Şuşanın azad olunmasından sonra Şuşada ən böyük tarixi hadisə bəyəmnamənin imzalanmasıdır – EMİN HƏSƏNLİ Siyasət

Şuşanın azad olunmasından sonra Şuşada ən böyük tarixi hadisə bəyəmnamənin imzalanmasıdır – EMİN HƏSƏNLİ

Şuşa bəyannaməsinin imzalanmasının 2 il tamam olmasına sayılı günlər qalıb. 15 iyun 2021-ci ildə Şuşada imzalanan bəyannamə Türkiyə-Azərbaycan müttəfiqliyini ən yüksək səviyyəyə qaldırdı.

Bu fikirləri Herbiand.az-a “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

“Müqavilə imzalananda Prezident İlham Əliyev bu müqavilənin Qars müqaviləsinin imzalanmasının 100 illiyi ərəfəsində imzalandığını bildirdi. Qars müqaviləsi Mustafa Kamal Atatürkün rəhbərliyilə yeni qurulan Türkiyə ilə Rusiya arasında imzalanmışdı. Bu müqavilə Naxçıvanın təhlükəsizliyinin təminatı, Türkiyənin Gürcüstan, Ermənistan və Azərbaycanla sərhədlərinin müəyyən olunması, eyni zamanda Türkiyənin yeni yaranan dövləti üçün çox önəmli idi”.

Emin Həsənli hesab edir ki, Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqliyinin bütün sahələri ən yüksək səviyyəyə qaldırdı, beynəlxalq, diplomatik, təhsil, elm, mədəniyyət, iqtisadiyyat və xüsusilə də hərbi sahədə əməkdaşlığın dərinləşmiş formasıdır:

“Təsadüfü deyil ki, Şuşa bəyannaməsində Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”-, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”-, ifadələri öz əksini tapıb. Bəyanat bu iki liderin kəlamları əsasında imzalanıb. Müqavilənin Azərbaycan və Türk dünyası üçün mühüm olan Şuşa şəhərində imzalanması önəmli hadisədir. Şuşanın azad edilməsi, müqavilənin hazırlanması, ora ilk olaraq digər ölkə rəhbərlərindən fərqli olaraq Rəcəb Tayyib Ərdoğanın gəlməsi tarixi hadisə idi”.

Birlik sədri müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq çox önəmli olduğunu da bildiri:

“Qarabağın azad edilməsində biz Türkiyə istehsalı olan PUA-ların rolunu gördük. Son zamanlar Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə silahlarının 80 %-ni özü istehsal edir. Bu hal Azərbaycan üçün sevindiricidir.

Müdafiə sənayesi, ordu quruculuğu sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet sahədir. Cənab prezident ordunun Türkiyə modelinə keçməsini qarşıya məqsəd qoyub. Son vaxtlar bu məqsəd üçün xeyli işlər görülüb. Bu da Şuşa bəyannaməsindən irəli gələn müddəalardır. Şuşa bəyannaməsi Azərbaycana qarşı yenidən baş qaldırmaq istəyən işğalçılara cavabdır. Şuşa bəyannaməsinin çox böyük əhəmiyyəti var.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra bərpa işlərində Türkiyə ilə əməkdaşlığımız təqdirəlayiq addımdır. Füzuli və Zəngilan hava limanlarının açılışında Rəcəb Tayyib Ərdoğan da iştirak etmiş, bundan əlavə Zəngəzur dəhlizi üçün yolun təməli qoyulub. Yolun Azərbaycan hissəsində həm dəmiryolu, həm də magistral yolun çəkilməsi sürətlə davam edir. Yaxın zamanda bu yol fəaliyyətə başlayacaq. Bu yol Türkiyə və Azərbaycanı bir-birinə qovuşduracaq. Türkiyə-və Azərbaycanın münasibətləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev sayəsində yüksək səviyyədədir. Hər iki prezident Şuşa bəyannaməsini yüksək qiymətləndirib. Bəyannamə son dövrün ən tarixi hadisəsidir. Şuşanın azad olunmasından sonra Şuşada ən böyük tarixi hadisə bu bəyannamənin imzalanmasıdır. Bəyannamə gələcəkdə ölkələrin bütün sahələrdə əməkdaşlığı üçün hüquqi bazadır”.