Trans-Xəzər marşrutu üzrə Çin–Avropa dəmiryol xətti ilə 5 ildə 19 min konteyner daşınıb İqtisadiyyat

Trans-Xəzər marşrutu üzrə Çin–Avropa dəmiryol xətti ilə 5 ildə 19 min konteyner daşınıb

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çin (Çjetszyan) – Avropa dəmiryol ekspres xəttinin fəaliyyətə başlamasından 5 il ötüb. Bu müddətdə xətt üzrə mütəmadi daşımalar həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbirdə deyilib.

Bildirilib ki, marşrut çərçivəsində ümumilikdə 51 istiqamət üzrə fəaliyyət göstərilib, 4 182 konteyner (TEU) daşınıb. Cənub marşrutları ilə göndərilən yüklərin 17 %-i məhz bu xəttin payına düşüb.

Son 5 ildə xətt üzrə ümumilikdə 237 qatar hərəkət edib, daşınan konteynerlərin sayı isə 19 470 TEU olub.
Daşımaların həcmi əsasən Orta Asiya, Avropa və Azərbaycan üzrə bölüşdürülüb. Orta Asiya regionu üzrə yük dövriyyəsi 4,76 milyard yuan, Avropa regionu üzrə 1,76 milyard yuan, Azərbaycan üzrə isə 2,02 milyard yuan (təqribən 202 milyon manat) təşkil edib.

Əsasən gündəlik tələbat malları, sənaye məhsulları, kimya sənayesi məhsulları, avadanlıqlar və avtomobil hissələri daşınıb.