08:16
406![]()
İki ölkə arasında əldə olunmuş miqrasiya sazişləri çərçivəsində 127 qanunsuz miqrantdan ibarət növbəti qrup ABŞ-dən Kubaya deportasiya olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Karib respublikasının Daxili İşlər Nazirliyi məlumat verib.
"Birləşmiş Ştatlar tərəfindən qaytarılan 127 qanunsuz miqrant (113 kişi və 14 qadın) Kubaya gəlib", – deyə nazirliyin "Facebook" səhifəsində verilən məlumatda bildirilir.
Kuba DİN-in məlumatında dəqiqləşdirilir ki, "miqrasiya məsələləri üzrə ikitərəfli sazişlərə uyğun olaraq" deportasiya edilən miqrant qrupu "avqustun 21-də ABŞ-dən gələn reyslə Havanadakı Xose Marti adına beynəlxalq hava limanına enib". "Onlardan ikisi ölkədən getməzdən əvvəl cinayət əməlləri törətməkdə şübhəli bilindikləri üçün istintaq orqanlarına təhvil verilib", – deyə nəşrdə qeyd olunur.
Nazirlik dəqiqləşdirib ki, "bu reysin gəlişi ilə ilin ilk səkkiz ayı ərzində Kubaya qaytarılan qanunsuz miqrantların ümumi sayı 882 nəfərə çatıb". "Onların qaytarılması regionun bir neçə ölkəsinin iştirakı ilə həyata keçirilən 31 əməliyyat çərçivəsində baş tutub", – deyə Kuba DİN-in məlumatında vurğulanır. Sənəddə Kuba hakimiyyətinin "beynəlxalq standartlara və digər ölkələrin hökumətləri ilə bağlanan sazişlərə uyğun olaraq nizamlı, təhlükəsiz və qanuni miqrasiya prinsiplərinə" sadiqliyi vurğulanır. "Kuba hökuməti ölkə ərazisindən qanunsuz çıxış cəhdlərinin həyat üçün yaratdığı təhlükə və riskləri diqqətə çatdırır", – deyə Karib respublikası DİN-in məlumatında qeyd edilir.
Məryəm Quliyeva