Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Azərbaycanın qlobal problemlərin həlli istiqamətində səylərini alqışlayıb Siyasət

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Azərbaycanın qlobal problemlərin həlli istiqamətində səylərini alqışlayıb

Azərbaycan təcili olan məsələlərə baxılmasında təşəbbüskardır.

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Bakıda COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanın qlobal problemlərin həlli istiqamətində göstərdiyi səyləri alqışlayıram. Hazırkı dövrdə bir sıra qlobal çağırışlar, problemlər mövcuddur və Qoşulmama Hərəkatı kimi platforma bu mövzuların müzakirəsi və həlli istiqamətində rol oynayır”, - deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.