Ukraynanı NATO-ya çəkmək istəyirlər Dünya

Ukraynanı NATO-ya çəkmək istəyirlər


Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya üzv qəbul edilməli olduğu barədə bəyanatınavRusitadan gecikmədən cavab gəldi.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial şəbəkə hesabında bildirdi ki, Avropanı idarə edən axmaqlar Avropada müharibə istəyirlər. Min dəfə deyilib: Rusiya Ukraynada heç bir Avropa və ya NATO qoşununu qəbul etməyəcək, amma yox, Mikron ( Emmanuel Makron nəzərdə tutulur -red.) bu acınacaqlı cəfəngiyyatı yaymağa davam edir.
O, öz paylaşımına Ukrayna ərazisinə "Oreşnik"lə endirilən zərbənin videosunu əlavə edib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentindəki siyasi qüvvələrə beynəlxalq qüvvələrin tərkibində Ukraynaya təxminən 6000 fransız əsgərin yerləşdirilməsi planını təqdim edib.
NATO-nun Baş katibi Mark Rütte isə Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclası ərəfəsində keçirilən mətbuat konfransında bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibəyə son qoymağa kömək edə biləcək təşəbbüslər təşviq olunmalıdır.
“Fransa Prezidenti Emmanuel Makronun təklif etdiyi kimi, Avropa ölkələrinin Moskva ilə dialoqu bərpa etməsini təşviq edəcəkmi?”, - sualına cavabında Rütte qeyd edib ki, bu məsələ ilə bağlı müttəfiqlərə məsləhət vermək onun işi deyil: “Əlbəttə, hər bir müttəfiq azaddır və fransızların etdiyini edə bilər. Mən bilirəm ki, onlar digər müttəfiqlərlə, ABŞ və Avropa ilə sıx koordinasiya aparırlar. Onların gördüyü işlərlə bağlı tam şəffaflıq var. Bu dəhşətli müharibənin mümkün qədər tez başa çatmasına imkan verəcək hər bir təşəbbüsü təşviq edərdim. Hamımız razıyıq ki, əsas məsələ ABŞ-ın liderliyidir”.
Bu məsələni son günlərdə Böyük Britaniyanın keçmiş baş naziri Boris Consongundənə gətirib. O, deyib ki, Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Qərbin əslində nə istədiyini başa salmaq lazımdır.
"Makronun Ukraynanın yerinin NATO-nun tam mərkəzində olduğunu bir daha bəyan etməsi çox xoşdur. Bizə məhz belə aydın mövqe lazımdır. Putinin də eşitməli olduğu məhz budur. Bəs Endi Börnemdən, hətta Ağ Evdən belə bir bəyanatı nə vaxt eşidəcəyik?" - o bildirib.
Consonun sözlərinə görə, müharibəni dayandırmağın yeganə yolu Ukraynanın NATO-ya üzv qəbul edilməsidir: "Biz bunu açıq şəkildə bəyan etməli və həqiqətən də belə düşünməliyik".
Məlum fikir ilə bağlı Rusiya və Ukrayna ekspertlərinə müraciət etdik.
Rusiyanın tanınmış ictimai-siyasi xadimi, Politrus.com analitik informasiya portalının rəhbəri Vitali Arkov deyib ki, Böyük Britaniyanın sabiq Baş naziri və eyni zamanda limanında xeyli kriminal biznes maraqlarına malik olduğu Odessa şəhərinin fəxri vətəndaşı Boris Conson Ukraynada müharibənin başlanmasında və hələ 2022-ci ilin yazında İstanbulda keçirilən sülh danışıqlarının pozulmasında şəxsən günahkar olan şəxslərdən biridir. Sonuncu məqam barədə Ukrayna Ali Radasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya birbaşa danışıb. Onun sözlərinə görə, qardaş qırğınına son qoya biləcək sənəd layihəsi artıq razılaşdırıldığı və yalnız imzalanması qaldığı bir vaxtda Dauninq-stritdən Bankovaya Boris Consondan zəng gəlib, bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski geri addım atıb.
Consonun təxribat xarakterli bəyanatının Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda əldə olunan, ehtiyatlı da olsa, müəyyən nikbinlik doğuran nəticələr fonunda səslənməsi heç də təsadüfi görünmür. Tamamilə aydındır ki, həm konkret olaraq Conson, həm də onun təmsil etdiyi Böyük Britaniyadakı siyasi qüvvələr hərbi münaqişənin başa çatmasının qəti əleyhinədirlər. Onlar həm şəxsi mənfəət məqsədilə dinc rusiyalıları qətlə yetirən uzaqmənzilli silahların və Qara dənizdə mülki gəmiləri batıran ekipajsız kamikadze katerlərin tədarükü ilə, həm də ABŞ-nin və şəxsən Prezident Donald Trampın sülhməramlı missiyası sayəsində bərpa olunan danışıqlar prosesini pozmağı Kiyev rejimindən yenidən tələb etməklə müharibənin alovuna yağ tökürlər: 'Qeyd edim ki, Londonda Britaniya imperiyasının əvvəlki dünya qüdrətinin bərpası ilə bağlı planlarını gizlətmirlər ki, buna da əsas maneə ABŞ-nin dünya hegemonluğudur. Yəni köhnə (klassik) Britaniya aristokratiyası mümkün olan hər yerdə Tramp administrasiyasının təkərinə fəal şəkildə çomaq soxur.
