qurulmuş müttəfiqliyin yeni mərhələyə keçirilməsi, Bakı-Daşkənd oxunun regional əməkdaşlığın daha geniş xəritəsinə çevrilməsi və iki dövlətin gələcəyə birlikdə baxışının növbəti siyasi ifadəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın Özbəkistanla münasibətlərində əsas istiqamət artıq aydındır: daha sıx əməkdaşlıq, daha güclü müttəfiqlik və daha böyük regional həmrəylik”.
“Özbək qardaşlarımız Azərbaycanın yanındadır”
Siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib ki, Azərbaycan-Özbəkistan münasibətləri 2024-cü ildə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldilib: “Xalqlar arasındakı tarixi-mədəni münasibətlərin zamanın və siyasi sistemlərin fövqündə duran xarakteri bu münasibətlərin siyasi müstəvidə də əbədi dostluq olaraq möhürlənməsinə gətirib çıxardı. Cənab Prezident İlham Əliyevin ən son Özbəkistan səfərində iki ölkə arasında "Əbədi Dostluq haqqında" Müqavilə imzalandı. Beləliklə, tarix sanki yenidən qarşımızda canlandı. Qədim İpək yolu vaxtilə Özbəkistanla Azərbaycanı Qərbə birləşdirdiyi kimi, bu gün Orta Dəhliz adını verdiyimiz yeni geosiyasi layihə Şərq-Qərb dəhlizinin ayrılmaz bir parçası olmaqla yanaşı, eyni zamanda, Özbəkistan və Azərbaycan xəttində yeni əməkdaşlıqlara yol açır. Necə ki, iki xalqın ədəbi zirvəsində yer alan 12-ci əsr ədibləri Nəvai və Nizami bir-biri ilə isti münasibətlərə sahib idilərsə, bu gün Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr yaşayır, inkişaf edir, Türk Dünyasının ortaq təhsil-mədəni ocaqları formalaşır. 14-cü əsrin sərkərdəsi Əmir Teymur Özbəkistan siyasi sistemində olduğu qədər Azərbaycan tarixi yaddaşında da silinməz iz buraxıb. 20-ci əsrdə 1966-cı ildə Daşkənddə dağıdıcı zəlzələ olanda Azərbaycanlılar özbəklərə öz evlərinin qapılarını açıb, şəhərin bərpasında rol alıb. Bu gün özbək qardaşlarımız Qarabağda erməni işğalının izlərini silməkdə, bərpa və quruculuqda Azərbaycanın yanında yer alır. Azərbaycan Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Sovet dövründə Türk toplumlarına qarşı ayrı-seçkilik, təxribat siyasətinin nümunəsi olan "Pambıq işində" Özbəkistanı dəstəkləmişdi, bu təxribatçı siyasətə qarşı çıxmışdı. Özbəkistan isə daima müstəqillik dövründə Azərbaycanın haqlı mövqeyinin prinsipial dəstəkçilərindən olub, 2008-ci ildə BMT-də qəbul olunan, Ermənistan silahlı qüvvələrinin Qarabağdan qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnaməyə Mərkəzi Asiyadan "lehinə" səs verən yeganə dövlət Özbəkistan olub”.
