Samuxda günəş elektrik stansiyası tikilir İqtisadiyyat

Samuxda günəş elektrik stansiyası tikilir

Burada ekoloji təmiz enerji ilə təmin olunacaq şəhərcik salınacaq

Tərlan

Samux rayonu ərazisində tikiləcək aqroenerji kompleksinin layihə-smeta sənədləri artıq hazırlanıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, bu layihə çərçivəsində ilkin mərhələdə ölkədə gücü 2,8 MVt olan günəş elektrik stansiyasının tikintisi və avadanlıqlarının quraşdırılmasına başlanılıb. Məlumata görə, aqroenerji kompleksində birinci mərhələdə 300 ailə üçün yeni qəsəbənin tikintisi və istehsal təyinatlı obyektlərin istifadəyə verilməsi, iki mindən çox vətəndaşın işlə təmin edilməsi nəzərdə tutulur. Bütün infrastruktura malik olacaq bu şəhərciyin enerji təchizatı ekoloji təmiz günəş, külək, geotermal və bioqaz enerji mənbələri hesabına təmin olunacaq.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda alternativ enerji istehsalına maraq artıb. Hətta artıq Biləsuvarda 6 məktəb və 6 uşaq bağçası özünü günəş enerjisi ilə təmin etməyə başlayıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi bu rayonda Cəbrayıldan olan qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeni layihələr həyata keçirib. Belə ki, Dövlət Agentliyi Biləsuvarda qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 6 məktəb və 6 uşaq bağçasının elektrik enerjisi və istilik enerjisi ilə təminatının alternativ enerji hesabına ödənilməsi layihəsini həyata keçirib. Bu məktəb və bağçalarda istilik və elektrik enerjisi öz hesabına - məktəb və bağçalarda quraşdırılmış günəş panelləri və istilik nasosları vasitəsi ilə ödəniləcək.
Bundan başqa, Dövlət Agentliyi bu rayondakı məktəb və bağçaların yenidən qurulması və məktəblərdə yeni qazanxana binasının tikintisini də öz üzərinə götürüb. Agentlikdən bildiriblər ki, bu inzibati binalar tikilərkən orada istilik sistemi quraşdırılmayıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi layihəni həyata keçirdikdən sonra qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdəki məktəb və bağçalarda döşəmələr yenisi ilə əvəz olunub, isti döşəmə sistemi çəkilib, təkqat şüşələr ikiqat şüşələrlə əvəz olunub, sınmış şüşələr dəyişdirib, qapılar əvəzlənib. Bundan başqa, məktəbdə yeni qazanxananın tikintisi, elektrik sisteminin dəyişdirilməsi və inzibati binaların təmiri həyata keçirilib. Məktəbin sinif otaqları və digər otaqların döşəməsində laminat, dəhlizdə və bufetdə isə metlaxdan istifadə olunub.
Bundan başqa, burada yeni müasir qazanxana tikilərək istifadəyə verilib. Məktəb və bağçanın istilik sistemini qazanxana ilə əlaqələndirmək üçün dəmir borulardan istifadə olunub. Hər bir qazanxanada ümumi gücü 49,5 KVt olan 198 ədəd günəş paneli və ümumi gücü 135 KVt olan 3 ədəd istilik nasosları quraşdırılıb. Layihə üzrə ümumi olaraq 1 188 günəş paneli (ümumi güc - 297 KVt) və 18 ədəd istilik nasosu (ümumi güc - 810 KVt) istifadə edilib. Qeyd edək ki, həmin layihə Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənib. Artıq bu ilin əvvəlindən məktəb və bağçalar istifadəyə verilib.
Qobustan rayonunda da alternativ enerji üzrə eksperimental poliqon yaradılıb, günəş panellərin istehsalı üzrə Sumqayıtda "Azgüntex" müəssisəsi açılıb. Hazırda Agentlik tərəfindən Samux rayonunda aqro-enerji kompleksi yaradılır. Bu layihədə əsas məqsəd enerji baxımından tam müstəqil olan aqrar müəssisə və gələcəkdə onun ətrafında yaşayış məntəqəsinin yaradılmasıdır. Layihənin icrasına dövlət tərəfindən təxminən 10 mln. manat həcmində vəsait ayrılıb.
