“Rusiya üçün növbədə Gürcüstan və Azərbaycandır” Siyasət

“Rusiya üçün növbədə Gürcüstan və Azərbaycandır”

ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornel: "Vaşinqton təcili Cənubi Qafqaz dəhlizinin təhlükəsizliyi üçün hərəkətə keçməlidir"

Rusiya prezidenti Vladimir Putinin neoimperialist siyasəti dünya mətbuatının və ekspertlərin gündəmini zəbt edib. Xüsusilə Moskvanın Avropa İttifaqı ilə əməkdaşlıq kursu seçən Ukraynanı cəzalandırması və Krımı özünə birləşdirməsi, bununla da kifayətlənməyərək bu ölkənin şərqinə hərbi müdaxiləyə hazırlaşması beynəlxalq ictimaiyyətin narahatlıqlarını artırıb. Artıq Kreml keçmiş SSRİ-nin bərpası üçün düyməyə basıb və Qərbin postsovet ölkələrindəki maraqlarını açıq hədəfə alıb.
Ukraynada baş verənlərin fonunda Cənubi Qafqaz regionu da dünyanın diqqət mərkəzinə çevrilib. Rusiyanın təcavüzkar siyasətini və Putinin "Avrasiya İmperiyası" yaratmaq planlarını şərh edən ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornel bildirib ki, Ukrayna və Cənubi Qafqaz Moskvanın bu strategiyasını həyata keçirmək üçün önəmli regionlardır: "Putin Belarusdan Tacikistana kimi imperiya yaratmaq niyyətindədir. ABŞ təcili Cənubi Qafqaz dəhlizinin təhlükəsizliyi üçün hərəkətə keçməlidir. Ukraynanın taleyi ilə Cənubi Qafqaz regionu bir-biri ilə sıx bağlıdır".
Amerikalı politoloqun fikrincə, Putin Ukraynanı ram etməklə kifayətlənməyəcək: "Rusiya Qərbə və NATO-ya qarşı mübarizə aparır. 2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxiləni NATO-nun təsir qüvvəsinin genişləndirilməsinin qarşısını almaq üçün həyata keçirmişdi".
Svante Kornel Rusiyanın artıq çoxdan Ermənistan üzərində nəzarəti möhkəmləndirdiyini xatırladıb və deyib ki, növbədə Gürcüstan və Azərbaycandır. Onun sözlərinə görə Putin bu planını həyata keçirmək üçün hər iki ölkədəki rusiyameyilli müxalifəti maliyyələşdirir: "Rusiya Ermənistanda olan hərbi bazalarından istifadə edərək Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandıra bilər. Gürcüstan isə Rusiya ilə Ermənistanda yerləşən rus hərbi bazalarının arasında yerləşir. Bu, çox təhlükəlidir. Azərbaycan NATO-ya üzv olmağa tələsmir, lakin Vaşinqton sözügedən məsələ ilə bağlı danışıqlara başlamalıdır. ABŞ prezidenti Barak Obama Gürcüstanı NATO-ya üzv etmək üçün tələsməlidir".