“Kitabi-Türkmən lisani” oğuznaməsi  “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsidirmi?! - 3-cü yazı  Ədəbiyyat

“Kitabi-Türkmən lisani” oğuznaməsi  “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsidirmi?! - 3-cü yazı 

Fikrimizi daha aydın və sadə şəkildə izah etməyə çalışaq. Məsələn, aşıq bir dastanı 7 gecəyə də danışa bilər, 1 günə də. O, məclisdən, zamandan, şəraitdən və s. asılı olaraq mətni genişləndirib-qısalda bilir. Lakin bu genişlətmə və qısaltmalar ixtiyari seçimə deyil, konkret qanunauyğunluğa əsaslanır. Yəni dastan mətnində dinləyicinin bilmədiyi, ancaq aşığa məlum olan “kontaminasiya düyünləri”, sadə bir ifadə ilə desək, qısaltma-genişlətmə mexanizmləri var. Aşıq mətni məhz bu mexanizmlərin hesabına genişlədib-qısalda bilir. Yoxsa, ixtiyari əməliyyatlar aparsa, dastan adlanan mətn öz epik bütölüyünü və estetik cazibəsini itirər. Bu cəhətdən “Kitabi-Dədə Qorqud”un on birinci boyundakı Qazanın söylədiyi 2-ci nəğmə “Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsinin kontaminativ işarəsi, yaxud düyünüdür. Yəni nəğmə bütün hallarda həmin əhvalat-süjetə işarə verməklə məhz onu bildirir. Bu, o deməkdir ki, “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsi “Kitabi-Dədə Qorqud”un 11-ci boyundakı nəğmənin alt qatı, kontaminativ potensiyası, əlavəsidir. Başqa sözlə, 11-ci boyu söyləyən ozan zaman, şərait, auditoriya və s. asılı olaraq bu süjeti on birinci boyun tərkib hissəsi kimi söyləyə də bilər, söyləməyə də. Beləliklə:
1. “Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsi “Kitabi-Dədə Qorqud”un 11-ci boyundakı nəğmənin kontaminativ düyünü kimi məhz həmin boyun içinə daxildir və bir düyün-əlavə kimi heç bir halda eposun 12-lik sistemini dağıdan 13-cü boy ola bilməz.
2. “Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsi bilavasitə yazılı abidə olan “Kitabi-Dədə Qorqud”un deyil, şifahi “Dədə Qorqud” eposunun kontaminativ əlavəsidir. Çünki “Kitabi-Türkmən lisani” də, “Kitabi-Dədə Qorqud” da bütün hallarda şifahi “Dədə Qorqud” epos nüvəsinin yazılı törəmələri – paradiqmalarıdır. Yəni “Kitabi-Türkmən lisani” birbaşa yazılı “Kitabi-Dədə Qorqud” dastanının deyil, məhz şifahi “Dədə Qorqud” eposunun Türkman/Türkmən epoxasındakı davamıdır. Bu halda o, heç bir şərtlər daxilində yazılı “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması ola bilməz.
Buraya qədər “Kitabi-Türkmən lisani” oğuznaməsi ilə “Kitabi-Dədə Qorqud” dastanı arasındakı əlaqələrdən danışarkən “epos”, “dastan”, “şifahi dastan”, “yazılı dastan” terminlərindən çox istifadə etdik. Bunun səbəbi onunla bağlıdır ki, “üçüncü əlyazmaçılar” məhz bu anlayışların məna sahə və sərhədlərini bir-birinə ya bilərəkdən, ya da bilməyərəkdən qarışdıraraq bir absurd teatrı yarada bilmişlər.
Maraqlıdır ki, Türkiyə sahəsi tədqiqatlarda şifahi “Dədə Qorqud” eposu və dastanı ilə yazılı abidə olan “Kitabi-Dədə Qorqud” çox vaxt fərqləndirilmir, elə eyni bir şey kimi təqdim olunur. Halbuki bunların fərqləndirilməsi son dərəcə vacib məsələdir. Çünki sözü gedən mutasiya məhz bu termin-anlayışlara etinasızlıqdan, yaxud onları bir-birinə qarışdırmaqdan irəli gəlib.
Epos – etnosun milli təfəkkür tərzini bütünlükdə əhatə edən epik düşüncə sistemidir. Akademik Nizami Cəfərov yazır ki, “epos”, sadəcə, dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan – potensiyasıdır. Onu tam halında bərpa etmək mümkün deyil, mövcud mənbələr əsasında yalnız təsəvvür etmək mümkündür ki, həmin təsəvvür ideya-estetik, poetexnoloji, linqvistik və s. komponentlərin üzvi vəhdətindən ibarətdir.
Mərhum prof. Məhərrəm Cəfərli alimin bu fikrini şərh edərək yazır: “N.Cəfərovun epos haqqındakı bu fikri mürəkkəb məzmuna malikdir və müasir dövrdə dastana baxışın əsasında durur. Beləliklə, epos anlayışı (N.Cəfərova görə – R.Q., S.R.) aşağıdakı məzmunu əhatə edir:
a) Epos xalqın dastan potensiyasıdır...
b) Eposda dastançılığın bütün süjetləri və motivləri cəmlənir...
c) Epos xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edir...”
