Əfqan Ala: “Biz hədəflərimizə Azərbaycanımızla birlikdə çatacağıq” Müsahibə

Əfqan Ala: “Biz hədəflərimizə Azərbaycanımızla birlikdə çatacağıq”

"Əlaqələrin hazırkı səviyyəsi ilə kifayətlənməyərək münasibətləri daha da inkişaf etdirmək istəyirik"

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurumdan millət vəkilliyinə namizədi, parlament seçkiləri ilə əlaqədar martda daxili işlər naziri postundan istefa vermiş Əfqan Alanın APA-ya müsahibəsi

- Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, keçən ay Azərbaycan prezidenti, hörmətli İlham Əliyev prezidentimiz Rəcəb Tayyib Ərdoğanla birlikdə Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etdi. Azərbaycandan Türkiyəyə çox ciddi yatırımlar qoyulur. Biz neft və qaz boru xətlərini birlikdə inşa edirik. Əslində çox gözəl münasibətlərimiz var. Həqiqətən bir millət, iki dövlət kimi hərəkət edirik. Amma hər şeyin daha gözəli var. Hazırkı əlaqələrlə kifayətlənmək fikrimiz yoxdur. Biz həmişə daha yaxşısını etmək məcburiyyətindəyik. Azərbaycan və Türkiyə birlikdə daha yaxşısını edə bilər. Ona görə də biz daim irəli baxırıq. Heç bir şeyə "yetərlidir" demirik. Qardaşlar arasında bu birliyi ancaq regiona yox, bütün dünyaya nümunə olacaq şəkildə daha da yüksək səviyyəyə qaldırmalıyıq ki, dostlarımız bizimlə birlikdə olsun, düşmənlərimiz isə bizdən çəkinsinlər. Çox gözəl əlaqələrimiz var. Bu münasibətləri daha da inkişaf etdirmək üçün əlimizdən gələni etmişik, edirik və edəcəyik.

- Ermənilər Türkiyəni soyqırımda ittiham edir. Halbuki Xocalıda törədilən qırğın daha yaxın tarixdə baş verib. Türkiyə dövləti olaraq Xocalı, habelə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hər hansı təşəbbüslə çıxış etmək niyyətiniz var?
- Birləşmiş Millətlər Təşkilatında, Avropa İttifaqında keçirilən istənilən iclasda həm Ermənistanın Qarabağı işğal etməsini, həm də Xocalı soyqırımını gündəmə gətiririk, münasibətimizi ortaya qoyuruq. Dünyanın da işğala, qırğına öz münasibətini göstərməli olduğunu deyirik və onlara çağırış edirik. Azərbaycan da bizimlə bağlı məsələlər ortaya çıxanda eyni münasibəti göstərir. Buradan sizin vasitənizlə qardaşlarıma, hörmətli İlham Əliyevə, hörmətli nazirlərinizə təşəkkürümüzü çatdırıram. Onlar da bizimlə bağlı hər hansı bir məsələ gündəmə gələndə eyni münasibəti göstərirlər. Beynəlxalq iclaslarda, konfranslarda bizim masamızın üzərində Qarabağ, Xocalı soyqırımı ən önəmli məsələdir. Biz daim bunları gündəmə gətiririk. Dünyanın da bu məsələdə səssiz qalmasını qınayırıq. Dünyanın vicdanı oyanmalıdır. Yenə deyirəm ki, dünya bunu tanıyıb qəbul edənə qədər də Xocalı bizim ən əsas gündəmimizi təşkil edəcək.

- Bir aydan sonra Türkiyədə parlament seçkiləri keçiriləcək. Siz də Ərzurumdan namizədliyinizi irəli sürmüsünüz. Şanslarınızı necə dəyərləndirirsiniz?

- Millətimiz sağ olsun, 2002-ci ildən bəri bizimlə birlikdə addımlayır. Türkiyənin 2023-cü ildəki hədəflərini müəyyənləşdirmişik. 2023-cü ildə həm də cümhuriyyətimizin yaradılmasının 100 ili tamam olur. 1071-ci ildə baş vermiş Malazgirt savaşından sonra Anadoluya girişimizin 1000 illiyidir. Bu hədəflərə, bu tarixlərə yaraşacaq səviyyədə iqtisadi, sosial, siyasi inkişafımızı təmin edəcəyik. Biz hədəflərimizi müəyyənləşdirdik. Millətimiz də bizimlə birlikdə bu hədəflərin arxasındadır. Bizim bir xüsusiyyətimiz də odur ki, biz millətə nə lazımdırsa, onu da etməyə hazırıq. Amma bir qisim müxalifət partiyaları var ki, onlar həmişə danışırlar, amma heç nə etmirlər. Bizdən əvvəl gəlmişdilər. Koalisiya hökumətlərini, iqtidarlarını görmüşdük. Millətimiz öz istiqamətini müəyyənləşdirib. Mən çox yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Qutudan yenə də çox güclü bir iqtidar çıxacaq və biz yolumuza davam edəcəyik. Biz iqtidarın nə demək olduğunu çox yaxşı bilirik. Türkiyədəki problemlərin həlli istiqamətində əlimizdən gələni edirik. İstanbulda 3-cü böyük hava limanını inşa edirik. Gəzi hadisələrini törətdilər. Türkiyənin inkişafını baltalamaq istəyirlər. Amma biz bunların fərqindəyik və qarşısını dərhal alırıq. Hazırda dənizin altından qatar keçir. Artıq dənizin altından magistral yol çəkməyə hazırlaşırıq. Çox böyük layihələrimiz var. Bunlar Türkiyənin inkişafını təmin edəcək layihələrdir. Bu dəfə hədəfimizi müəyyənləşdirmişik ki, dünyanın inkişaf etmiş 10 ölkəsinin siyahısına daxil olaq. Ərzurum, Qars, Ərdahan, Bayburtu Türkiyənin ən inkişaf etmiş vilayətləri sırasına daxil etmək niyyətindəyik. İnkişaf – bu, bizim hədəfimizdir. Bunları da etmək üçün Azərbaycanla güclü ticarət əlaqələri yaratmalıyıq. Daha tez-tez gedib-gələcəyik. Bunları edəcəyik. Biz hədəflərimizə Azərbaycanımızla birlikdə çatacağıq.