“Böhtanlardan çəkinmirik” Siyasət

“Böhtanlardan çəkinmirik”

Yeganə Mehdibəyli: "Bizim mövqeyimiz hər zaman sabit olub - Azərbaycan dövlətinin və xalqımızın maraqlarına qulluq etmək"

BAXCP-dən istefa verən və istefa bəyanatında bir neçə nəfərin də adını yazaraq onların adlarının qarşısında saxta imza atan İntiqam Salmanov noyabrın 15-də sosial şəbəkədə status paylaşıb. İntiqam Salmanov həmin statusunda Sumqayıt şəhər təşkilatıyla birgə Oğuz, Kürdəmir, Göy-Göl, Ucar, Balakən rayon təşkilatlarından da ayrı-ayrı şəxslərin istefa verdiklərini iddia edir. Bütün baş verənlərə münasibət bildirən BAXCP MNTK-nın sədri Yeganə Mehdibəyli partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada bildirib ki, İntiqam Salmanovun dedikləri həqiqəti əks etdirmir: "Ötən həftə Sumqayıt şəhər təşkilatının bir neçə üzvünün istefasıyla bağlı İntiqam Salmanov tərəfindən partiyaya sənəd daxil oldu. Sənədin araşdırılması MNTK-ya həvalə edildi. Araşdırılma zamanı məlum oldu ki, sənəd yazıldıqdan sonra bir nəfər tərəfindən imzalanıb. Biz bu saxta sənədlə bağlı İdarə Heyətinə MNTK-nın rəyini çıxararaq müraciət etdik ki, saxta sənədin araşdırılması üçün lazimi orqanlara təqdim olunsun.
BAXCP Sumqayıt təşkilatı haqıında isə bunu deyə bilərəm ki, təşkilatın sədri Bəzir İsayev rəhmətə gedəndən bir müddət sonra təşkilatın konfransının keçirilməsi məqsədilə işlər başlandı. Çox yaxın zamanlarda BAXCP Sumqayıt şəhər təşkilatının konfransı( ümumi yığıncağı) keçiriləcək".
Yuxarıda adları hallanan digər rayon təşkilatlarıyla bağlı münasibətini bildirən MNTK sədri qeyd edib ki, Kürdəmir rayon təşkilatının üzvü Rafiq Məmmədov partiyanın siyasi xəttinə uyğun olmayan hərəkətinə görə MNTK-nın rəyi əsaında İdarə Heyətinin qərarıyla yekdil səslə partiya sıralarından xaric edilib: "Qeyd edim ki, səsvermədə partiyanın sabiq baş katibi Sövrab Abdullayev də iştirak edirdi və Rafiq Məmmədovun partiyadan çıxarılmasına səs verdi. Digər adı hallanan rayon təşkilatlarıyla bağlı məlumata gəldikdə isə, həmin şəxslərin partyaya heç bir aidiyyatı yoxdur".
Yeganə Mehdibəyli sonda vurğulayıb ki, BAXCP yaranandan bu yana partiyamız və liderimiz Qüdrət Həsənquliyev hər zaman siyasi təzyiqlərə və böhtanlara məruz qalıb:"Ancaq biz nə bu siyasi təzyiqlərdən çəkinmişik, nə də böhtanlardan. Çünki bizim mövqeyimiz hər zaman sabit olub - Azərbaycan dövlətinin və xalqımızın maraqlarına qulluq etmək, Azərbaycanımızın bütövlüyünün və müstəqilliyinin bərpasına, qorunmasına xidmət göstərmək. Bu amaldan da kimsə bizi döndərə bilməz".