Azərbaycanda fevral ayı üzrə inflyasiya açıqlanıb İqtisadiyyat

Azərbaycanda fevral ayı üzrə inflyasiya açıqlanıb

2022-ci ilin fevral ayında inflyasiya 1,1 faiz təşkil edib, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 11,9 faiz artıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Qeyd olunur ki, illik inflyasiya tempinin azalması qeyri-ərzaq məhsulları və xidmətlərin bahalaşma tempinin nisbətən azalması ilə bağlıdır. Fevralda illik əsasda qiymət artımı qeyri-ərzaq məhsulları üzrə 6 faiz, xidmətlər üzrə isə 9,3 faiz təşkil edib.

"İllik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması (17,2 faiz) dünya birjalarında ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri son 2 ayda 5,2 faiz, son bir ildə isə 20,7 faiz artıb. Son ildə qiymətlər un məmulatları üzrə 14,8 faiz, süd məhsulları üzrə 24,8 faiz, yağlar üzrə 36,8 faiz yüksəlib. Geosiyası və geoiqtisadi risklər səbəbindən buğda qıtlığı ilə bağlı ehtimallar buğdanın qiymətini son 14 ilin maksimumuna çatdırıb. Ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq məhsullarının ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq məhsullarının qiymətlərinə artırıcı təsir göstərən amillərdən hesab edilir", - məlumatda deyilir.