
Son dövrlərdə əmlak sığortası sektorunda müşahidə olunan kəskin yüksəliş ilk baxışdan cəmiyyətdə sığorta mədəniyyətinin formalaşdığı təəssüratını yaradır. Lakin rəqəmlərin arxasındakı real mənzərə göstərir ki, bazarın böyüməsində şəxsi istəklə yanaşı, daha fərqli və məcburi mexanizmlər hərəkətverici qüvvəyə çevrilib. Daşınmaz əmlakın kəskin bahalaşması, tikinti xərclərinin artması və ipoteka kreditləşməsinin genişlənməsi sığorta haqlarının həcmini avtomatik yuxarı çəkir. Bəs bu artım həqiqətən əhalinin sığorta şirkətlərinə inamının göstəricisidir, yoxsa sadəcə bazar şərtlərinin gətirdiyi bir nəticədir?
Əmlak sığortası artımının real səbəbləri
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Xalq Cəbhəsi”nə açıqlamasında vurğulayıb ki, Əmlak sığortası bazarındakı artımı yalnız vətəndaşların sığortaya marağının yüksəlməsi ilə izah etmək düzgün deyil.
İqtisadçı qeyd edib ki, əmlak sığortası bazarındakı artıma bir sıra amillər təsir edə bilər: “Əmlak sığortası bazarındakı artımı yalnız vətəndaşların sığortaya marağının yüksəlməsi ilə izah etmək düzgün olmaz. Burada həm əhalinin sığorta haqqında məlumatlılığının artması, həm də əmlakın dəyərinin yüksəlməsi, kreditlə alınan əmlakların sığortalanması və sığorta şirkətlərinin məhsullarını genişləndirməsi kimi amillər rol oynaya bilər”.
A.Nəsirlinin sözlərinə görə, xüsusilə ipoteka və kreditlə alınan mənzillərin sığortalanması bazarın böyüməsinə təsir edən mühüm amillərdəndir: “Xüsusilə ipoteka və kreditlə alınan mənzillərin sığortalanması bazarın böyüməsinə təsir edən mühüm amildir. Bundan başqa, daşınmaz əmlakın və tikinti xərclərinin bahalaşması sığorta olunan əmlakın məbləğini də artırır. Eyni sayda əmlak sığortalansa belə, sığorta məbləğinin yüksəlməsi bazarın pul ifadəsində böyüməsinə səbəb ola bilər”.
İqtisadçı bildirib ki, təbii fəlakətlər, yanğın, su basması və digər risklərlə bağlı məlumatlılığın artması da insanların sığortaya münasibətinə təsir göstərə bilər: “Təbii fəlakətlər, yanğın, su basması və digər risklərlə bağlı məlumatlılığın artması da insanların sığortaya münasibətini dəyişə bilər. Lakin burada mühüm məsələ sığortalanan əmlakların sayının artması ilə sığorta haqlarının artmasını bir-birindən ayırmaqdır. Əgər artım əsasən əmlakların dəyərinin yüksəlməsi hesabına baş verirsə, bu, vətəndaşların sığortaya marağının kəskin artdığını avtomatik göstərmir”.
A.Nəsirli qeyd edib ki, sığorta bazarının böyüməsi şirkətlər arasında rəqabətin artmasına, daha çevik məhsulların yaranmasına və sığorta xidmətlərinin əlçatanlığının yüksəlməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə əsas göstərici yalnız sığorta haqlarının artması deyil: “Uzunmüddətli perspektivdə əsas göstərici təkcə sığorta haqlarının artması deyil, sığortalanan əmlakların sayının və sığorta hadisələri zamanı real ödənişlərin də artmasıdır. Bu, əhalinin sığortaya etimadının formalaşması baxımından daha vacib göstəricidir”.
Bank kreditlərinin sığorta bazarına təsiri
İqtisadçı ekspert Xalid Kərimli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, əmlak sığortasına marağın artmasında vətəndaşların maariflənməsi ilə yanaşı, bir sıra digər amillər də mühüm rol oynayır.
Ekspertin sözlərinə görə, əsas amillərdən biri son illərdə əmlak qiymətlərinin əhəmiyyətli dərəcədə artmasıdır: “Birincisi, bu əmlakın qiymətinin artması. Yəni sığorta əmlakın qiymətinə, qiymətinə görə təyin olunur. Əmlaklarda hər dəfə, son 5 ildə elə Mərkəzi Bankın özünün statistikası məlumatına görə 45%-ə qədər əmlak qiymətləri qalxıb. Avtomatik bir hissə burdan gəlir. İpoteka və bank kreditləri hesabına əmlak alışının artması da sığorta bazarına təsir göstərən əsas amillərdəndir. Onun sözlərinə görə, kreditlə əmlak alışı zamanı banklar əmlakın sığortalanmasını tələb edir.
İkincisi, ipoteka kreditləri ilə, ipoteka kreditləri ilə bankların daxili ipoteka kreditləri ilə əmlak alışının çoxalması da buna təsir göstərir. Kreditlə, kreditlə rəsmiləşdirəndə İpoteka Fondu da, kommersiya banklarının özü də əmlakın sığortasını məcburi edirlər. Çünki uzunmüddətli kredit olduğuna görə risk görürlər. Yəni bax bu bank kreditlərinin rolu da var”.
