"Azneft": Hasilatın stabilləşdirilməsi istiqamətində mühüm işlər görülür İqtisadiyyat

"Azneft": Hasilatın stabilləşdirilməsi istiqamətində mühüm işlər görülür

Ötən 1 il ərzində müasir suvurma üsullarının tətbiqi ilə bağlı əhəmiyyətli layihələr icra edilib və gələcəkdə bu istiqamətdəki layihələrin daha da genişləndirilməsi qarşıya hədəf qoyulub.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”u çərçivəsində SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov bildirib.

Onun sözlərinə görə, hasilatın stabilləşdirilməsi istiqamətində mühüm hesab edilən suvurma prosesinin “Günəşli” və “Neft Daşları” ilə yanaşı, digər yataqlarda da tətbiq edilməsi vacib sayılır, bununla bağlı planlama aparılır. Artıq “Pirallahı” yatağında suvurma sisteminin qurulması ilə əlaqədar ilkin addımlar atılır. “Qərbi Abşeron”, “Lökbatan” və s. yataqlar da mühüm layihələrin icrası planlaşdırılır.

"Fəaliyyət strategiyamıza uyğun istismar üsullarının optimallaşdırılması prioritetlər sırasındadır. Belə ki, istismar üsullarının optimallaşdırılması hesabına hasilatın dayanıqlılığının təmini və artırılması hədəflənib. Quyularda istismar üsüllarının dəyişdirilməsi ilə bağlı mühüm layihələr icra edilir", - Əli Qurbanov qeyd edib.

O əlavə edib ki, quyularda istismar üsüllarının dəyişdirilməsi ilə bağlı mühüm layihələr icra edilir. 2024-cü ildə 46 quyuda üsul dəyişikliyi icra edilib, orta gündəlik səmərə 15-20 faiz artıb. Quyuların təmirlərarası müddəti 90 gündən 365 günə kimi uzanıb. Bu da mexaniki üsulla işləyən quyunun davamlı istismarının il ərzində 60 günə qədər uzanması ilə nəticələnib. 2025-ci ildə 226 quyuda istismar üsullarının dəyişdirilməsi nəzərdə tutulur. Əldə olunması gözlənilən nəticə isə illik 50 min tona yaxın neft hasilatı ilə ölçülür.