“Pakistan yeganə dövlətdir ki...” Siyasət

“Pakistan yeganə dövlətdir ki...”

Xalid Usman Qeysər: "Ermənistanı dövlət kimi tanımır"

Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Xalid Usman Qayser dünən mətbuat konfransı keçirib. Xalid Usman Qeysər deyib ki, Azərbaycan, Türkiyə, Pakistan üç fərqli ölkələr olsalar da, bir millətdirlər. O deyib ki, iki ölkə arasında çox yüksək səviyyədə siyasi əlaqələr var və iqtisadi sahədə əlaqələri də bu səviyyəyə çatdırmaq lazımdır. Səfir Azərbaycan Prezidentin Pakistan dövlətinə və xalqına qarşı böyük hörməti olduğunu bildirib: "Pakistanda da İlham Əliyevi çox sevirlər. Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana çox güclü dəstək verir. Yeganə ölkəyik ki, bir dövlət kimi Ermənistanı tanımırıq. Rəsmi İslamabad bu dəstəyə görə qarşı tərəfin əks təbliğatı ilə üzləşir". Qeysər Azərbaycanın Kəşmir məsələsində verdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb. Diplomat Dağlıq Qarabağ məsələsi ilə Kəşmir problemi arasındakı oxşarlıqdan danışıb: "Birincisi Qarabağ kimi Kəşmir də qanunsuz işğal olunub, ikincisi insan hüquqları pozulub. Digər oxşarlıqlara gəlincə beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasını qeyd etmək olar. Kəşmir məsələsinə dair uzun müddət əvvəl qəbul edilmiş qətnamələr hələ də yerinə yetirilməyib. Başqa oxşarlıq isə işğal olunmuş ərazilərdə demoqrafik dəyişikliklərdir. Kəşmirdə də davamlı insan hüquqlarının pozulmasını izləyirik. Yüz mindən çox kəşmirli qətlə yetirilib. Qeyri-rəsmi məlumatlara görə, insan itkisi daha çoxdur. Beynəlxalq təşkilatlar bu haqsızlıq qarşısında susur, buna baxmayaraq Pakistan məsələnin danışıqlar yolu ilə həllinə üstünlük verib. Bu münaqişənin müharibə yolu ilə həlli yoxdur". Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllinə əlavə hansı dəstəyi verə bilməsinə gəlincə, diplomat bildirib ki, bununla bağlı Pakistan qanunverici orqanında müvafiq qətnamələr qəbul olunub və həmin sənədlərdə Ermənistanın işğalı pislənilib. O, həmçinin əlavə edib ki, Pakistan bütün beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək. İslam Konfransı Təşkilatında da Azərbaycana hər zaman güclü dəstək verib. Kəşmir və Dağlıq Qarabağ məsələləri arasında oxşarlıqlara toxunan Qayser bildirib ki, Kəşmir və Dağlıq Qarabağ işğal olunub: "İkinci oxşarlıq ondan ibarətdir ki, bu məsələlərdə insan haqları, beynəlxalq hüquq pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmayıb, işğal olunmuş ərazilərimizdə demoqrafik dəyişikliklər edilib. Kəşmirdə davamlı olaraq insan hüquqları pozulur, minlərlə insan girov götürülüb və ya itkin düşüb. Bütün beynəlxalq təşkilatlar bu barədə xəbərdardır, amma heç kim bir söz demir".
İqtisadi əlaqələrdən danışan diplomat deyib ki, bu sahədə əməkdaşlığın inkişafı üçün bəzi təkliflər var, biz bunu müzakirə edəcəyik: "Pakistan tekstili, idman məhsulları çox keyfiyyətlidir. Gələn il Bakıda Birinci Olimpiya İdman Oyunları keçiriləcək. Mən pakistanlı biznesmenləri bu sahəyə cəlb etməyə çalışacağam". Birbaşa reyslərin bərpa oluna bilməsinə gəlincə, səfir deyib ki, hazırda Pakistan aviaşirkəti belə reysləri icra etmək imkanında deyil: "Təklifimiz var ki, Türk Hava Yolları şirkəti İstanbul-Bakı-İslamabad reyslərə başlasın. Hələlik bununla bağlı təkliflər irəli sürmüşük".
O, bildirib ki, Azərbaycanın Pakistandan "JF 1" Thunder" hərbi təyyarələrini alması ilə bağlı niyyəti aydındır və biz bunun üzərində müzakirələr apara bilərİK. Onun sözlərinə görə, bu məsələnin ləngiməsinin siyasi, iqtisadi və texniki aspektləri ola bilər: "Düşünürəm ki, bu il Azərbaycanın və Pakistanın müdafiə üzrə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutacaq. Bir neçə sahə var ki, iki tərəf bir araya gəlib müzakirə etməlidir. Burada iqtisadi amil var. Məsələn, layihənin maliyyələşdirilməsi məsələsi ekspertlər tərəfindən müzakirə olunmalıdır. Həmçinin burada texniki aspekt də var. Əgər mən maşın alıramsa, bilməliyəm ki, yaxınlıqda bir mexanik varmı, ya yox. Ümumilikdə deyə bilərəm ki, əməkdaşlığımız və niyyətlərimiz aydındır. Ümid edirəm ki, bu məsələdə uğur qazanacağıq". Səfir eyni zamanda vurğulayıb ki, Azərbaycanın Pakistanla hərbi sahədə birgə istehsalat müəssisəsini də təsis etmək mümkündür.

Əli