Hazırda Azərbaycanda ümumi enerji balansında alternativ enerjinin xüsusi çəkisi 2% təşkil edir. Lakin pay üzrə rəqəm indi böyük rol oynamır. Bəzi ölkələrdə bu göstərici 10-12%-ə çatdırılıb və bu, əsasən yüksək tariflərin cəlbediciliyinə görə bu sahədə özəl sektorun fəallığı ilə bağlı olub. Lakin sonradan bu ölkələr tarifləri aşağı salmağa məcbur olub və nəticədə, bu sahəyə investisiya axını kəskin azalır ki, bu da sahəyə ümumi mənfi təsir edir.
Azərbaycan hökuməti bu sahənin inkişafına daha əsaslı yanaşır və dövlətin maliyyə dəstəyi hazırda aparıcı rol oynayır. Yaxın gələcəkdə Azərbaycanda alternativ enerjinin siması dəyişəcək. Məsələn, yaxın gələcəkdə Azərbaycanda elektrik enerji ilə işləyən avtomobilləri də görmək mümkün olacaq və Agentlik bu sahədə mümkün qədər əlverişli şərait yaradacaq.
2010-2013-cü illər ərzində Azərbaycanda alternativ enerji sahəsinə təxminən 500 mln. ABŞ dolları həcmində investisiya yönəldilib. Agentliyin prioritet layihələri sırasında hər evin xüsusi qurğular vasitəsi ilə bərpa olunan enerji istehsalını nəzərdə tutan "1000 ev - 1000 elektrik stansiya" adlı layihəsini, müxtəlif regionlarda ictimai obyektlərin və yolların alternativ enerji ilə təmin edilməsini, kiçik su elektrik stansiyalarının tikintisi layihələrini qeyd etmək olar. Azərbaycanda alternativ enerjinin inkişafının əsas məqsədi mövcud şəraiti və iqlimi nəzərə alaraq alternativ enerjinin ölkənin bütün regionlarını əhatə etməsidir.
Bu ilin mayından istehsala başlayan Qobustan hibrid elektrik stansiyasında 1 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal olunaraq "Azərenerji" ASC-yə təhvil verilib. Hazırda Azərbaycanın 10 rayonunda hər birinin gücü 30 MVt olan alternativ elektrik stansiyalarının qurulması üçün texniki əsaslandırma işləri aparılır. Onun sözlərinə görə, hər bir rayonun texniki şəraitinə əsaslanan stansiyalar qurulacaq. 2015-ci ilə qədər Qobustan rayonu ümumi elektrik şəbəkəsindən tam ayrılacaq və özü-özünü yalnız alternativ enerji ilə təmin edəcək. Agentliyin əsas hədəfi Avropa Birliyinin tələblərinə uyğun olaraq 2020-ci ildə Azərbaycanda bərpa olunan enerjinin həcmini 20%-ə çatdırmaqdır. Tarif siyasəti isə dövlətin subsidiyalarına əsaslanacaq. İnvestisiyalar stimullaşdırılacaq və bunun üçün istehsalçı şirkətlərə müəyyən güzəştlərin verilməsi də nəzərdə tutulub.
2020-ci ildə Azərbaycanda istehsal olunacaq ümumi enerjinin 20%-nin alternativ enerjinin payına düşəcəyi gözlənilir. Ölkədə alternativ enerji sektorunun inkişaf etdirilməsi məqsədi ilə Yüksək Texnologiyalar Parkı yaradılır. Burada yüksək texnologiyalarla təchiz olunacaq 15 zavod fəaliyyət göstərəcək. Parkda LED lampaları, şüşə, kiçik turbin və alternativ enerji sahəsində istifadə olunacaq lazımi məhsullar istehsal olunacaq. Azərbaycanda 2020-ci ilədək nəzərdə tutulmuş alternativ enerji mənbələrinin inkişafı strategiyasının tətbiqinə 2013-cü ildə başlanıb. Hazırda bu strategiyanın strukturu, əsasnaməsi, onun Avropa standartlarına uyğunlaşdırılması istiqamətində işlər həyata keçirilir. Strategiya çərçivəsində Sumqayıt, Qobustan, Şəki və Samuxda alternativ enerji mənbələrindən istifadə sahəsinə dair müvafiq işlər aparılır.