Ekspert əlavə edib ki, vətəndaşların sığorta ilə bağlı maariflənməsi, sığorta şirkətlərinin apardığı təbliğat, eləcə də sığorta məhsullarına çıxış imkanlarının asanlaşdırılması da bazarın inkişafına təsir edir: “Amma digər məsələlər də sizinlə razıyam ki, o vətəndaşların maariflənməsi, həvəsinin artması, sonra sığorta şirkətlərinin özünün də təbliğatı, məhsullarına çıxış, onların satışının rahatlaşdırılması, yəni daha rahat satıla bilən, onlayn formatda edirlər və s. Yəni vətəndaşa məhsulların çatdırılma üsullarını da rahatlaşdırıblar. Bunların hamısının rolu var”.
Xidmət keyfiyyəti və şəffaf ödənişlər
İqtisadçı ekspert Asif İbrahimov diqqətə çatdırıb ki, bazardakı artımın arxasında əmlakın bazar dəyərinin yüksəlməsi, kreditləşmənin genişlənməsi, bank kreditləri hesabına alınan əmlakın sığortalanması və biznes subyektlərinin risklərə daha çox diqqət yetirməsi kimi amillər də dayanır: “Vətəndaşların sığortaya marağında müəyyən artım müşahidə olunur, lakin bazarın böyüməsini yalnız bununla əlaqələndirmək düzgün deyil. Əmlak sığortası bazarında artımı yalnız vətəndaşların sığortaya marağının artması ilə izah etmək demək deyil. Burada əmlakın bazar dəyərinin yüksəlməsi, kreditləşmənin genişlənməsi, bank kreditləri ilə alınan əmlakın sığortalanması və biznes subyektlərinin risklərə daha çox diqqət yetirməsi kimi amillər də mühüm rol oynayır. Vətəndaşların sığortaya marağında müəyyən artım var. Amma bazarın böyüməsini yalnız bununla əlaqələndirmək doğru deyil”.
Asif İbrahimov qeyd edib ki, əsas məsələ sığorta müqavilələrinin sayının artması ilə yanaşı, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin də yüksəldilməsidir: “Əsas məsələ sığorta müqavilələrinin sayının artması ilə yanaşı, vətəndaşın aldığı xidmətin keyfiyyətinin də yüksəlməsidir. Burada sığorta şirkətlərinin fəaliyyətinə daha ciddi yanaşmaq lazımdır. Şirkətlər vətəndaşdan sığorta haqqını tələb edərkən nə qədər prinsipialdırlarsa, öz öhdəliklərinin icrasında da eyni məsuliyyəti göstərməlidirlər. Mərkəzi Bankın müəyyən etdiyi tələblərə və standartlara formal deyil, faktiki əməl olunması vacibdir”.
Ekspertin fikrincə, sığorta müqavilələrinin şərtləri vətəndaş üçün aydın və başadüşülən formada təqdim edilməlidir: “Müştəriyə təqdim edilən müqavilənin şərtləri aydın olmalı, istisnalar və ödəniş qaydaları əvvəlcədən başa düşülən formada izah edilməlidir. Təəssüf ki, bazarın böyüməsi avtomatik olaraq sığorta mədəniyyətinin və müştəri məmnuniyyətinin eyni səviyyədə artması demək deyil”.
Asif İbrahimov bildirib ki, sığorta ödənişləri ilə bağlı problemlər vətəndaşların sektora olan etimadına mənfi təsir göstərə bilər: “Vətəndaş sığorta haqqını ödəyir, hadisə baş verdikdə isə ödəniş prosesinin uzanması, əlavə sənədlərin tələb olunması və müqavilə şərtlərinin fərqli şərh edilməsi ilə qarşılaşırsa, bu, sığorta bazarına olan etimadı zəiflədir”.
İqtisadçı ekspert vurğulayıb ki, Mərkəzi Bankın müəyyən etdiyi standart və tələblərin icrası yalnız hesabat göstəriciləri əsasında deyil, real müştəri münasibətləri kontekstində də qiymətləndirilməlidir: “Mərkəzi Bankın standart və tələblərinin yerinə yetirilməsi yalnız hesabatlarda göstərilən göstəricilərlə ölçülməməlidir. Bu tələblərin real müştəri münasibətlərində, zərərin qiymətləndirilməsində və sığorta ödənişlərinin həyata keçirilməsində necə tətbiq olunduğu da qiymətləndirilməlidir”.
Ekspert hesab edir ki, sığorta şirkətləri üçün əsas məqsəd yalnız sığorta haqqı toplamaq deyil, sığorta hadisəsi baş verdikdə öhdəliklərini vaxtında və şəffaf şəkildə yerinə yetirmək olmalıdır.
“Sığorta şirkəti üçün əsas məsələ yalnız sığorta haqqı toplamaq deyil, sığorta hadisəsi baş verdikdə öz öhdəliyini vaxtında və şəffaf şəkildə yerinə yetirməkdir. Əmlak sığortası bazarının inkişafı üçün vətəndaşın sığortaya inamı artırılmalıdır. Bunun üçün sığorta şirkətləri xidmət keyfiyyətini yüksəltməli, Mərkəzi Bankın tələblərinə tam əməl etməli, sığorta ödənişləri üzrə prosesləri daha şəffaf və operativ qurmalıdır. Bazarın böyüməsi vacibdir, amma əsas göstərici toplanan sığorta haqqının həcmi yox, vətəndaşın real risk zamanı nə dərəcədə qorunduğudur”, - deyə A.İbrahimov əlavə edib.
Günel Elxan