“Ermənistan sülh istəmədiyinə görə...” Siyasət

“Ermənistan sülh istəmədiyinə görə...”

Asim Mollazadə: "Türkiyənin vəsitəçilik təklifini qəbul etmir"

Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün irəli sürdüyü vasitəçilik təklifini qəbul etməyib. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, Türkiyənin münaqişənin həllində edə biləcəyi bir şey yoxdur.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, bu, Ermənistanın hər zaman apardığı siyasətdir: "ATƏT-in Minsk qrupuna həmsədr olan dövlətlərin hamısında çox güclü, zəngin erməni diasporası var. Onlar Ermənistanla münasibətlərini çox mülayim tərzdə qurublar". A. Mollazadə vurğulayıb ki, dünyada və eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı müdafiə edən yeganə ölkə Türkiyə sülhə öz töhfəsini verə bilər: "Amma Ermənistan sülh istəmədiyinə görə, Türkiyənin iştirakını qəbul etmir".
Azərbaycan, İran və Rusiya əməkdaşlığının münaqişənin həllinə necə təsir göstərə biləcəyi ilə bağlı sualı cavablandıran deputat bildirib ki, Ermənistanın yaxın müttəfiqi olan bu ölkələr – Rusiya və İran iqtisadi maraqlarından irəli gələrək onu sülhə vadar edə bilər: "Burada həm Rusiyanın, həm də İranın iqtisadi maraqlarından söhbət gedir. Onlar Azərbaycan ərazisini azad edərək nəqliyyat dəhlizi istiqamətində layihələr həyata keçirə bilər. Bu bir motiv ola bilər ki, Rusiya və İran öz təsiri altında olan Ermənistana müəyyən təzyiq göstərsinlər".