“Azərbaycan qadını iqtisadi cəhətdən müstəqil deyil” Müsahibə

“Azərbaycan qadını iqtisadi cəhətdən müstəqil deyil”

Tünzalə Verdiyeva: "Kişinin öz xanımına təhsil almağa və işləməyə icazə verməməsi sosial xəyanət sayılır"

Boşanmaların və qatil doğmaların sayının artması artıq cəmiyyəti "SOS" siqnalını veriləcək həddə çatdırıb. Aydın məsələdir ki, hər hansı problemin aradan qaldırılması üçün onu yaradan səbəb tapılmalı və cəmiyyətin dəqiq diaqnozu qoyulmalıdır. Son illər baş verən və ardı-arası kəsilməyən "namus" cinayətlərinin səbəbi nədir? Azərbaycan kişi və xanımlarını namus davasının kökündə nə durur? Sualları psixoloq Tünzalə Verdiyeva ilə birgə cavab axtarmışıq...

- Xəyanət nədir və cəmiyyətdə onun hansı formaları geniş yayılıb?
- Xəyanət insanın etibarından sui istifadıə edərək, bilərəkdən onu çıxılmaz vəziyyətə salmaq, hörmət və nüfuzuna xələl gətirməkdir. Nəticədə xəyanətə uğramış insan bir xəyənatkarın timsalında bütün insanlara inamını itirə bilər. İngilis filosofu A.Teylorun təbirincə desək "bilmədən edilən xata yanlışlıq, bilərək edilən xata isə xəyanətdir". Xəyanətin fiziki, psixi və sosial xəyanət kimi formaları var: fiziki xəyanət adından da göründüyü kimi cinsi xəyanətdi. Psixi xəyanət dedikdə isə daha geniş mənada başa düşülür. Xəyanət qəlbdən başlayır. Fikrində, düşüncəsində başqa birini yaşatmaqdır. Yəni yanında biri, düşüncədə isə başqa birisi olur ki, bu da psixi xəyanəti tam mənasıyla açıqlayır. Xəyanətin çox geniş yayılan sosial növü də var. Belə ki, ailədə bəzən kişinin öz xanımına təhsil almağa və işləməyə icazə verməməsi, onun sosiallaşmasına və fərdi inkişafına mane olması məhz sosial xəyanət sayılır.
- Xəyanət nə zaman baş verir?
- Ailədə xəyanətin baş verməsi üçün konkret bir zaman göstərmək mümkün deyil. Evliliyin birinci, beşinci və yaxud onuncu ilində demək məntiqsiz olardı. Ailə həyatının müxtəlif dövrlərində aşağıda göstərilən faktlar ortaya çıxdıqda xəyanət baş verə bilər: 1. Sevgi azaldıqda; 2.Hörmət itdikdə; 3. Uzun müddət ayrı qaldıqda; 4. Emosional bağ qırıldıqda; 5. Özünü bədbəxt hiss etdikdə; 6. Psixoloji böhran vəziyyətinə düşdükdə; 7. Macəra axtaranda;
- Hesablamalara görə, evdar xanımlar daha çox xəyanətə məruz qalırlar. Səbəb?
- Çünki evdar xanımların əksəriyyəti təhsilsiz olduğundan kişilər hesab edirlər ki, onları aldatmaq daha asandır. Əslində isə elə deyil. Xanımlar düşdükləri durumun fərqindədilər, lakin çox zaman vəziyyətdən çıxış yolunu bilmirlər. Heç bir evli qadın laqeyidsizliyi, hörmətsizliyi və təhqir olunaraq döyülməklə razılaşa bilmir. Bu hallar baş verəndə qadın istər-istəməz diqqəti, hörməti, qayğını, nəvazişi kimdə hiss edirlərsə, o şəxsə meyl edir. Bəzi xanımlar xəyanətə uğradıqlarını bildiyi halda susurlar, övladlarının xatirinə dözürlər, bəziləri isə xəyanətə xəyanətlə cavab verirlər. Hz. Peyğəmbərimiz (s.a.s) deyirdi: "Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan".
- Kişinin onu qayğı ilə əhatə etmiş həyat yoldaşına xəyanəti Azərbaycan cəmiyyətində qanunauyğun hal kimi qiymətləndirilməsi normaldırmı?
- Normal olmasa da belədir. Bizim cəmiyyət bu halı "həyat tərzi" kimi qiymətləndirir. "Kişidir ona hər şey olar?" Qadının bu məsələni dilə gətirməsi hətta qəbahət hesab edilir. "Nəyin çatmır, yediyin önündə, yemədiyin arxanda? - deyərək qınayırlar da. Əgər kişi evə çörək gətirirsə, vəzifəsi bitmiş hesab olunur. Qadının emosional tələbatları; sevgiyə, qayğıya, məhəbbət və ünsiyyətə olan ehtiyacı nəzərə alınmır.
