Azərbaycan işgüzar turizm məkanı kimi İqtisadiyyat

Azərbaycan işgüzar turizm məkanı kimi

Bunun müəyyənləşdirilməsi üçün sorğu keçiriləcək

Tural

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu aktiv şəkildə ölkəmizi MİCE (turizm bazarı) məkanı kimi tanıtmaqda davam edir. Belə ki, Enerji İdarəçilərinin Regional Assosiasiyası (ERRA) yaxın zamanlarda özünün mötəbər tədbirlərindən birini Bakıda keçirməyə qərar verib. Tədbirin uğurlu keçməsi üçün Azərbaycan Konqreslər Bürosu tədbir təşkilaçılarını bütün lazımı informasiya ilə təmin edib və öz dəstəyini əsirgəməyib.
ERRA və Azərbaycan Konqreslər Bürosunun qarşılıqlı əməkdaşlığının daha bir göstəricisi isə tədbir zamanı büro tərəfindən Azərbaycanın işgüzar turizm məkanı kimi potensialının öyrənilməsi məqsədi ilə iştirakçılar arasında sorğu keçirilməsidir. Bu sorğunun nəticəsi isə yerli işgüzar turizm təchizatçılarının öz turizm məhsullarını daha da inkişaf etdirməyə imkan verəcək.
ERRA-nın 13-cü Enerji İnvestisiyası və İdarəsi konfransı cari ilin 27-28 oktyabr tarixlərində Bakıda baş tutacaq. Konfrans çərçivəsində ilk dəfə olaraq su idarəetmə məsələlərinə həsr olunmuş paralel sessiya da keçiriləcək.
Qeyd edək ki, ERRA əsasən Mərkəzi Avropa və Avrasiya regionunda çalışan müstəqil enerji idarəçilərini bir araya gətirən könüllü təşkilatdır. Təşkilatın Afrika, Asiya, Yaxın Şərq və ABŞ-da filialları var.
ERRA-nın yaradılmasında əsas məqsəd tənzimləyici təcrübə mübadiləsinin aparılması və uğurlu təcrübələrin müəyyən edilməsidir. Təşkilat 2001-ci ildən 15 üzv ilə tam şəkildə fəaliyyətə başlayıb. Hazırda təşkilatın 24 tamhüquqlu üzvü, 5 assosiativ üzvü və 7 filialı var. Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı ilk günlərdən Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır və ERRA konfransının büronun birbaşa dəstəyi ilə Bakıda keçirilməsi də buna bariz nümunədir.