“Neft müqavilələrinin imzalanması Azərbaycanın mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı” Siyasət

“Neft müqavilələrinin imzalanması Azərbaycanın mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı”

“Atəşkəsdən bir neçə ay sonra 1994-cü il sentyabr ayının 20-də Ulu Öndər Heydər Əliyevin neft strategiyasının onurğa sütunu hesab olunan "Əsrin müqaviləsi” imzalandı. 8 ölkənin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib. Onun sözlərinə görə, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı: “Daha sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi Azərbaycanın iqtisadi müstəqilliyində həlledici rol oynadı. Bu layihələrin o dövrün çətin beynəlxalq şəraitində həyata keçirilməsi Heydər Əliyev dühasının Azərbaycana bəxş etdiyi əvəzsiz töhfələrdir.
Neft müqavilələrinin imzalanması və həyata keçirilməyə başlanması, o cümlədən yeni transmilli neft və qaz ixrac boru kəmərlərinin inşası Azərbaycan iqtisadiyyatının inkişafının hərəkətverici qüvvəsi kimi çıxış etməklə yanaşı, onun xarici siyasətinin səmərəliliyinin yüksəldilməsində və beynəlxalq münasibətlər sistemində səsi eşidilən və hesablaşılan dövlət kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı. Bu isə Azərbaycanın Ermənistanın işğal siyasəti baxımından Qarabağ münaqişəsində haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq dəstək qazanması üçün uyğun şərait yaratmışdır.
Ulu Öndərin uzaqgörənliyi və müdrik siyasəti 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük zəfərə aparan yolun təməlini qoyub”.