Bərpa olunan enerji mənbələrinin tətbiqi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən birinə çevrilib - Pərviz Şahbazov İqtisadiyyat

Bərpa olunan enerji mənbələrinin tətbiqi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən birinə çevrilib - Pərviz Şahbazov

Bərpa olunan enerji mənbələrinin tətbiqi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən birinə çevrilib.

Trend -in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Almaniyada keçirilən Enerji Keçidi üzrə 9-cu Berlin Dialoqu beynəlxalq konfransında deyib.

“Hazırda biz təkcə Azərbaycanı bərpa olunan enerji ilə təmin etməyi deyil, həm də ən yaxın qonşularımızın, eləcə də bu sahədə tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə vermək üçün ölkəmizdə bərpa olunan enerjinin inkişafı üzərində işləyirik”, - nazir bildirib.

Şahbazov xatırladıb ki, ötən il Azərbaycan ilə Aİ arasında enerji sektorunda strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb.

“Beləliklə, Azərbaycan dünya neft bazarını xam neft və neft məhsulları ilə təmin edir. Və son iki il ərzində biz Avropanın enerji bazarına təbii qaz tədarük etməyə başlamışıq. İndi biz Avropa Komissiyası ilə təbii qaz tədarükünün həcmini iki dəfə artırmaq üçün işləyirik, çünki Avropadan olan tərəfdaşlarımız Rusiya ilə Ukrayna arasındakı müharibə və ümumi enerji böhranı fonunda bu həcmlərin artırılması xahişi ilə bizə müraciət ediblər", - nazir deyib.

Qeyd edək ki, Azərbaycan təbii qazı Avropaya Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə çatdırır. TAP-ın ilkin gücü ildə 10 milyard kubmetr, genişləndirilməsi isə 20 milyard kubmetr təşkil edir.