Meksika ilə gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib İqtisadiyyat

Meksika ilə gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

"Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş" hazırdır. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu barədə komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores ilə görüşdə deyib. Azərbaycan-Meksika əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılan görüşdə Aydın Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2014-cü ilin sentyabrında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Ümumdünya Gömrük Təşkilatının Beynəlxalq PICARD Konfransında iştirak etmək üçün Meksikaya səfərini məmnunluqla xatırladıb, eləcə də ötən il Bakıda keçirilən 10-cu illik PICARD Konfransında meksikalı tələbələrin iştirakının qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün çox faydalı olduğunu bildirib. DGK sədri "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş"in artıq hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümid etdiyini bildirib, bu sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.
DGK sədri Aydın Əliyev iqtisadi-ticari əlaqələrdən, iki ölkə arasında ticarət dövriyyəsinin həcmindən də söhbət açmış, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan və bu imkanlardan maksimum yararlanmağın vacibliyindən bəhs edib. Səfir Xuan Rodrigo Labardini Flores Azərbaycanda ölkəsinin səfiri kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, burada az müddətdə böyük təəssüratlar əldə etdiyini bildirib. Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən diplomat iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.