- Qadın sevdiyi insanın xəyanətini bağışlayırmı?
- Sevgi varsa həm qadın, həm də kişi xəyanəti bağışlayır. Bu birmənalı olaraq belədir. "Sevgidə qürur olmaz" fikri əbəs deyilməyib. Qadın sevdiyi insanın xəyanətini dəfələrlə bağışlıyır, ona haqq qazandırmağa çalışır. Çünki özü ilə, öz hissləri ilə bacarmır. Hər dəfə onun günahını azaltmaq üçün səbəbi başqa qadınlarda görür. Pasientlərimdən biri "Mənim yoldaşımda heç bir günah yoxdur, onu qızlar yoldan çıxardır. Bu qızların niyə yiyəsi yoxdur? Nə çox yiyəsiz qız var! - deyərək öz həmcinslərini günahlandırırdı. Başqa bir qadın "Niyə bu kafe, restoranları bağlamırlar, bu qədər restoran olar. Hamısında da açıq-saçıq geyinmiş müğənnilər oxuyur. Onlar qoymurlar yoldaşım evə gəlsin". Əksər hallarda qadın xəyanətə uğradığını hər kəsdən, hətta öz yaxınlarından belə bu vəziyyəti gizlədir.
- Xəyanət qurbanı olan qadınların aqibəti necə olur?
- Adətən koriyera qurmayan, sosial həyatda o qədər də aktiv olmayan, yalnız ailəsi üçün yaşayan və ailəni qoruyub saxlamaq üçün bütün çətinliklərə sinə gərən qadınlar xəyanəti çox ağır qəbul edirlər. Qadın nə qədər özünü şam kimi əritsə də, onun çabaları nəticəsiz qalır. Hər şirin yuxunun sonu olduğu kimi, qadının sevgisi qarşılıqsız olduğu üçün tez də tükənir. Həyat yoldaşı tərəfindən aldadılan qadın bunun fərqinə vardıqda və xəyanətə əmin olduqda isə çox gec olur. Araşdırmalar zamanı məlum olub ki, yoldaşı xəyanət edən qadınların 50 faizində özünə inam hissi "ölür", yüzdə 35-i ailənin dağılmaması naminə özünü elə aparır ki, guya heç nədən xəbəri yoxdur, 15 faizi isə konkret olaraq boşanır. Qısası, əri xəyanət edən qadınların yüzdə 85-i "taleyi ilə barışır".
- Xanımları xəyanətə hansı səbəblər sürükləyə bilər?
- Qadının nanusunu kibrit çöpünə bənzədirlər. Kibrit çöpünü ikinci dəfə yandırmaq mümkün deyil. Namusu ləkələnmiş qadın da öz adını asanlıqla təmizləyə bilmir. Bəs hansı səbəblər xanımları xəyanətə sürükləyə bilər?
1.Bəzən valideynlərin məsləhəti ilə bir-birini kifayət qədər tanımayan gənclər ailə qururlar. Qadın öz həyat yoldaşını sevmir, əsl sevgisini tapır, lakin ayrılmaq istədikdə xanımın yaxınları "ailəni dağıtma" deyərək ona mane olurlar. Beləliklə münasibətlərini gizli davam etdirən qadın uşaqlarının atasına xəyanət edir.
2. Ərinin ona xəyanət etdiyini eşidir, özünü təhqir olunmuş hesab edərək qisas almaq qərarına gəlir. Qadınların kişilərə xəyanətinin ən əsas səbəbi intiqam hissidir. Qadın həqiqətən istəməsə belə özünə xəyanət edən kişiyə eyni hissləri yaşatmaqdan ötrü ona xəyanət edir.
3. Əri tərəfindən hər gün döyülür, zorakılığa məruz qalır və ona olan hörmətini itirir. Başqasının kiçicik bir diqqətində öz xilasını və əzablardan qurtuluşunu görür.
4. İradəsi zəif olan qadınlar başqalarının təsiri altda düşürlər. Rəfiqəsinin şirin söhbətlərinə uyur, aldanıb-aldadırlar.
5. Qeyri-sağlam həyat tərzi.
- Niyə azərbaycan cəmiyyəti qadını hər an xəyanətdə ittiham etməyə hazırdır?
- Çünki ənənələrə görə "qadın namusdur". Səbəb nə olursa olsun, qadın dözməli, itaət etməli, ərinin bütün hərəkətlərini qəbul etməlidir. Qadının müstəqilliyi, öz hüquqlarını bilməsi və hüquqlarından istifadə etməsi hələ də tam qəbul olunmur. Minlərlə qadın məhz ictimai qınağı nəzərə alaraq dözülməz "ailə dramlarını" davam etdirirlər.
