Azərbaycanın qeyri-neft-qaz ixracı iki dəfəyə qədər artıb - Mikayıl Cabbarov İqtisadiyyat

Azərbaycanın qeyri-neft-qaz ixracı iki dəfəyə qədər artıb - Mikayıl Cabbarov

2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft-qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 mlrd. dollardan 3,05 mlrd. dollara çatıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

Nazir bildirib ki, qeyri-neft sektorunun təşviqi istiqamətində həyata keçirilən islahatlar dayanıqlı iqtisadi inkişafa mühüm təkan verir.
Qeyd edək ki, 2023-cü ilin yanvar-may ayları ərzində yeyinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub. 2023-cü ilin ilk 5 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,9 dəfə, şəkər ixracı 43,8 faiz, meyvə-tərəvəz ixracı isə 10,4 faiz artıb. 2023-cü ilin yanvar-may ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 349,1 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8 faiz artaraq 92,2 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin may ayında qeyri-neft ixracı 278,2 milyon ABŞ dolları olub. Bu ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 98,2 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 180 milyon ABŞ dollarına bərabər olub.