“Epos” anlayışı, ümumən üç məna səviyyəsini əhatə edir:
1. Paradiqmatik səviyyə: etnosun gerçəklik haqqında epik təsəvvürlər sistemi – epik dünya modeli;
2. Sintaqmatik səviyyə: epik dünya modelini gerçəkləşdirən sözlü mətn – dastan;
3. Janr səviyyəsi: bütün epik janrları birləşdirən sistem.
Beləliklə, “epos” – milli epik düşüncə sistemi, “dastan” – onu bədii söz kodu səviyyəsində gerçəkləşdirən mətndir. Bu halda “Dədə Qorqud” Oğuz milli düşüncə sistemini bütövlükdə əhatə edən eposdur. Onun tarixən iki məna paradiqması var:
1. Şifahi “Dədə Qorqud” dastanı: Bu, “Qorqud Ata” mifik nüvəsindən başlanan, Oğuz epoxasından keçən və oğuzların milli xalqlara diferensiasiya etdiyi dövrə qədər davam edən və sonra milli eposlara transformasiya olunan epik ənənədir.
2. İki nüsxədən (Drezden və Vatikan) ibarət yazılı “Kitabi-Dədə Qorqud” dastanı: Bu, şifahi “Dədə Qorqud” dastanının konkret məkan-zaman nöqtəsində yazılı şəkildə qeydə alınmış şəklidir.
Şifahi “Dədə Qorqud” dastanı minillər boyunca dəyişərək inkişaf etmiş, “Kitab-Dədə Qorqud” dastanı isə öz inkişafını donduraraq, əlyazma şəklində daşlaşıb.
Həm “Kitabi-Dədə Qorqud” dastanı, həm də “Kitabi-Türkmən lisani” oğuznaməsi bilavasitə şifahi “Dədə Qorqud” eposunun yazılı şəkilləridir. Ən başlıcası, “Kitabi-Dədə Qorqud” bir dastan olduğu halda, “Kitabi-Türkmən lisani” öz funksional tipologiyasına görə dastan yox, Türkman/Türkmənlərin ezoterik-müqəddəs kitabıdır. Yəni “Kitabi-Dədə Qorqud” dastanındakı Oğuz igidlərinin qəhrəmanlığından bəhs edən boylar ozanlar tərəfindən geniş publika qarşısında ifa olunan bədii-estetik funksiyalı mətnlər olduğu halda, “Kitabi-Türkmən lisani” oğuznaməsi baxşı/ozanlar tərəfindən ancaq “40-lar”(“40 şagird”) məclisində oxunan və 40 neofit tərəfindən öyrənilən, mənimsənilən, əsasında “bəy-igidlik” imtahanı verilən “ərgənlik bitiyi”, “inisiasiya kodeksi”, başqa sözlə, “ağa” statusunda olan subyektlərin “bəy-igid”, “alp-ərən” statusuna keçirilmə ritualının ezoterik/batini “törə kitabıdır”.
Əgər “üçüncü əlyazmaçılar” affektiv-emosional durumlarından qurtulub, mətni tələsmədən oxuya və soyuq başla düşünə bilsə idilər, o halda funksional struktur tipologiyası baxımından “Kitabi-Dədə Qorqud” dastanından tam fərqli olan “Kitabi-Türkmən lisani” oğuznaməsini onun üçüncü nüsxəsi, yaxud üçüncü əlyazması olması qərarını verməzdilər.
Qeyd edək ki, bu abidələr arasındakı tipoloji fərqi “Kitabi-Türkmən lisani”ni “Günbət əlyzaması” adı altında çapa hazırlayan tərtibçilər kollektivi də müşahidə etmişdir: “Dədə Qorqud kitabı”nın əldə olan əlyazmalarının öyrənilməsi mövcudluğu bizdə heç bir şübhə doğurmayan “Dədə Qorqud” əlyazmalarının ortaq qaynaqlarının olduğunu sübut etdiyi kimi, ayrıca yazılı və sözlü mənbələrə malik olduqlarını da göstərir. Bu baxımdan, Drezden və Vatikan əlyazmaları birlikdə bir qolu təşkil etdikləri halda, Günbət əlyazması daha qısa bir mətn olmasına baxmayaraq, hal-hazırda təkbaşına başqa bir qolu təmsil edir.”
Tərtibçilər kollektivi sözü gedən əlyazmanın başqa əlyzamalarla əlaqəsi və Oğuz dastanları içərisindəki yerindən bəhs edərkən eyniləşən məqamları (mövzu, deyim, parça və s.) göstərdikləri kimi, fərqlərə də diqqət yetiriblər. Onlar yazırlar:
– Günbət əlyazması tərtibat baxımından ağırlıq etibarilə soylar (Soylamalar nəzərdə tutulur: əlyzamada həmin parçalar “soy” adlandırılır – R.Q., S.R.) əsasında qurulub.
