“Ermənistan uduzur, vəziyyətdən çıxmaq üçün bu yola əl atır” - Ziyafət Əsgərov Müsahibə

“Ermənistan uduzur, vəziyyətdən çıxmaq üçün bu yola əl atır” - Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, hazırda cəbhə xəttində döyüşlər gedir. Ordumuz işğala son qoymaq, düşmən təxribatına cavab olaraq əks-hücuma keçib. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər isə durmadan sülh çağırışı edir. Hazırki situasiyanı necə dəyərləndirirsiniz?
- Azərbaycan hazırda öz ərazilərini işğaldan azad edir. Ərazilərimizin işğaldan azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur. Eyni zamanda digər beynəlxalq təşkilatların, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının, Avropa İttifaqının, Avropa Parlamentinin qərarları mövcuddur. Amma indiyə qədər bu qərarlar icra edilməyib. Eyni zamanda bu qərarların icrasını da təmin edən olmayıb. Bunun nəticəsində işğalçı Ermənistan verilən qərarları heçə saymağa başlayıb. Dəfələrlə dünya birliyi, beynəlxalq təşkilatlar xəbərdar edilmişdi ki, onlar Ermənistana təzyiq və sanksiyalar tətbiq etsin. Lakin bu tələblərin heç biri icra edilmədi.
Sözsüz ki, ötən müddətdə, 30 ilə yaxın bir dövrdə Azərbaycan sürətli inkişafa nail olub. Ölkəmizin iqtisadiyyatı, ordusu güclənib. Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzu, siyasi çəkisi artıb. Məhz bunların fonunda Azərbaycan bölgənin ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı isə vəziyyət olduğu kimi qalıb. Bir ildən artıqdır ki, işğalçı Ermənistanın danışıqlardan yayınıb, təxribata əl atması ilə bağlı dəfələrlə müraciətlər edilib. Azərbaycan tərəfi vurğulayıb ki, biz danışıqlara tərəfdarıq. Ermənistan isə artıq danışıqlardan yayınmaq istəyirdi. Çünki işğalçı dövlət status-kvonun saxlanılmasında maraqlı idi. Tovuz döyüşlərində də Ermənistan təxribat törətdi. Onun məqsədi tamam məkrli idi.
Düşmən çalışırdı ki, 3-cü ölkələr bu prosesə qatılsın. Eyni zamanda düşmən burada tamam başqa məqsədlər güdürdü. Məhz Tovuz döyüşlərində ağır zərbə alandan sonra düşünülürdü ki, Ermənistan bundan nəticə çıxarsın. Xatırladım ki, 2016-ci ilin Aprel döyüşlərində də düşmən böyük zərbə almış, ağır məğlubiyyətə uğramışdı. Amma düşmən bu olanlardan konkret nəticə çıxarmayaraq, yenidən təxribatlarını davam etdirib. Hətta Ermənistan könüllülər adı altında 10 minlərlə döyüşçü cəlb etməyə başladı. Məhz bütün bunlardan sonra məlum oldu ki, Ermənistan ciddi şəkildə müharibəyə hazırlaşır. Belə olan halda isə cənab Prezident BMT tribunasından da bütün dünya liderlərinə, beynəlxalq ictimaiyyətə səsləndi ki, Ermənistan təxribata hazırlaşır, bunun qarşısını almaq lazımdır. Amma təəssüflər olsun ki, bu çağırışlara reaksiya verilmədi. Sonradan təşkil edilən debatlarda yenidən bu məsələ gündəmə gətirildi, təəssüf ki, yenə də bu çağırışlar cavabsız qaldı.
Bunların fonunda isə sentyabrın 27-də düşmən hərbi təcavüzə, təxribata başladı, mülki obyektlərə, dinc insanlara qarşı hücum etdi. Azərbaycan tərəfi buna ciddi reaksiya verdi, düşmənə qarşı əks-hücum təşkil edildi.
Bu gün Azərbaycanın apardığı hərbi əməliyyatlar beynəlxalq hüquq tərəfindən tanınan ərazilər daxilində baş verir. Əminik ki, qısa zaman kəsiyində güclü Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin ediləcək.