Daha əvvəl ABŞ lideri Donald Tramp da Ukraynanın NATO-ya qəbulunun qeyri-mümkünlüyü barədə dəfələrlə bəyanat verərək bu məsələni hərbi münaqişənin nizamlanması üçün əsas məqamlardan biri adlandırmışdı. Xatırladım ki, Ukraynanın bloklara qoşulmayan statusu Rusiya lideri Vladimir Putin tərəfindən sülh danışıqlarının aparılması şərtləri siyahısında aydın şəkildə göstərilib.
2026-cı ilin yazında Alyansın Baş katibi Mark Rütte də “siyasi səbəblərə görə” yaxın perspektivdə Ukraynanın NATO-ya daxil olması məsələsinin müzakirəsinin qeyri-mümkünlüyünü bəyan edib. O, bunu vəziyyətin dürüst qiymətləndirilməsi adlandırmış, bu mövqedən qəti şəkildə çıxış edən üzv dövlətlər sırasında isə ABŞ-dən başqa Almaniya, Slovakiya və Macarıstanın da adını çəkmişdi".
Arkov qeyd edib ki, Əbu-Dabidən sızan məlumatlara görə, orada başa çatan danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü məsələsi artıq demək olar ki, qaldırılmayıb, çünki bu məsələ artıq həll olunmuş hesab edilir - gündəlikdə Alyansın 1997-ci il sərhədlərinə, yəni Mərkəzi və Şərqi Avropaya xaincəsinə (hələ SSRİ ilə əldə olunmuş razılaşmalardan kənar) genişlənməsinin başlanğıcından əvvəlki həddə qaytarılması durur.
Məhz bu variantın inkişafı az real görünür, lakin Rusiya təkcə Ukraynanın deyil, həm də qonşu Moldovanın NATO-ya qəbul edilməməsinə dair möhkəm yazılı zəmanətlər əldə etmək iqtidarındadır.
Əvəzində Rusiya Ukraynanın Avropa İttifaqına qəbul edilməsinə - yəni Almaniya və Fransanın protektoratı altına keçməsinə mane olmayacaq, hərçənd hərbi münaqişənin bu cür nəticəsi kənd təsərrüfatı istehsalı, qiymətli faydalı qazıntıların hasilatı, enerji istehsalı, yük tranziti və s. sahələrdə onun iqtisadi potensialına dair öz planları olan nə ABŞ-nin, nə də Böyük Britaniyanın maraqlarına cavab verir
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko isə deyib ki, Donbasın NATO məsələsi ilə dəyişdirilməsinə dair rəsmi mövqe açıqlanmayıb; söhbət daha çox ABŞ-la əldə oluna biləcək razılaşmaya bənzər bir şeydən gedirdi. Digər tərəfdən, Ukrayna Konstitusiyası təkcə dövlət quruluşunu deyil, həm də ərazilərin kiməsə verilməsi məqsədilə referendum keçirilməsi məsələsini də tənzimləyir (və müəyyən mənada qoruyur). Mənim fikrimcə, media məkanında müzakirə olunan bu məsələ, əslində, ortaya qoyulan şərtlərin daha da genişləndirilmiş formasıdır.
O, qeyd edib ki, hər halda, əgər sülhə inam azdırsa, o zaman yalnız atəşkəsdən və Budapeşt Memorandumu kimi hər hansı bir razılaşmanın əldə olunmasından danışmaq olar – çünki reallıqda heç kimin buna əməl edəcəyinə zəmanət yoxdur.
İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday Consonla razıı olduğunu deyib, çünki Ukraynanın NATO-ya üzvlüyü uzunmüddətli perspektivdə onun təhlükəsizliyinin ən etibarlı təminatı ola bilər: "Lakin gəlin realist olaq: indiki şəraitdə, müharibə davam etdiyi və Ukrayna ərazisinin bir hissəsi Rusiya tərəfindən işğal olunduğu müddətcə, Ukraynanın Alyansa daxil olması siyasi baxımdan praktiki olaraq qeyri-mümkündür.
Amma bu heç də o demək deyil ki, Ukraynanın öz təhlükəsizliyini təmin etmək və qələbə qazanmaq üçün başqa imkanları yoxdur. Qərb tərəfdaşları Ukrayna ordusunu aparıcı NATO orduları səviyyəsində silah və texnologiyalarla təmin edərək onu yenidən silahlandırmağa qadirdirlər. Bununla yanaşı, ukraynalı hərbçilərin genişmiqyaslı müharibə zamanı qazandıqları böyük döyüş təcrübəsi artıq özlüyündə ciddi bir üstünlükdür".
Haydayın fikrincə, müasir Qərb texnikasının, yüksək texnologiyalı silah sistemlərinin və Ukrayna ordusunun təcrübəsinin birləşməsi elə bir şərait yarada bilər ki, Rusiya təcavüzü davam etdirmək iqtidarında olmaz, Ukrayna isə müharibəni Kiyev üçün ədalətli və sərfəli şərtlərlə dayandırmaq imkanı əldə edər: "Əlbəttə, bütün bunlar Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi, onun beynəlxalq təcridi və Ukraynaya ardıcıl siyasi dəstəklə müşayiət olunmalıdır. Ona görə də mənim fikrimcə, bu gün əsas məsələ Ukraynanın NATO-ya formal üzvlüyündən daha çox, Rusiyanın artıq Ukraynaya öz iradəsini diktə edə bilməyəcəyi hərbi və siyasi şəraitin yaradılmasından ibarətdir".

Cavid