“Azərbaycanın yanındayıq” Siyasət

“Azərbaycanın yanındayıq”

İsmayıl Alper Coşkun: "Türkiyə olaraq üzərimizə düşən vəzifəni icra etməyə hazırıq"

"Türkiyədə fövqəladə vəziyyətin elan olunması ölkə vətəndaşlarının hüquqlarını məhdudlaşdırmır".
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib.
Səfir qeyd edib ki, Rusiya ilə Türkiyə arasında bir müddət yaşanan problemlərə görə ölkəyə gələn turistlərin sayında geriləmə müşahidə olunur: "Amma artıq iki ölkə arasında olan problem həll olunub, iki tərəfə aviareyslər bərpa edilib. Rusiyalı turistlər artıq Türkiyənin turizm şəhərlərinə səfər edirlər".
Diplomat bildirib ki, Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi turist axınına təsir etməyib. "Hazırda Türkiyədə vəziyyət sabitdir. Fövqəladə vəziyyət Fətullah Gülən hərəkatı ilə mübarizə məqsədi ilə elan edilib", - deyə o vurğulayıb.
İsmail Alper Coşkun deyib ki, Rusiya və Türkiyə arasında münasibətlərin bərpa olunmasında Azərbaycanın hərtərəfli rolu və iştirakı olub.
Səfir bildirib ki, Türkiyə rəsmiləri buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib: "Rusiya ilə münasibətlərimizin arzu etmədiyimiz şəkildə olduğu dövrdə Azərbaycanla yanaşı, bir çox dost və qardaş ölkə hərtərəfli köməyə hazır olduğunu bəyan etdi. Təkrar edirəm ki, bunların başında da Azərbaycan gəlir. Eyni zamanda qeyd etməliyəm ki, bu münasibətlərin nizamlanmasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də mühüm rolu olub".
İsmail Alper Coşkun Türkiyənin Azərbaycanı maraqlandıran bütün mövzularda hər zaman aktiv çıxış etdiyini xatırladıb.
Səfir qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyən qətiyyətli mövqe nümayiş etdirib: "Dəfələrlə bəyan etmişik ki, bu məsələdə hər zaman Azərbaycanın yanındayıq və Türkiyə olaraq üzərimizə düşən vəzifəni icra etməyə hazırıq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu yaxınlarda qeyd etdi ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində təklif etdiyi və razılaşdığı formul nə olacaqsa, Türkiyə də onu dəstəkləyəcək".
Türkiyə səfiri qarşıdakı dövrdə Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım gözlənildiyini deyib.
O qeyd edib ki, hazırda Azərbaycandan Türkiyənin müxtəlif şəhərlərinə, o cümlədən Antalya şəhərinə səfər edən turistlərin sayında artım var: "Türkiyədə həyat artıq çoxdan normallaşıb. Türkiyə və Azərbaycanın son illərdə birgə həyata keçirdiyi işlərə nəzər yetirsək, görərik ki, biz daha da doğmalaşırıq, əməkdaşlığımız inkişaf edir. Eyni zamanda hazırda iki qardaş ölkə olaraq biz digər xarici ölkələrin - Gürcüstan, İran və Türkmənistanın iştirakı ilə gözəl layihələr həyata keçiririk. Rusiya, İran, Azərbaycan və Türkiyənin regional iş birliyini müsbət qiymətləndiririk".