“Bu, islam mədəniyyətinə qarşı terrordur” Siyasət

“Bu, islam mədəniyyətinə qarşı terrordur”

Prezident İlham Əliyev: "ATƏT-in işğal olunmuş ərazilərə göndərdiyi missiya bu ərazilərdə hər şeyin, o cümlədən 10 məscidin dağıdıldığını müəyyən edib"


"ISESCO Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. ISESCO dünya miqyasında önəmli təşkilata çevrilib".
Bunu dünən Bakıda keçirilən ISESCO Baş Konfransının XII sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, ISESCO son illərdə İslam aləmində elm, təhsil və mədəniyyət sahələrində böyük uğurlara nail olub: "Azərbaycan ISESCO-nun fəal üzvlərindən birinə çevrilib. İndiyə qədər təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib".
Prezident İlham Əliyev deyib ki, ISESCO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib: "Buna görə təşkilatın direktoru Әbdülәziz Osman Әl Tüveycriyə minnətdarlığımı bildirirəm".
Dövlət başçısı münaqişənin uzun illərdir davam etdiyini bildirib: "Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib: "Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı baş verib. Ermənistan beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, münaqişənin yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunması vacibdir".
Prezident İlham Əliyev bildirib ki, ATƏT-in işğal olunmuş ərazilərə göndərdiyi missiya bu ərazilərdə hər şeyin, o cümlədən 10 məscidin dağıdıldığını müəyyən edib: "Bu, vəhşilikdir, bu, islam mədəniyyətinə qarşı terrordur".
Prezident İlham Əliyev islamın sülh dini olduğunu vurğulayıb və qeyd edib ki, son illərdə bəzi Qərb dairələrində islamın terrorla əlaqələndirilməsi düzgün deyil.
Dövlət başçısı deyib ki, Azərbaycan islamafobiya ilə mübarizə aparır: "Azərbaycan xaricdə islam mədəniyyətinin təbliğinə böyük önəm verir. Azərbaycan dinlər və mədəniyyətlər arası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycan islam həmrəylinin gücləndirilməsi, islam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir".
Prezident İlham Əliyev bildirib ki, ISESCO-nun fəaliyyət dairəsinə daxil olan sahələr Azərbaycanda inkişaf edir: "Azərbaycanda elm, təhsil və mədəniyyət sahələrində böyük layihələr həyata keçirilir".
Dövlət başçısı qeyd edib ki, bu il tarixdə ilk dəfə Bakıda Birinci Avropa Oyunları keçirilib: "2017-ci ildə isə Bakı İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu, tək idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisidir. Ölkəmiz dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq içərisində yaşamasına töhfə verir".
Prezident İlham Əliyev vurğulayıb ki, ISESCO-nun fəaliyyətinin gücləndirilməsində və ikitərəfli inkişafında Osman Әl Tüveycrinin böyük rolu var.