ARDNF-nin ilk 6 ayda neft və qaz sazişləri ilə bağlı daxilolmaları 5 milyard manata yaxın olub İqtisadiyyat

ARDNF-nin ilk 6 ayda neft və qaz sazişləri ilə bağlı daxilolmaları 5 milyard manata yaxın olub

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin yanvar-iyun ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 4 914,7 milyon manat təşkil edib.

Fonddan verilən məlumata görə, bu daxilolmaların tərkibində mənfəət nefti və qazın satışından gəlirlər 4 130,1 milyon manata bərabər olub. Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 38,7 ABŞ dolları təşkil edib. Eyni zamanda bu dövr ərzində bonus ödənişləri 767,8 milyon manat, tranzit gəlirləri 10,6 milyon manat, akrhesabı ödənişlər 6,2 milyon manat təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə xərcləri 5 824,8 milyon manat təşkil etmişdir. Bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilmişdir. Belə ki, ötən müddət ərzində dövlət büdcəsinə 5 675,0 milyon manat, məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə 140,0 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 77,9 min manat yönəldilmişdir. Qeyd edilən dövr ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,7 milyon manat təşkil etmişdir.

2020-ci ilin birinci yarımilliyi ərzində koronavirus pandemiyası fonunda dünya iqtisadiyyatında baş verən proseslər və bu proseslərin maliyyə bazarlarında yaratdığı ciddi dalğalanmalar ARDNF-nin valyuta aktivlərinə təsirsiz ötüşməmişdir. Lakin daha əvvəllər də qeyd edildiyi kimi, ARDNF-nin məqsəd və vəzifələrinə uyğun şəkildə kifayət qədər optimal qurulmuş onun investisiya portfeli yaranmış neqativ mühitdən minimum səviyyədə təsirlənmişdir. Aprel-iyun ayları ərzində isə, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələr tərəfindən virusun daha sürətli yayılmasının qarşısının alınması sahəsində əldə edilən irəliləyişlər fonunda sərt karantin qaydalarının mərhələli şəkildə aradan qaldırılması kimi məqamlar iqtisadi artımla bağlı müsbət meyllərin yaranması üçün ümidverici amillər olmuşdur. Təbii ki, bu tendensiya qlobal maliyyə bazarlarına da sirayət etmiş və bu müddət ərzində qlobal səhm indekslərinin dəyərində 18-20% artım müşahidə olunmuşdur. Bütün qeyd edilənlər nəticə etibarilə ARDNF-nin vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin səviyyəsində də öz əksini tapmışdır.

Belə ki, cari ilin ikinci rübü (aprel-iyun ayları) ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri 1 953,8 milyon manat olmuşdur. İkinci rüb ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar gəliri kimi 1 216,1 milyon manat təşkil etmişdir.

Yekun olaraq, ilk rübün (yanvar-mart ayları) nəticələrinin təsiri ilə, bu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 194,9 milyon manat olmuşdur. Bu dövr ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar gəliri kimi 935 milyon manat təşkil etmişdir.

Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, 2020-ci ilin ilk rübünün sonuna 41 349,5 milyon ABŞ dollarına bərabər olan ARDNF-nin aktivləri iyun ayının sonuna 1 873,8 milyon ABŞ dolları artaraq 43 223,3 milyon ABŞ dollarına bərabər olmuşdur.