Növbəti açıq hərraca 77 dövlət müəssisəsi çıxarılıb İqtisadiyyat

Növbəti açıq hərraca 77 dövlət müəssisəsi çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 8-də keçiriləcək növbəti hərrac elan edilib. Bu dəfə hərraca ümumilikdə 77 dövlət müəssisə və obyekti çıxarılıb. Komitədən bildirilib ki, bu dövlət əmlaklarının 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətlərdir. Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, kəndkimya, nəqliyyat, tikinti, emal və sair sahələrə aid müəssisələr vardır. Belə ki, bu səhmdar cəmiyyətlər arasında "Azinterservis", "Lənkəran Taxıl", "Ağcabədi Pambıq", "Biləsuvar Pambıq", "Zaqatala Sənaye", ""Bərdə Dəmir Beton-9" və digər müəssisələr vardır. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Həmçinin hərraca 51 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli ola biləcək müxtəlif sahəli qeyri-yaşayış sahələridir. Bunların sırasında 10 kvadratmetrdən başlayaraq, 400 kvadratmetrədək olan obyektlər vardır. Bu obyektlərin hərrac qiymətləri 65 min manatdan 800 min manatadəkdir. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında isə Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Neftçala, Sabirabad rayonlarında yerləşən ictimai iaşə, xidmət və ticarət müəssisələri vardır.
Bu müəssisələrin özəlləşdirilməsində iştirak etmək istəyən şəxslər obyektlər barədə ətraflı məlumatları privatization.az portalından əldə edə bilərlər. Bu məlumatlara obyektlərin fotoşəkilləri, ünvanı, sahəsi və digər zəruri göstəricilər daxildir. Eyni zamanda, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatları komitənin rəsmi internet saytı vasitəsilə əldə etmək mümkündür. Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində də dərc edilir.
Qeyd edək ki, hərraclar açıq keçirilir və istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10 faizi məbləğində beh ödəmək kifayətdir. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. Bununla yanaşı, hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş "açıq hərrac"larda iştirak edə bilər. ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.