“Həmsədrlərin öhdəlikləri var“ Siyasət

“Həmsədrlərin  öhdəlikləri var“

"ATƏT-in Minsk qrupunun üzvü kimi, bizim dəvətimiz həmişə qüvvədədir. Həmsədrlərin dəvət gözləmədən üzv ölkələri məlumatlandırmaq öhdəlikləri var".
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. Səfir bildirib ki, Minsk qrupu həmsədrlərinin bu il iyulun 17-də Ankaraya planlaşdırılan səfəri ölkədə baş verən çevrilişə cəhdlə əlaqədar təxirə salınıb.
Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində sonuna qədər Azərbaycanın arxasındadır: "Türkiyə bu coğrafiyanın bir ölkəsidir və bölgədəki qeyri-stabillik ona da yaxından təsir edir. Xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyi kimi, Azərbaycan hansı həll yollarını özü üçün məqbul biləcəksə, biz də sonuna qədər onu dəstəkləyəcəyik. Türkiyə bu həll yollarının həyata keçirilməsində üzərinə düşən nə varsa, etməyə hazırdır. Türkiyə bu coğrafiyada tam normallaşma gözləyir. Tam normallaşma isə beynəlxalq hüquqa hörmətdən -Ermənistanın bu işğala son verməsindən keçir".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunu amerikalı həmsədri Ceyms Uorlik bu gün APA-ya açıqlamasında həmsədrlərin istənilən vaxt yüksək vəzifəli Türkiyə rəsmiləri ilə görüşmək üçün Ankaraya səfər etməyə hazır olduğunu və konkret tarix üçün dəvət gözlədiklərini deyib.