“Pensiyaların maliyyələşdirilməsində heç bir problem olmayacaq” İqtisadiyyat

“Pensiyaların maliyyələşdirilməsində heç bir problem olmayacaq”

Elman Mehdiyev: "Özəl pensiya fondlarının fəaliyyətinin təşkili üzrə Çərçivə Planı hazırdır"

Azərbaycanda pensiyaların ödənilməsini reallaşdıran bankların siyahısında dəyişiklik yoxdur.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı DSMF sədri Elman Mehdiyev bildirib. "Bu gün Azərbaycanda pensiyaların ödənilməsi prosesi satınalmalar haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən tender vasitəsilə reallaşdırılır. Ötən dövrdə bizim keçirdiyimiz bu tenderdə Beynəlxalq bank və Kapital bank qalib olub. Hazırda pensiyaların ödənilməsin bu iki bank vasitəsilə reallaşdırılır", - deyə E. Mehdiyev bildirib.
Onun sözlərinə görə, bugünkü vəziyyətdə hər iki bank öz üzərilərinə düşən vəzifələri kifayət qədər yüksək səviyyədə icra edirlər.
"Artıq biz may ayının pensiyalarının maliyyələşməsinə yenə də qrafikdən öncə, ayın birində start verəcəyik. Mən müvafiq bankların rəhbərləri ilə bu məsələni müzakirə etmişəm. Həm maliyyələşmələrdə, həm də nağd pul vəsaitlərlə təminatda heç bir problem olmayacaq", - deyə E. Mehdiyev bildirib.
"Yığım komponentinin tətbiqi və özəl pensiya fondlarının təşkili ilə bağlı qanunvericiliyin hazırlanması kifayət qədər mürəkkəb mərhələ olmaqla sığorta pensiya sistemindən kənar amillərdən, o cümlədən maliyyə bazarının və qiymətli kağızlar bazarının inkişafı səviyyəsindən asılıdır".
DSMF sədri Elman Mehdiyev bildirib ki, Azərbaycanda yığım komponentinin tətbiqi və özəl pensiya fondlarının fəaliyyətinin təşkili üzrə DSMF və Avropa Birliyinin birgə layihəsinin aralıq mərhələsinə həsr olunana konfransda Çərçivə Planı açıqlanacaq. "Həmin Çərçivə Planı təbii ki, bir neçə alternativlərin nəzərdən keçirilməsinə yönəldilib. Yəni avropalı ekspertlər Azərbaycan üçün mümkün variantları ictimaiyyətə təqdim edəcəklər. Bu variantlar üzrə biz aidiyyatı dövlət orqanları ilə bir daha müzakirələr apardıqdan sonra konkret istiqamətdə qanunvericilik bazasının hazırlanması işini yekunlaşdıracağıq", - deyə E. Mehdiyev bildirib.
E. Mehdiyev Çərçivə Planının artıq hazır olduğunu vurğulayıb. "Hər hansı bir qanunvericiliyin hazırlanması üçün Avropa təcrübəsinə uyğun olaraq, ilk növbədə mövcud vəziyyət dərindən öyrənilməli, təsir edəcək amillər qiymətləndirilməli, bu istiqamətdə araşdırmalar aparılmalıdır. Ötən dövrdə avropalı ekspertlər, Azərbaycan Respublikasının dövlət qurumları və aidiyyatı maliyyə bank sektorunun subyektləri ilə qarşılıqlı görüş əsasında bu tədqiqatı yekunlaşdırıblar və müxtəlif istiqamətlər üzrə alternativlər təqdim edirlər ki, Azərbaycanın maliyyə, qiymətli kağızlar bazarının perspektiv inkişaf istiqamətlərinə uyğun olaraq hansı əsaslarla biz könüllü sosial sığortalanmanı və buna uyğun olaraq fərdi hesablar sisteminə əsaslanan könüllü yığım komponenti və özəl pensiya fondlarının fəaliyyətini təşkil edə bilərik", - deyə DSMF sədri bildirib. E.Mehdiyev əlavə edib ki, bu Çərçivə Planı uyğun olaraq konkret variant üzərində dayanılacaq və bu seçimi etdikdən sonra qanunvericiliyin bu əsasda yekunlaşdırılması işi başa çatdırılacaq.