– Drezden və Vatikan əlyazmaları məzmun baxımından birləşdiyi halda, Günbət əlyazmasında bunlarda olmayan parçalar, mövzular və şəxslər və s. məlumatlar yer alıb.
– Günbət əlyzamasında dil xüsusiyyətləri baxımından şərqi türkcəyə aid sözlər və az miqdarda da olsa, formal xüsusiyyətlərini daha çox saxlamış moğolca elementlər var. Drezden və xüsusilə Vatikan əlyazması qədim Oğuz türkcəsinin Anadolu sahəsinə yaxınlaşdığı halda, Günbət əlyzamasının xüsusilə ikinci qatı Oğuz türkcəsinin Azərbaycan və İran sahəsinə yaxınlaşmaqdadır.
– Yazı baxımından Günbət əlyzaması Oğuz türkcəsinin Anadolu sahəsində yazılan əsərlərdən ayrılaraq, bir çox nöqtədə şərqi türkcənin yazı ənənəsinə yaxınlaşır... Ancaq şərqi türkcə ilə yazı üslubu kontekstində təsbit edilən bu yaxınlıq tam olmayıb, məlum əlyazmalarda da Anadolu sahəsindəki yazı üslublarının istifadə edildiyi görünür.
Göründüyü kimi, tərtibçilər kollektivi “Kitabi-Türkmən lisani”ninin “Günbət əlyzaması” adlandırdıqları mətni ilə “Kitabi-Dədə Qorqud”un nüsxələri arasında iki fərq layı aşkarlamışlar:
1. Poetik struktur və mətn tipologiyası fərqləri;
2. Dil-üslub fərqləri.
Alimlər kollektivinin dəqiq şəkildə müşahidələrindən göründüyü kimi, “Kitabi-Türkmən lisani”ni ilə “Kitabi-Dədə Qorqud” poetik struktur və mətn tipologiyasına görə tamamilə fərqli mətnlərdir. “Kitabi-Türkmən lisani”ni mətn strukturu istər onu təşkil edən elementlərin özü, istərsə də həmin elementlərin düzümü baxımından “Kitabi-Dədə Qorqud”un mətn strukturu ilə heç bir halda üst-üstə düşmür. Yəni bu əlyzama mətnləri tam fərqli poetik struktur tipologiyalarına malikdir və bu mənada “Kitabi-Türkmən lisani” heç bir halda “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi və əlyazması hesab oluna bilməz.
Digər tərfdən,“Kitabi-Türkmən lisani” ilə “Kitabi-Dədə Qorqud” arasında onların hər ikisinin “Oğuz kağan” nüvəsinə bağlılıqları səbəbindən müəyyən ortaq motiv və obrazların olmasına baxmayaraq, “Kitabi-Türkmən lisani”abidəsi “Kitabi-Dədə Qorqud”dan fərqli obraz və motivlər “qalereyasına” malikdir. Halbuki “Kitabi-Türkmən lisani”nin “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi və əlyazması sayılması üçün bu əlyazmaların motivlər “qalereyasının” müəyyən tənasüblərdə bir-birinin eyni olması, bir-birinin kopyası olması lazımdır. Belə bir eyniləşmənin olmadığı şəraitdə “üçüncü əlyazama” söhbəti tamamilə yersiz və qeyri-elmi yanaşmanı ifadə edir.
Dil xüsusiyyətlərinə gəldikdə bildirmək istərdik ki, biz professional dilçilərin səlahiyyət dairəsinə girməyi özümüz üçün artıq hesab etsək də, tərtibatçılar kollektivinin də təsbit etdikləri dil-üslub fərqləri bizə yenə də “mətn tipologiyası” baxımından müəyyən nəticəyə gəlməyə imkan verir. Bu cəhətdən, “Kitabi-Dədə Qorqud”un dili Oğuz epoxasının dili olduğu halda, “Kitabi-Türkmən lisani”nin dili posoğuz epoxasının, yəni Türkman/Türkmən dilini nümayiş etdirir. Başqa sözlə, “Kitabi-Türkmən lisani” dil xüsusiyyətləri (tipologiyası) baxımından da bilavasitə “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi və əlyazması deyil.
Beləliklə, müəlliflər kollektivi “Günbət əlyazması” adlandırdıqları “Kitabi-Türkmən lisani”nini tamamilə haqlı olaraq arxaik “Oğuznamə” ənənəsi ilə əlaqələndirirlər. Lakin onlarla razılaşmadığımız yeganə əsas məqam ondan ibarətdir ki, doğru olaraq “Oğuz dastanının başqa bir parçası” hesab etdikləri bu oğuznaməni nə üçünsə məhz yazılı abidə olan “Kitabi-Dədə Qorqud”un “fərqli məlumatlara malik” yeni bir əlyazması hesab edirlər.

Ramazan QAFARLI
filologiya üzrə elmlər doktoru, professor

Seyfəddin RZASOY
filologiya üzrə elmlər doktoru, professor