- Cəbhədəki geniş miqyaslı döyüş əməliyyatlarına qızışdıran hansı məqam oldu?
- Bu o halda baş verə bilərdi ki, işğalçı Ermənistan bütün işğal edilmiş Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarsın. Çox təəssüf ki, Ermənistan bunu etmədi. Beynəlxalq birlik isə Ermənistana bu əməlinə görə heç bir təzyiq göstərmədi. İndi isə bütün beynəlxalq təşkilatlar əl-ayağa düşüblər ki, atəşkəs bərpa edilsin.
- Beynəlxalq birliyin sülh çağırışları etməsi fonunda proseslər necə inkişaf edəcək?
- Cənab Prezident ötən gün Hərbi Hospitalda cəbhədə yaralanmış əsgərlərlə görüşündə bir daha vurğuladı ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Bu gün də Azərbaycan sülhün tərəfdarıdır. Amma bir şərtlə ki, Ermənistan silahlı birləşmələri Azərbaycan torpaqlarından birmənalı şəkildə çıxmalıdır. Ona görə də hər kəs bilməlidir ki, Azərbaycanın hazırda apardığı müharibə vətən müharibəsidir. Cənab Prezident də diqqətə çatdırdı ki, biz haqq uğrunda mübarizə aparırıq.
- BMT TŞ-nın, ATƏT-in Daimi Şurasının toplantılarında atəşkəsin bərpası ilə bağlı çağırışlar edildi. Beynəlxalq təşkilatların məsələ ilə bağlı konkret addımlar atacağı mümkündür?
- BMT 27 il bundan öncə Dağlıq Qarabağla bağlı qətnamələr qəbul edib. Eyni zamanda beynəlxalq təşkilatların da yanaşmasını dolayısı ilə anlamaq mümkündür. Bu təşkilatlar dünyada yeni bir gərginlik ocağının yaranmasında o qədər də maraqlı deyil. Amma 27 il ərazində bu hörmətli beynəlxalq təşkilatlar Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü ilə bağlı bir dəfə də toplaşıb işğalçıya təzyiq etmək barədə qərar qəbul etməyiblər. Xocalı soyqırımı baş verdikdə də onlardan bir mövqe görülməyib.
Amma indi Azərbaycan düşmənin əks-hücumuna reaksiya verərək öz ərazi bütövlüyünü təmin edir. Buna dərhal reaksiya verməyə başlayıblar. Onların müraciətləri də statuslaruna görə başadüşüləndir. Amma Azərbaycan öz haqqını müdafiə edir və ərazi bütövlüyünü təmin, torpaqlarını işğaldan azad edir. Dövlətimiz öz iradəsini ortaya qoyaraq ərazilərini düşməndən təmizləyir.
Eyni zamanda BMT 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin icrasını tələb edə bilərdi. Halbuki BMT həmin qətnamələrin təminatı ilə bağlı özü mexanizm yaratmalı, mandat verilməsini təmin etməli idi. Amma BMT bunu etmədiyi halda bizdən atəşkəsi bərpa etməyi tələb edir. Azərbaycan eyni zamanda BMT-nin TŞ-nın qərarlarını icra edir. Çünki həmin qərarlarda qeyd edilib ki, Ermənistan qoşunları heç bir şərt olmadan işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılsın. Amma Ermənistan bunu etmədi. Əslində bu gün BMT Azərbaycana dəstək verməlidir. Çünki onun qəbul etdiyi qərarları bu gün dövlətimiz təmin edir.
- Ermənistan Türkiyənin bölgədə mövcudluğunu iddia edir. Qənaətinizcə, Ermənistan bu cür informasiyaları dövriyyəyə buraxmaqla nə məqsəd güdür?
