66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır İqtisadiyyat

66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sentyabrın 5-də keçiriləcək hərraca 66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq.
Bunlardan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Yevlax Yun", "Masazır Quşçuluq", "Xaçmaz Mexanizasiya Nəqliyyat", "Mingəçevir Qum Çınqıl", "Ağcabədi Aqrotexservis", "Zaqatala Sənaye Kombinatı" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Şəmkir, Masallı, İmişli, Cəlilabad, Göygöl, Daşkəsən və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m ilə 11 min 266 kv.m arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Baləkən şəhərində yerləşən "Əmlak Kompleksi"dir. Adı çəkilən obyekt 715 min manata təklif olunur. Ümumi faydalı sahəsi 11 min kv.m-dən çox, torpaq sahəsi isə 38 min kv.m-ə yaxındır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.
Torpaq sahəsi 26 min kv.m, ümumi faydalı sahəsi isə 221,2 kv.m təşkil eden "Seyidlər üzüm emalı zavodu" aqrar və yeyinti sənayenin inkişaf etdirilməsinə şərait yaradır. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhvəsini verir. Eyni zamanda gücləndirilmiş istehsal nəticəsində müəssisələr xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında paytaxtın Xəzər rayonunda yerləşən "Mərdəkan" restoranını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Müəssisələrin əksəriyyətinin rayonlarda yerləşməsi isə bölgələrin inkişafına imkan verir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərmiş olur.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 14-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriyaya aid olanların ümumi faydalı sahəsi 13 kv.m ilə 600 kv.m arasında dəyişir. Obyektlərin sahələrinin müxtəlif olması investorların seçim imkanını artırır. Eyni zamanda, alıcılar sərfəli qiymətə də əmlak sahibi ola bilərlər. Belə ki, Bakının Sabunçu rayonunda yerləşən, ilkin satış qiyməti 8 min 500 manata olan qeyri-yaşayış sahəsi bu baxımdan əlverişlidir.