Parlamentin ilk iclası keçirildi Siyasət

Parlamentin ilk iclası keçirildi

Oqtay Əsədov yenidən Milli Məclisin sədri seçilib

Dünən Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.
İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
İclasa sədrlik edən Fəttah Heydərov deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.
Sonra Fəttah Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub və çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verib.
Dövlətimizin başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib.
İclasın sədri Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan edib. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq ediliblər.
Sonra Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürülüb.
Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirib.
Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verbib.
Gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyinin lehinə səs verib. Beləliklə, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilib.
Milli Məclisin sədri Oqtay Əsədov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Sonra Milli Məclis sədrinin müavinləri seçilib.
Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçiliblər.
Daha sonra Milli Məclis komitələrinin sədrləri seçiliblər.
Əli Hüseynli Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli əmək və sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, İsa Həbibbəyli elm və təhsil komitəsinin, Rafael Hüseynov mədəniyyət komitəsinin, Bahar Muradova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov yeni yaradılan səhiyyə komitəsinin, Aqiyə Naxçıvanlı yeni yaradılan ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov yeni yaradılan ictimai birliklər və dini qurumlar komitəsinin, Fuad Muradov yeni yaradılan gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər.
Bununla da beşinci çağırış Milli Məclisin birinci iş günü başa çatıb.