- Cənab Prezident “Rosiyya-1” kanalına müsahibəsində çox dəqiq bir ifadə işlətdi: feyk-nyus. Bu, tamamilə yalan bir məlumatdır. Türkiyə Azərbaycan üçün qardaş, müttəfiq dövlətdir. Onun ölkəmizdə dəstəyi ancaq mənəvi xarakter daşıyır. Türkiyənin adının bu məsələdə hallanması Ermənistanın riyakarlığını bariz nümunəsidir. Onlar çalışırlar ki, Türkiyənin adının hallanması ilə prosesləri bir qədər başqa səmtə yönəltsinlər. Ermənistan artıq aciz bir vəziyyətdə qalıb. İşğalçı dövlət bu müharibəni artıq uduzacaq. Vəziyyətdən çıxmaq üçün hansısa üçüncü ölkələri bura dəvət etməklə konfiliktin miqyasını genişləndirməyə çalışır. Bu, tamamilə mənasız bir yanaşmadır. Çünki hazırda döyüşlər Azərbaycan ərazisində işğalçı Ermənistanla aparılır. Dünya birliyi də bunu dəqiq bilir. Digər dövlətlərin rəhbərləri cənab Prezidentə bu məsələ ilə bağlı zənglərində də onlara vəziyyətlə bağlı məlumatlar verilir. Çünki bu təxribatları Ermənistan başlayıb. Azərbaycan isə buna adekvat reaksiya verib. Eyni zamanda Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır.
Bu müharibə də məhz Azərbaycan ərazisində gedir. Eyni zamanda Azərbaycan BMT-yə Dağlıq Qarabağın Azərbaycan ərazisi statusunda üzv qəbul olunub. BMT TŞ öz qətnamələrində Dağlıq Qarabağı işğal edilmiş ərazi kimi göstərib. Ona görə də qardaş Türkiyənin bu məsələdə adının hallanması tamamilə cəfəng bir yanaşmadır. Ermənistan öz məğlubiyyətini qəbul edə bilmir. Onların iddiasında guya Ermənistan tək Azərbaycana məğlub ola bilməz. Azərbaycanın arxasında Türkiyə dayanır məsələsini də məhz bu prinsiplər üzərindən dövriyyəyə buraxmağa çalışırlar. Məqsədləri də ondan ibarətdir ki, indiki halda hansısa dövlətlər Ermənistana açıq yardım göstərsin.
- Üçüncü dövlətlərin bu prosesdə iştirakı gözləniləndir?
- Ermənistan hazırkı durumda Azərbaycanla müharibə aparacaq vəziyyətdə deyil. Ona görə də hər vəchlə çalışır ki, bu məğlubiyyətinin qarşısını almaq üçün 3-cü dövlətləri bura cəlb etsin. Eyni zamanda münaqişənin miqyasının böyüməsi də qarşılarına bir məqsəd kimi qoyulub. Digər tərəfdən Ermənistan 3-cü tərəfləri bura cəlb etməklə Azərbaycan qarşısında məğlubiyyətinin məsuliyyətindən qaçmağa çalışır. Onlar belə bir mənzərə yaratmağa istəyirlər ki, artıq bu olanlar Ermənistanın məsələsi deyil. Amma bütün bunlara baxmayaraq, bu gün bütün dünya birliyi də gözəl başa düşür ki, Azərbaycan öz ərazisində Ermənistanla müharibə aparır.
- Nəticələri necə şərh etmək olar...
Azərbaycan Ordusu vətən müharibəsinə başlayıb. Nəticəsində də qalib ordu kimi ərazi bütövlüyümüzün təminatına nail olacaq. 30 ilə yaxındır ki, Azərbaycan tərəfindən işğalçı Ermənistana danışıqlarla və sülhlə bağlı şanslar verilib. Bu müddətdə Azərbaycanın danışıqlarda iştirak etməsi Ermənistana çox böyük güzəşt idi. Amma Ermənistanda olanlar bunu başa düşmədi. Diplomatiyadan anlamayan düşmən güclə anladılmaq məcburiyyətindədir. Azərbaycan bu məsələdə tam haqlıdır və torpaqlarının azadlığına nail olacaq. Beləliklə suverenliyimiz işğal edilmiş ərazilərdə bərpa olunacaq.