Natiq Əliyev: "Avrasiyada baş verən hadisələr dünyanın enerji xəritəsini dəyişir"
Ştefan Füle: "Regionda energetika və siyasi vəziyyət sahəsində problemlərin həll edilməsinin vaxtı çatıb"
Günter Ottinger: "Ukrayna ilə Rusiya arasındakı münaqişə Aİ-nin öz enerji təhlükəsizliyini təmin etməklə bağlı səylərini fəallaşdırıb"
Dünən Bakıda Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin energetika nazirlərinin qeyri-formal görüşü keçirilib. Azərbaycanın energetika naziri Natiq Əliyev görüşdə bildirib ki, Avrasiya məkanında baş verən hadisələr dünyanın enerji xəritəsində dəyişikliklər edir.
Nazir görüş iştirakçılarının diqqətini son vaxtlar Afrikanın şimalında və Ukraynada baş verən hadisələrə yönəldib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyinin güclənməsi üçün əməkdaşlığı genişləndirmək və enerji daşıyıcıları marşrutlarının şaxələndirilməsi sahəsində iş aparmaq zəruridir.
N.Əliyev deyib ki, cari ilin sonunadək Azərbaycan, Gürcüstan və Türkiyə "Enerji körpüsü" layihəsi çərçivəsində elektrik enerjisinin ötürülməsi haqqında saziş imzalayacaqlar.
Nazirin sözlərinə görə, Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə elektrik enerjisinin ixracı çərçivəsində işlər fəal şəkildə davam etdirilir.
Neft və qaz hasilatı, elektrik enerjisinin istehsalı haqqında danışan N.Əliyev qeyd edib ki, Azərbaycan energetika sahəsində öz müstəqilliyini təmin edib. Bundan başqa, ölkə 3 neft və 4 qaz kəmərinin köməyi ilə enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsini təmin edib.
Avropa komissarı Günter Ottinger isə görüş zamanı bildirib ki, Ukrayna ilə Rusiya arasındakı münaqişə Aİ-nin öz tədarüklərinin enerji təhlükəsizliyini təmin etməklə bağlı səylərini fəallaşdırıb.
O qeyd edib ki, xüsusilə Ukraynanın şərqində və digər regionlarda baş verən hadisələr qonşu ölkələrə birbaşa təsir edir.
Ottinger bildirib ki, Ukrayna böhranı fonunda "Şərq tərəfdaşlığı" formatı, xüsusilə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq regionda təhlükəsizliyin təmin olunmasna kömək edə bilər: "Əminəm ki, enerji sektorunda tərəfdaşlar arasında uğurlu əməkdaşlıq təhlükəsizliyin və sabitliyin təmin olunması üzrə hədəflərə nail olmağa kömək edə bilər. "Şərq tərəfdaşlığı" kontekstində bizim üstünlüyümüz var".
Onun sözlərinə görə, artıq bir neçə proqram və layihə həyata keçirilir: "Biz gələcəkdə birgə səy göstərə bilərik. İndiki ikitərəfli dialoqun predmeti, həmçinin enerji daşıyıcılarının çatdırılması marşrutlarının necə şaxələndirilməsi olacaq".
Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle isə "Şərq tərəfdaşlığı"nın strateji hədəflərindən danışıb: "Regionda energetika və siyasi vəziyyət sahəsində problemlərin həll edilməsinin vaxtı çatıb".
Füle deyib: "Şərq tərəfdaşlığı"nın formatı bizim üçün [Aİ] daha yaxşı alətdir. Çünki onun sayəsində biz diqqəti Avropa İttifaqında bu formatın üzvlərinin, eləcə də bütün regionun real tələbatları üzərində cəmləşdirə bilərik".
O əlavə edib ki, enerji təhlükəsizliyi "Şərq tərəfdaşlığı"nın əsas strateji hədəfidir: "Biz alətlərimizi, həmçinin proqramın iştirakçı ölkələrində investisiya planında yaxşılaşdırdıq ki, bu da infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Avropa maliyyə institutlarının vəsaitlərinin səfərbərliyini təmin edir. Ümid edirəm ki, biz həmçinin enerjinin alınmasının ən ucuz və ən təmiz formasına - enerji səmərəliliyinə fokuslana biləcəyik".