Bəlkə də "ailə faciələrinin" "namus cinayətlərinin" bu qədər çox olmasına səbəb psixopat ərlərdən çox cəmiyyətin qadına olan münasibətidir. Boşanmış qadını "potensial fahişə" kimi qiymətləndirmək, övladı olan xanımı təhsilini davam etdirməkdə qınamaq, iş və koriyerada maneələrlə rastlaşmaq bu günkü cəmiyyətin problemidir. Çox az sayda olan qadını nəzərə almasaq, bu gün də azərbaycan qadını iqtisadi cəhətdən müstəqil deyil, o sərbəst şəkildə ataya, qardaşa və ərə möhtac olmadan yaşaya bilmir. Öz həyatını və övladlarının gələcəyini planlaşdıra bilmir. Məhz bu və ya digər səbəbdən qadınlar xəyanətdə ittiham olunmaq və ictimai qınağa məruz qalmaq məcburiyyətindədilər. Son vaxtlar kriminal verlişlərində tez-tez "namus" cinayətlərinə rast gəlirik. Deyəsən, tamah məqsədilə törədilən, oğurluq, adam öldürmə, başqasının sağlamlığına xəsarət yetirmə və s. kimi cinayətlərə "namus" donu geyindirmək dəb halını alıb. Qızını boğan ata, anasını öldürən oğul, bacısının qızıl-brilyantına tamah salan qardaş, arvadının sağlamlığına xəsarət yetirən ər də "namuslu" sayılır. Belələri atanın, qardaşın, oğulun və ərin vəzifələrini bilməyən, bu şərəfli missiyanı daşımağa layiq olmayan, məhbəsin yazılmayan qanunlarından, sərt və amansız qaydalarından, fiziki cəzalarından sığortalanmaq məqsədi ilə "namus üstə yatan" qəhrəmanlardır.
- Orta statistik Azərbaycan ailələrində xəyanət çox təbii bir proses kimi qarşılanır. O zaman demək olar ki, ailələrdə sevgi və qarşılıqlı hörmət yoxdur və psixoloji böhran yaşayır? Səbəb?
- Orta statistik Azərbaycan ailələrində kişilərin xəyanəti nəinki təbii proses kimi qarşılanır, bəziləri üçün bu hal qəbahət yox, hətta qəhrəmanlıq hesab olunur. Bu problemin əsas səbəbkarı təkcə kişilər deyil, onları dünyaya gətirən, böyüdüb boya-başa çatdıran analardır. Kiçik yaşlardan qızları ciddi nəzarət altında saxlayan, onu qoruyan və qızlara özünü qorumağı öyrədən analar, oğlan uşaqlarının tərbiyəsinə o qədər də ciddi yanaşmırlar. "Oğlan uşağıdır, heç nə olmaz"- deyərək, həyata, hadisələrə, insanlara münasibət formalaşdırarkən ciddi qüsurlara yol verirlər. Başqalarının hisslərinə və emosiyalarına hörmətlə yanaşmağı, sədaqətli ər olmağı öyrətmirlər. Halbuki əxlaqlı, yüksək mənəviyyatlı övladlar, etibarlı, sədaqətli yüksək insani duyğuların və münasibətlərin bərqərar olduğu ailələrdə formalaşırlar. Arzulanaraq dünyaya gələn, düzgün tərbiyə və təhsil görən insanlarda ciddi psixoloji travmalar olmur. Çinki, sevgi və qayğı ilə əhatə olunan, emosional tələbatları vaxtında ödənən insanlarda natamamlıq kompleksi olmur. Xəyanətin görünmüyən tərəflərində isə ciddi psixoloji travmalar, bəzən isə fiziki iqtidarsızlıq və fizioloji problemlər gizlənir. Özünü təsdiq etmək, "güclü" görünmək arzusu bəzi kişiləri xəyanətə sürükləyir. Bəzi kişilər isə öz fiziki zəiflikərini və iqtidarsız olduqlarını maskalamaq üçün müxtəlif qadınlarla adlarının hallanmasında maraqlı olurlar.
- Xəyanətin qarşısını almaq üçün hansı tədbirlərin həyata keçirilməsi vacibdir?
- Tərəflər o vaxt evlilik qərarına gəlməlidirlər ki, onlar artıq bir-birindən ayrı qala bilmədiklərini dərk etsinlər. Ailələr sevgi üzərində qurulmalıdır. Bir-birini sevən insanlar bərabərhüquqlu olurlar. Heç kim öz üstünlüyünü göstərməkdə maraqlı olmur. Sevən insanlarda "itirmək" qorxusu güclü olur. İtirməkdən qorxan insan yalnışlıqlardan çəkinir. Özünə layiq bilmədiyini həyat yoldaşına rəva bilmir. Beləcə ailədə qarşılıqlı hörmət və etibar formalaşır.

Ülviyyə Tahirqızı