Nazir: “Marketlərin məsələsinə Vergilər Nazirliyi ilə birgə baxılır“ İqtisadiyyat

Nazir: “Marketlərin məsələsinə Vergilər Nazirliyi ilə birgə baxılır“

"İqtisadiyyat Nazirliyinə müraciət edən market şəbəkələrinin xahişinə Vergilər Nazirliyi ilə birgə baxılır". "APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. "Bilirsiniz ki, İqtisadiyyat Nazirliyində market şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib və onların xahişi nəzərə alınıb. İqtisadiyyat Nazirliyi Vergilər Nazirliyi ilə birgə bu məsələyə baxır. Konkret kənd təsərrüfatı məhsullarının satışı zamanı mərhələlərlə vergiyə cəlb olunması ilə bağlı bəzi problemlər onlar tərəfindən qaldırılıb. Hal-hazırda onlara baxılır", - deyə nazir qeyd edib.
Xatırladaq ki, ötən həftə bir qrup iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Sahibkarlar müraciətində bildirib ki, müflis olma təhlükəsi qarşısındadırlar. Bildirilib ki, hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət pərakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.
Müraciəti "Rahat", "Bizim", "Fresko", "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri marketlər şəbəkələrinin rəhbərləri imzalanıb. Müraciətdən sonra iqtisadiyyat naziri şəbəkə rəhbərlərinin nümayəndələrini qəbul edib. Nazirliyin açıqlamasında qeyd edilib ki, görüşdə sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV-nin tətbiqinin aradan qaldırılması məsələsi müzakirə olunub.
Maraqlıdır ki, bundan sonra "Neptun" və "Grand" marketlər şəbəkəsinin bəzi mağazalarında Vergilər Nazirliyi tərəfindən yoxlamalara başlanılıb. Buna münasibət bildirən Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi qeyd edib ki, adıçəkilən marketlər şəbəkəsinin bəzi mağazalarında aparılan yoxlamalar dövriyyənin müəyyənləşdirilməsi ilə əlaqədardır.