“Qazaxıstanla müqayisədə Azərbaycanda dini radikalizmlə bağlı vəziyyət daha risklidir” Siyasət

“Qazaxıstanla müqayisədə Azərbaycanda dini radikalizmlə bağlı vəziyyət daha risklidir”

Mübariz Əhmədoğlu: "Bizdə sələfilərlə yanaşı İran da var"

"Hazırda Azərbaycan üçün ən vacib hadisə referendumla bağlıdır". Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Konstitusiya islahatları yerində olan addımdır: "İslahatları ümumi halda götürəndə anlaşılır ki, bu niyə vacibdir. Hakimiyyət vertikalının möhkəmlənməsi vacibdir".
M. Əhmədoğlu hesab edir ki, burada siyasi elita məsələsi də nəzərə alınmalıdır: "Liviya güclü dövlət idi. Amma Qəddafinin hakimiyyətdən getməsi ilə ölkə dağıldı. İraq Səddam Hüseynin gedişi ilə dağıldı. İndi dövlət 3 yerə bölünmək təhlükəsi ilə üz-üzədir".
Politoloq deyib ki, Qazaxıstanla müqayisədə Azərbaycanda dini radikalizm ilə bağlı vəziyyət daha risklidir: "Qazaxıstanda tək sələfilərdir. Bizdə tək sələfilər yox, İran da var".
Politoloq qeyd edib ki, Azərbaycanda keçiriləcək islahatlar heç bir azadlıqlara qarşı deyil, burada əslində destruktiv azadlıqların məhdudlaşdırılmasından söhbət gedir.
M. Əhmədoğlu vurğulayıb ki, Azərbaycanda islahatların keçirilməsini vacib edən məqamlardan biri Türkiyədəki çevriliş cəhdləridir. O qeyd edib ki, Qərbin özündə güclü lider yoxdur. Qərbdə reputasiyası olan tək lider Merkeldir:" Ərdoğan isə güclü liderdir". Politoloq bildirib ki, Türkiyədə dövlət çevrilişinə cəhd edilib. Bundan sonra Ərdoğan çevrilişə cəhd edənləri həbs edib. İndi də Avropa başlayıb ki, insan haqlarını pozursan.
Mübariz Əhmədoğlu əlavə edib ki, Türkiyə Ermənistan sərhədinin açılması məsələsində Ərdoğan hökuməti gözləməli idi ki, Dağlıq Qarabağla bağlı sənəd imzalansın. O qeyd edib ki, münaqişənin həlli ilə bağlı mərhələli həll plan vardı: "Burada əvvəlcə 7 rayonun qaytarılması, sonra Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulurdu. Rusiya Azərbaycanın mövqeyini qəbul edir. Lakin Rusiya 3 mərhələli həll planını irəli sürür". Politoloq bildirib ki, əgər ortada münaqişə ilə bağlı bir sənəd varsa, bu 3 prezident arasındadır. M. Əhmədoğlu hesab edir ki, amma Türkiyə gözlməli idi ki, sənəd imzalansın. Çünki erməni ermənidir. Politoloq hesab edir ki, sərhədlərin açılması məsələsində vaxtından əvvəl addım atmaqla daha böyük ziyan Türkiyənin özünə dəyə bilər: "Bu gün kim deyirsə, Rusiya- Azərbaycan münasibəti öz özünə yaxşılaşıb, bu belə deyil. Bu prezident İlham Əliyevin siyasəti nəticəsində baş tutub. Ermənistan Rusiyanın daxili hissəsidir. Türkiyənin Rusiyanın daxilində nə işi var?" .
Politoloq deyib ki, bizim dövlətimiz ona görə sabitlik adasıdır ki, Prezident belə siyasət aparır: "Biz vəziyyətdən çıxacağıq. Qoy Putin xahiş etsin ki, Ərdoğan sərhədləri aç. Ermənistanda axırıncı proseslər göstərdi ki, orada dövlətçilik yoxdur".
Politoloq İran - Azərbaycan münasibətlərinə də toxunub. O qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra İranla bütün məsələlər həll olundu. Lakin İranda bəzi şəxslər indi yapışıblar Elçibəydən: "Burada İran Şuşa məsələsini nəzərdə tutur. İran Qarabağ müharibəsi zamanı vasitəçilik təklif edəndə qəbul etdik. Amma Şuşa işğal ediləndən sonra İran kimin yanında dayandı?".
Politoloq əlavə edib ki, belə bir fəlsəfə var, tacir keçməyən ərazidən əsgər keçir:"Azərbaycan prezidenti də deyir ki, 3 dövlətin - Azərbaycan, Rusiya və İran sərhədlərindən iş adamları, pul, iqtisadiyyat, tacir keçsin".