Sahibkarlıq fəaliyyətinə görə sosial sığorta haqqı necə hesablanır? İqtisadiyyat

Sahibkarlıq fəaliyyətinə görə sosial sığorta haqqı necə hesablanır?

Bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 25 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Dövlət Vergi Xidməti xəbər verir ki, bu barədə “Sosial sığorta haqqında” Qanuna pandemiya dövrü ilə əlaqədar edilmiş dəyişiklikləri nəzərə almaqla fərdi sahibkarın sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının hesablanması qaydalarını şərh edən iqtisadçı ekspert İsmayıl Bağırov deyib.
İqtisadçının sözlərinə görə, "Sosial sığorta haqqında" Qanunun 14.5.1-1-ci maddəsinə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində olan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək.
Bundan başqa, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan fiziki şəxslər, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada "Fərqlənmə nişanı" almaqla avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalar həyata keçirən vergiödəyiciləri isə minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.
Qeyd edilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) fəaliyyət göstərdikdə – 2 əmsal, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərdikdə isə – 1,5 əmsal tətbiq edilməklə aylıq sosial sığorta haqqının məbləği hesablanır.