“Azərbaycan ekstremizm və terrorizmin bütün formalarını qəti şəkildə qınayır” Siyasət

“Azərbaycan ekstremizm və terrorizmin bütün formalarını qəti şəkildə qınayır”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin İllik Əlaqələndirici görüşündə çıxış edib.

Nazir çıxışı zamanı bir sıra İƏT üzv dövlətlərində baş verən dəyişikliklərin, onların təhlükəsizliklə bağlı artan hədə və problemlərin, həmçinin bir sıra üzv ölkələrdə pisləşən humanitar vəziyyətin dərin narahatlıq mənbəyi olaraq qaldığını bildirib.

"Bu hədə və problemlər, xüsusilə üzv dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı olanlar İƏT çərçivəsində artan həmrəylik tələb edir. Yalnız prinsiplərimizə ciddi sadiq qalmaqla və siyasi yekdilliyi əldə tutmaqla, davamlı sülh, təhlükəsizlik və İslam dünyasının rifahı naminə mühüm qərarların qəbul olunduğu və həyata keçirildiyi qurum kimi İƏT-in təsisatlandırılmasına nail ola bilərik. Ermənistan və Azərbaycan arasında münaqişənin baş verməsindən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərəkətlərinin təcavüz olduğunu açıq elan edib, Azərbaycan əleyhinə güc tətbiqini və ərazilərimizin işğalını mümkün olan ən qəti ifadələrlə mühakimə edib. Fürsətdən istifadə edərək, mən bir daha Azərbaycan xalqı və ilk növbədə qaçqın və məcburi köçkünlərimiz adından İƏT-ə üzv dövlətlərə həmin məsələdə Azərbaycana göstərdikləri dəstək və həmrəyliyə görə səmimi qəlbdən öz təşəkkürümü bildirmək istərdim", - deyə o vurğulayıb.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan qardaş Fələstin xalqına müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə tam dəstəyini bir daha təsdiq edir: "Azərbaycan Yaxın Şərqə sülh və sabitlik gətirəcək və bütün səyləri o sonluğa səfərbər edəcək "iki—Dövlət həll yolu"na sadiqdir.BMT Baş Assambleyası tərəfindən Baş Qərargah və BMT ofislərindəBMT-yə üzv dövlətlərinin bayraqları ilə bərabər qaldırılacaq Fələstin Dövlətinin bayrağı daxil olmaqla, qeyri-üzv müşahidəçi dövlətlərin bayraqlarının qaldırılmasına dair bu yaxınlarda qəbul olunmuş qətnamə Fələstin Dövlətinin BMT-nin tam hüquqlu üzvü olmaq uğrunda qanuni iradəsinin daha bir göstəricisi olub. Keçən bir neçə ay ərzində Bəhreyn, Kamerun, Misir, Küveyt, Nigeriya, Türkiyə və Yəməndə törədilmiş terror aktları bir daha terrorizm əleyhinə mübarizənin ön cəbhəsində olan ölkələr və xalqlar ilə güclü həmrəyliyə, eləcə də gücləndirilmiş beynəlxalq əməkdaşlığa və bu bəlanı aradan qaldırmaq üçün individual və kollektiv səylərə ehtiyacın olduğunu nümayiş etdirib. Biz həlak olmuş şəxslərin ailələrinə, eləcə də terror hücumlarına məruz qalmış dövlətlərin hökumətlərinə və xalqlarına dərin hüznlə başsağlığı veririk".

Nazir həmçinin bildirib ki, Azərbaycan zorakı ekstremizm və terrorizmin bütün təzahür və formalarını qəti şəkildə qınayır. "Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə olunmalıdır. Eyni zamanda terrorizmlə müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəf almaq üçün istifadə oluna bilməz və olunmamalıdır. Bu prinsip hər bir terrorizm əleyhinə strategiyanın bir hissəsi olmalıdır. Biz bir daha İslamofobiyanın həyəcan təbili çalacaq formada artması ilə bağlı dərin narahatlığımızı bildiririk. Bizim dinə qarşı bütün hücumları qəti qınayırıq və onlara ifadə azadlığı bəhanəsi altında hər hansı bir bəraət qazandırmaq cəhdlərini rədd edirik. İslam və müsəlmanlara qarşı nifrət aşılayan səhv mənfi rəylərin yaranmasını dayandırmaq üçün səylərimizin daha da gücləndirilməsi tələb olunur", - deyə o vurğulayıb.

Nazir çıxışının yekununda qeyd edib ki, Azərbaycan İƏT-in proqramlarını və təşəbbüslərini dəstəkləyir, İƏT-in Onillik Fəaliyyət Proqramı və onun əsasında nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir: "Bu xüsusda, biz gələn onillik ərzində həyata keçiriləcək yol xəritəsi ilə bizi təmin edəcək "İƏT-2025: Fəaliyyət Proqramı"nın ən qısa müddətdə qəbul olunmasını səbirsizliklə gözləyirik".