Vüqar İskəndərov: Ermənipərəst Samanta Poverin rəhbərlik etdiyi USAİD-in Azərbaycanda fəallaşmağa çalışması təsadüfi deyil Siyasət

Vüqar İskəndərov: Ermənipərəst Samanta Poverin rəhbərlik etdiyi USAİD-in Azərbaycanda fəallaşmağa çalışması təsadüfi deyil

“Dünyadakı bəzi hüquq-müdafiə təşkilatları sadəcə, müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq göstərmək üçün bəlli xarici güclərin sifarişlərini yerinə yetirilər. Bu cür təşkilatlar vasitəsilə müstəqil siyasət yürüdən ölkələrin daxilində “beşinci kolon” formalaşdıran xarici bəlli dairələr, zaman gələndə bundan qara məqsədlər üçün istifadə edirlər. Bu baxımdan bu təşkilatları bir növ troya atına bənzətmək olar”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Ətraflı
Deputat bildirib görə, USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumların fəaliyyəti deyilənlərə əyani sübutdur: “Kimsəyə sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar ölkəmizdə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diqtə etmək, güzəştlərə nail olmaq üçün istifadə ediblər. 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub”.

Vüqar İskəndərov qeyd edib ki, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər və onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirilər: “Azərbaycan dövləti sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənlərinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaradıb. Lakin təcrübə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub. Məhz bu cür milli mənafeyə ziddi fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alındı. Hələ də ABŞ-ın maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir. Əvvəlcə Qərbin, sonra Rusiyanın, daha sonra isə İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. Ermənipərəst Samanta Poverin rəhbərlik etdiyi USAİD-in Azərbaycanda fəallaşmağa çalışması təsadüfi deyil”.

Deputat hesab edir ki, 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərən USAİD-in hazırda yenidən fəallaşmağa cəhd göstərməsi bəzi suallar yaradır: “Suallar ifadəsini təsadüfən işlətmədim. Məsələ burasındadır ki, rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan (halbuki bu missiyaya nə qədər sadiq qalındığının özü də başqa bir müzakirə mövzusudur) bu təşkilatın, o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funsksiyasını yerinə yetirmək gücündədir. O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə nə ehtiyac var? Təşkilat Azərbaycan kimi inkişaf etmiş dövlətə sərf etdiyi vəsaiti həqiqətən ehtiyac olan ölkələrə, məsələn yardıma möhtac Ermənistana xərcləsə, daha məntiqli olar. Deməli ki, USAİD-in və bu təşkilatın arxasındakı bəlli güclərin məqsədi bəllidir. Lakin onlar bilməlidirlər ki, indi Azərbaycan dövləti də, Azərbaycan cəmiyyəti də 1991-ci ildəki deyil. Dövlətimiz güclü, xalqımız isə qaranı ağdan seçməyi bacaran xalqdır”.