Vergi orqanlarına müraciətlərin 75,7 faizi müsbət həll olunub İqtisadiyyat

Vergi orqanlarına müraciətlərin 75,7 faizi müsbət həll olunub

2016-cı ilin fevral ayı ərzində vergi orqanlarına 10 min 176 müraciət daxil olub. Vergilər Nazirliyindən bildirilib ki, müraciətlərin 97,6 faizi ərizə, 2,1faizi şikayət, 0,3 faizi isə təklifdir. Məlumatda həmçinin qeyd olunub ki, müraciətlərin 55 faizi müxtəlif arayışların alınması, 15,1 faizi kameral vergi yoxlamaları, 7,3 faizi vergi borcları, 2,2 faizi səyyar vergi yoxlamaları, 1,8 faizi vergidən yayınma və dividendlərin verilməsi, 0,9 faizi operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,4 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2 faizi korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7 faizi öz müsbət həllini tapıb. Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 46,3 faiz, cari ilin yanvar ayı ilə müqayisədə isə 35,7 faiz azalıb. Nazirliyin aparatına daxil olmuş şikayətlərin sayı da ötən ilin fevral ayı ilə müqayisədə 50,3 faiz, cari ilin yanvar ayı ilə müqayisədə isə 40,3 faiz az olub. Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 394 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.