
2026-cı il avqust ayının 18-də İsrail Suriyanın Şimal-Qərbindəki Əbu əl-Duhur hərbi aviabazasını vurub. İsrail bunu, Türkiyənin həmin bazada hərbi mövcudluq yaratmağa hazırlaşması ilə əlaqələndirib. Ankara isə öz növbəsində İsrailin bu iddiasını rədd edib.
ABŞ isə hadisədən sonra Türkiyə -İsrail -Suriya arasında toqquşmaların qarşısını almaq üçün "xüsusi koordinasiya", yəni qarşıdurmadan yayınma mexanizmi yaratmağa çalışır.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"İsrailin siyasi bəyanatı və xəbərdarlığı, birbaşa Türkiyəyə yönəlib və məqsəd Türkiyənin Suriya ərazisində müstəqil hərbi-strateji infrastruktur yaratmasına qarşı verilən bu bəyanatlar, Türkiyənin Suriyada uzunmüddətli hərbi gücə çevrilməsinə mane olmaqdır.
Əlbəttə ki, Türkiyə hökuməti və onun prezidenti Ərdoğanın, yeni Suriya hökuməti və prezidenti Əhməd əl-Şara ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr bir çox sahələrdə, xüsusilə də hərbi əməkdaşlıq və ordu quruculuğu sahəsində özünü göstərir" - o, deyib.
Ç.Şahbazinin fikrincə, buna qarşı çıxan İsrail hökumət rəsmiləri Suriyada Türkiyənin hərbi sahədə fəaliyyətinə göz yummayacaqlarını bildiriblər.
Verilən bəyanatların məntiqi ondan ibarətdir ki, İranın Livan və Qəzzada tədricən hərbi şəbəkə qurumasının nəticəsini görən İsrail , eyni prosesin Türkiyə ilə Suriya arasında təkrarlanmasına, artıq izn verməyəcək. İsrail kəşfiyyatının məlumatlarına görə, Türkiyə həmin hərbi bazada dronlar və radar sistemi yerləşdirməyi planlaşdırıb və əgər bu sistemlərin quraşdırılması baş tutsaydı, Türkiyə Suriya səmasında və Aralıq dənizi üzərində daha ciddi müşahidə imkanları əldə edə bilərdi:
"İsrail bunu sırf Suriya daxilindəki məsələ kimi yox, özünün hərbi fəaliyyətinə təsir edə biləcək yeni strateji imkan olaraq qiymətləndirib. Əlbəttə ki, bu iddialar İsrailin Suriyada hərbi əməliyyatlar aparmaq azadlığını məhdudlaşdıran amillərdir və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar özünün təhlükəsizliyi adı altında, Suriyada hərbi üstünlüyünü qoruyub saxlamağa hesablanıb.
Suriya tərəfi qəti şəkildə İsrailin bu iddiasını rədd edib və belə bir planın olmadığını da qarşı tərəfə bildirib. Bazada Türkiyə hərbiçilərinin olması isə təlim və təcrübə mübadiləsi çərçivəsində həyata keçirilib. ABŞ, İsrailin bu addımını dəstəkləməyib. İsrailin ABŞ-a əvvəlcədən xəbər vermədən əməliyyat keçirməsini də problem olaraq qiymətləndirib və ABŞ İsrailin bu addımını təhlükəli eskalasiya hesab edib. Ehtimallar arasında İsrailin Turkiyəni qarşıdurmaya cəlb etmək məqsədi də istisna olunmur. Türkiyə NATO üzvüdür və ABŞ-ın yaxın müttəfiqidir. İsrailin İrana qarşı istifadə etdiyi qabaqlayıcı tədbirlər, Türkiyəyə qarşı istifadə edilməsi, ABŞ-ı çətin duruma salır. Bu səbəbdən də ABŞ qabaqlayıcı tədbirlər almaq üçün, koordinasiya mexanizmi yaratmağa çalışır.
Məqsəd ehtimal olunan qarşıdurmanın qarşısını almaqdır. Əslində isə İsrail hökumətinin iddialarının heç bir əsası yoxdur və öz təsdiqini tapmayıb. Türkiyə Suriyanın yeni ordu quruculuğunda fəal iştirak edir və hesab edirəm ki, bu istiqamətdə işlər davam edəcək. Bu heç kimi narahat etməməlidir və qeyd etmək lazımdır ki, ordu quruculuğu aparılmayan ölkələrdə, o yerlərə qeyri-leqal qüvvələr sahiblənib və bu gün Türkiyə dövləti, Suriyada buna imkan verməmək üçün çalışır".
Cavid