Sürətlə inkişaf etdirilən iqtisadi münasibətlər
Ş.Cəlilzadənin sözlərinə görə, müasir dövr iqtisadi əlaqələri gücləndirməyi siyasi münasibətlərin təməl faktoru olaraq şərtləndirir: “Odur ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər sürətlə inkişaf etdirilir. Qarşıdakı illər üçün illik 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi qoyulub. 2025-ci ildə bu rəqəm 800 milyon dollara yaxınlaşıb. İki ölkənin qarşılıqlı investisiya fondu yaradılıb ki, bu, birgə layihələrin maliyyələşdirilməsinə imkan verir. Azərbaycan və Özbəkistan iqtisadi münasibətlərinin inkişafı həm də Türk Dünyasında iqtisadi inteqrasiyanın da güclənməsi demək olub, bu çərçivədə də mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, sadəcə Özbəkistanla deyil, Mərkəzi Asiya ilə münasibətlər strateji xarakter almaqdadır. 2025-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının daimi iştirakçısına çevrildi. Bu, qurulmaqda olan yeni geosiyasi arxitekturanın ilkin işarəsidir. Belə ki, artıq dünya şimal və cənub dəhlizlərindən imtina edərək orta dəhlizə yönəlir. Bu, şimalda Rusiyanın, cənubda İranın strateji resurslarından qlobal və ya regional hegemonluq üçün istifadə etməsinə və səbəb olduğu regional gərginliklər, müharibələr, münaqişələr səbəbilə iqtisadi tarazlığın pozulmasına bir cavab olaraq qiymətləndirilməlidir”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan Mərkəzi Asiyanın Qərbə çıxışını təmin etməklə yanaşı, bu istiqamətdə artıq təməli qoyulan real layihələr var - Yaşıl Enerji Dəhlizi, Trans-Xəzər fiber optik xətti, multimodal nəqliyyat-logistika marşrutu və s. Cənab Prezident Özbəksitan səfərində Azərbaycan və Mərkəzi Asiyanı vahid geosiyasi və geo-iqtisadi region olaraq xarakterizə etdi: “O, eyni zamanda bu vahid regionda əməkdaşlıq üçün daha böyük potensialın gələcəkdə üzə çıxarılmasından bəhs etdi. Hazırda bu potensial tam gücüylə realizə olunmaqdadır”.
“Bu səfər mühüm siyasi əhəmiyyət daşıyır”
Politoloq Elman Telmanoğlu qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana səfərini yalnız Azərbaycan–Özbəkistan münasibətləri çərçivəsində qiymətləndirmək düzgün olmaz: “Bu səfər Azərbaycanın Mərkəzi Asiyaya yönəlmiş xarici siyasətinin və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında münasibətlərin artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsi Bakı–Daşkənd əlaqələrinin regional siyasətdə xüsusi çəkisini artırır. Eyni zamanda, iki ölkənin siyasi mövqelərinin yaxınlığı Xəzər hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha sıx geosiyasi və iqtisadi əlaqələrin formalaşmasına imkan yaradır”.
Bakı və Daşkənd üçün ortaq strateji maraq
Onun fikirlərinə görə, region üçün əsas perspektivlərdən biri Azərbaycanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında mühüm nəqliyyat və logistika bağlantısına çevrilməsidir: “Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması, nəqliyyat infrastrukturunun əlaqələndirilməsi, ticarət və investisiya imkanlarının genişləndirilməsi Bakı və Daşkənd üçün ortaq strateji maraqdır. Bu baxımdan səfər yalnız siyasi münasibətlərin deyil, həm də iqtisadi və nəqliyyat əməkdaşlığının yeni mərhələyə keçməsinə şərait yarada bilər. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında bağlantı imkanlarının genişlənməsi onun regional tranzit və logistika rolunu daha da gücləndirəcək. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının aparıcı və fəal üzvlərindəndir və onların daha sıx koordinasiyası təşkilat daxilində iqtisadi, nəqliyyat, enerji və siyasi əməkdaşlığa əlavə impuls verə bilər. Burada söhbət yalnız tarixi və mədəni yaxınlıqdan deyil, ortaq iqtisadi maraqlar əsasında daha inteqrasiya olunmuş türk coğrafiyasının formalaşmasından gedir. Bakı–Daşkənd xətti gələcəkdə Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən və türk dövlətlərinin regional çəkisini artıran əsas strateji istiqamətlərdən birinə çevrilə bilər”.
Səfərin nəticələri
E.Telmanoğlu bildirib ki, gələcək perspektivdə səfərin nəticələrini üç əsas istiqamətdə görmək mümkündür: siyasi müttəfiqliyin daha da möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat layihələrinin genişləndirilməsi və Türk Dövlətləri Təşkilatı daxilində daha sıx koordinasiyanın təmin olunması: “Azərbaycan və Özbəkistanın həm regional, həm də beynəlxalq məsələlərdə mövqelərinin uzlaşdırılması onların ayrı-ayrılıqda malik olduqları imkanları daha böyük regional təsirə çevirə bilər. Ona görə də İlham Əliyevin bu səfərini sadəcə ikitərəfli münasibətlərin inkişafı deyil, Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan yeni geosiyasi və iqtisadi əməkdaşlıq xəttinin möhkəmləndirilməsi baxımından strateji addım kimi qiymətləndirmək olar”.
Röya İsrafilova